Keçid linkləri

2017-ci ilin yanvar ayında ABŞ-ın Salk İnstitutunda çalışan bir qrup alimin insan-donuz hibridi rüşeymi yaratdığı xəbəri böyük əks-səda yaratdı.

Hadisə barəsində geniş məlumat verilməyinə baxmayaraq bəzi KİV-lər çox şişirdilmiş və həyəcanlı xəbərlər verdi.

Sual yarana bilər ki, alimlər aslan, keçi və ilan xüsusiyyətlərinə sahib Yunan mifoloji varlıqlarından sonra "ximeralar" adlandırılan insan-heyvan hibridlərini nə üçün yaradır?

Məqsəd, yeni və qəribə məxluqlar yaratmaq deyil. Ximeralar heyvanların necə yarandığını və inkişaf etdiyini anlamaq üçün olduqca faydalıdır. Onlar nə vaxtsa insanlara köçürülə biləcək həyat verən orqanlar yaratmaq üçün istifadə edilə bilər.

Potent hüceyrələr

Juan Izpisua Belmonte, Jun Wu və yoldaşları tərəfindən yaradılan ximerik donuz rüşeymlərinin sona qədər inkişafına və insan hüceyrələrinin birdən çox toxumada olmasına imkan verilmirdi.

Ximeralardakı insan hüceyrələrinin həqiqi miqdarı çox az idi və onların varlığı inkişafa mane olurdu. Hər halda, tədqiqat, yeni ümid verən kök hüceyrə araşdırması yolunda ilk addım rolunu oynayır. Lakin eyni zamanda ciddi etik problemlər də yaradır.

Ximera, iki və ya daha çox canlının hüceyrələrindən ibarət olan orqanizmdir və nadir hallarda da olsa, təbiətdə onlara rast gəlinir.

Əntər meymunlar, hələ ana bətnində olarkən əkizlər arasında hüceyrələrin transferi nəticəsində qan və digər toxumalarında ximerliyi tez-tez göstərirlər. Leykemiya müalicəsində tətbiq edilən uğurlu sümük iliyi köçürülməsindən sonra, xəstələr özününkü kimi donorun da sümük iliyi hüceyrələrinə sahib olurlar.

Ximeralar, eyni və ya müxtəlif növlərin erkən embrion hüceyrələrinin birləşdirilməsi yolu ilə laboratoriyada süni şəkildə yaradıla bilər. Ximerik siçanların yaradılması, inkişaf biologiyası, genetika, fiziologiya və patologiya tədqiqatları üçün əsas olmuşdur.

Bu, alimlərə müəyyən genləri aktivləşdirmək və ya söndürməklə hüceyrələri dəyişmək imkanı verən siçan embrional kök hüceyrələrində gen təmiri nailiyyətləri sayəsində mümkün olmuşdur. Ximeraların inkişafında həmin hüceyrələri istifadə etmək bacarığı ilə yanaşı, bu, araşdırmaçılara genlərin sağlamlıq və xəstəliklərə necə təsir etdiyini öyrənmək üçün istifadə edilə bilən heyvanlar yaratmaq imkanı verdi.

Bu texnologiyanın yaradıcıları, apardıqları araşdırmalara görə 2007-ci ildə Tibb üzrə Nobel Mükafatı almış Oliver Smithies, Mario Cappechi və Martin Evans'dır.

Son dövrlərdə, alimlər insan embrionlarından və ya laboratoriyada bədən hüceyrələrindən yaradılmış olan insan pluripotent kök hüceyrələrinin - "ana hüceyrələrin" - ximerik heyvanların toxumalarına kömək etmək qabiliyyətini öyrənməyə başladılar.

İnsan pluripotent kök hüceyrələri (bütün embrional hüceyrələrə çevrilə bilən hüceyrələr) laboratoriyada sərhədsiz olaraq artırıla və siçanlarda olduğu kimi bədənin bütün toxumalarını təşkil edə bilər.

Bir çox araşdırmaçı indi sinir, ürək, qaraciyər və böyrək hüceyrələri kimi insan pluripotent hüceyrələrindən tibbi əhəmiyyətli funksional insan toxumaları yarada biləcəklərini göstərdi.

İnsan pluripotent kök hüceyrələrindən bəhrələnən hüceyrə terapiyası üsulları, onurğa sütunu yaralanması, şəkərli diabet və makulyar (gözün torlu qişasında yerləşən sarı ləkə) degenerasiya kimi xəstəliklərin müalicəsində tətbiq edilmək üçün klinik sınaq mərhələsindədir.

Lakin, 2007-ci ildən bəri heç bir pluripotent kök hüceyrə nümunəsinin olmadığı bəllidir. Hətta, fərqli üsullardan istifadə etməklə, siçan və insanlarda müxtəlif kök hüceyrə tipləri yaradılmışdır.

Bu hüceyrələr embrional inkişafın müxtəlif mərhələlərindəki hüceyrələrə uyğun gəlir və yəqin ki bu səbəbdən - hansı hüceyrələrin mənbəyinin ən yaxşı olduğu sualını doğuraraq - fərqli xüsusiyyətlərə sahib olurlar.

Ximeralar yaratmaq, pluripotent kök hüceyrələrin potensialını müəyyən etmək üçün araşdırmaçılar tərəfindən istifadə edilən qızıl standart olmuşdur. Heyvan kök hüceyrə araşdırmalarında geniş şəkildə istifadə edilərkən, insan pluripotent kök hüceyrələri istifadə edilən ximerik araşdırmalar, insan-heyvan ximeralarında çox az sayda insan hüceyrəsi həyatda qaldığı üçün çətinliklə üzləşmişdir.

Tibbi imkanlar

Ximerada insan hüceyrələrinin sayı az olsa da, Salk İnstitutu araşdırmaçılarının tapıntıları iki əhəmiyyətli hədəfə doğru yeni cığır açmaqdadır. Birincisi, biotibbi tədqiqatlarda istifadə ediləcək "insanlaşdırılmış" heyvanların yaradılması imkanıdır.

İnsan qanı daşıyan siçan yaratmaq artıq mümkün olsa da, qanımızın və immun sistemimizin necə fəaliyyət göstərməyi barəsində zəngin məlumatlar əldə etmək üçün, bu heyvanlar insan rüşeymi toxumasına sahib olmalıdır və bunu etmək çox çətindir.

İnsan-heyvan ximeralarında pluripotent kök hüceyrələrin istifadə edilməsi, insan qan hüceyrələrinə və ya qaraciyər, ürək kimi digər toxumalara sahib olan siçanların daha səmərəli yaradılmasını böyük olçüdə asanlaşdıra, xəstəliklərin yaranma səbəblərini öyrənmək və onları müalicə etmək üçün yeni dərmanlar yaratmaq qabiliyyətimizi əhəmiyyətli dərəcədə artıra bilər.

İnsan-heyvan ximeralarının ikinci potensial tətbiqi, 2010-cu ildə Yaponiyada aparılan cəlbedici araşdırmalardan irəli gəlir. Bu araşdırmalar nəticəsində, mədəaltı vəzi inkişafını tənzimləyən əsas genə sahib olmayan bir siçan embrionuna siçan pluripotent kök hüceyrələrinin yeridilməsindən sonra, növarası ximeralar yaradıldı.

Nəticədə, yenidoğulan siçanlar yalnız siçan hüceyrələrindən meydana gələn tam funksional mədəaltı vəziyə sahib oldular. Eyni nəticə bir donuz ximerasındakı insan kök hüceyrələri ilə əldə edilsə, orqan köçürmə qarşısında yeni üfüqlər açılar.

Etik sərhədlər

Bu kimi məqsədlərə elmi baxımdan nail olmaq uzunmüddətli bir yol olsa da, pluripotent kök hüceyrə biologiyası sahəsindəki irəliləyiş bu istiqamətdə uğurlu sınaqlara imkan verəcəkdir. Lakin bu araşdırmalar nə dərəcədə etik qəbul edilə bilər və sərhədlər harada bitir?

Bir çox insan donuzların qida məqsədi ilə və ya ürək qapaqlarının dəyişdirilmə mənbəyi olaraq istifadə edilməyini qəbul edir. Onlar, transplantasiya gözləyən insanlara mədəaltı vəzi və ya ürək istehsal etmək üçün donuz embrionlarını və ya döllərini inkubator olaraq istifadə etməyə də razı ola bilərlər. Ancaq insan-meymun ximeralarının istifadəsi çox mübahisəli ola bilər.

Araşdırmalar, insan embrional kök hüceyrələrindən yaranmış mərkəzi sinir sisteminin erkən hüceyrələrinin yeni doğulmuş bir siçan beynini ləngitdiyini və orada inkişaf etdiyini göstərmişdir. Bu, mümkün hüceyrə müalicələri üçün konsepsiya dəlili təqdim edir.

Bəs insan hüceyrələri meymun embrionuna yeridilsə nə baş verər? Beyni əsasən insan sinirlərindən ibarət olan yeni doğulmuş makaka meymununun etik və dərketmə statusu necə olardı?

İnsan hüceyrələrinin səmərəli şəkildə donor orqanlara çevrilə bilməsi gen mühəndisliyi yolu ilə mümkün ola bilər. Lakin, insan hüceyrələrinin sahibin digər orqanlarına - məsələn, çoxalma orqanlarına - qarışmamağı üçün hansı tədbirlər görməliyik?

İnsan-donuz hibridi yaradılması xəbəri bir çaşqınlıq yaratmış olsa da, təşkilatçılar və tibbi araşdırmaçılar ximerik tədqiqatın heyvan araşdırmalarında olduğu kimi əlavə suallar doğuracağını çox yaxşı bilirlər.

Hər halda, bu tibbi tədqiqat sahəsinin ləğv edilməsi və ya maliyələşdirilməsinin məhdudlaşdırılması deyil, heyvanların müdafiə məsələlərini və mövcud normativləri tam şəkildə qəbul edən müstəqil nəzarət komitələri tərəfindən hər bir faktın diqqətlə araşdırılması tələb edilməlidir.

Məsələn, Beynəlxalq Kök Hüceyrə Araşdırmaları Dərnəyinin 2016-cı il Təlimatları insan-heyvan ximeralarından insan qametləri yaradıla bilən araşdırmaları qadağan etməyə çağırsa da, insan-heyvan ximeralarının müvafiq yoxlama və nəzarət altında istifadə edildiyi araşdırmaları dəstəkləyir.

Ximerik tədqiqatlar davam edəcək və davam etdirilməlidir. Eyni zamanda, bu sahədə çalışan alimlər araşdırmalarının nəticələrini daha geniş çərçivədə müzakirə etməyə davam etməlidirlər. Əks halda, ximeralar qorxu yaradan mifik varlıqlar kimi çox asanlıqla rədd edilə bilər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG