Keçid linkləri

Təcili xəbərlər

Paho, camaatın fikri də var imiş...


Təzəlikcə A92 benzinin qiymətini 70 qəpikdən 90 qəpiyə qaldırdılar, uca millət, sevgili xalq növbəti dəfə gecə yarı verilən bu qərara görə həmişəki kimi yenə də sosial şəbəkələrdə möhkəm qeyzləndi, əsib-coşdu, dişinin dibindən çıxanı yazdı. Ertəsi gün isə həyat normal axarına düşdü: dünənki hirs-hikkə, qəzəb, giley-güzar öz yerini hansısa düşük türk serialının sezon finalına dair mənasız mübahisələrə, dəxilsiz, bayağı mövzularda zəvzəkliklərə buraxdı.

Mənə ən gülməli gələn isə benzinin bahalaşdığı qərarı açıqlandıqdan sonra bəzi adamların ya sadəlöhvcəsinə, ya da cahillikdən “heç olmasa, camaatın fikrini nəzərə alardılar” tipli münasibətləri oldu.

Sözə bax e! “Heç olmasa, camaatın fikrini nəzərə alardılar!” Soruşmağa ayıb olmasın, camaatın hansı fikrini nəzərə almalıdı şanlı partiya və hökumətimiz? “Evdə balalarım var...” fikrini, yoxsa “yenə bunlar yeyib doyublar...” fikrini? “Hökumətlə hökumətlik etmək olmaz” fikrini, yoxsa “əşşi, onsuz da belə gəlib, belə də gedəcək” fikrini?

Canım-gözüm, incimə, sən ölkənin taleyinin müəyyənləşməsində iştirak eləmə, sən ölkəndə olub bitənlərə, başına gələnlərə-gətirilənlərə oturub kənardan tamaşaçı kimi bax, özünü vətənində xarici turist kimi apar, sanki Azərbaycanda yaşanan heç nəyin sənə heç bir dəxli, heç bir isti-soyuğu yoxdur, üstəlik, “el üçün ağlayan göz kor olar, başını aşağı sal, bir qarın çörəyini qazan” sözlərini həyat devizinə, varolma normasına çevir, sonra da gözlə ki, hansısa anti-xalq qərarı veriləndə sənin də fikrini soruşsunlar. Xeyir ola?!

İncimə, canım-gözüm, sən ölkəndə yaşananlara seyrçi qalıb, “mən siyasətə qarışmıram” sözlərini də yüksək səslə, sanki böyük qəhrəmanlıq edirsənmiş kimi söylədikcə, artıq nə fikirləşdiyinin də bir önəmi qalmır. Səninlə istədikləri kimi rəftar edir, sənə istədikləri kimi davranırlar. Xoşun gəlmir? Belə dünəndən gəlməsin. Xoş getdin.

Hətta yeri gəlsə, bu saat heç mənə də maraqlı deyil, benzini neçə qəpik ediblər. 90 qəpik? İstəyir 9 manat olsun. Bir halda ki, mütləq əksəriyyət öz taleyinə, övladlarının taleyinə, ölkəsinin taleyinə bu qədər yaddır, laqeyddir, haqq-hüquq axtarışlarından bu qədər soyuyub, etiraz ruhunu qəlbinin ən dərin yerinə gömüb, onda zəhmət çəkib, maşınının bakına da “əsas odu, bizdə sabitlikdi” doldurub sürsün. Mənə nə?!

Yox, yox, kimsə düşünməsin ki, işin asan və təhlükəsiz olanına qaçır və yaşadığımız bu çətin, ağır, dözülməz dərəcədə məşəqqətli həyata görə sadəcə, xalqı qınamağı seçirəm. Əsla. Qətiyyən. Heç nə, bəli, bəli, heç nə, hətta bir toplumun sonsuz səssizliyi, siyasiləşməkdən dəhşətli ürkəkliyi belə, ona qarşı belə davranmağa əsas yaratmır.

Ancaq o da unudulmamalıdır ki, bu cür rejimlərin dünyanın hər yerində və hər zaman dəyişilməz bir xisləti var: insanlar qorxuya yenildikcə, insanlar talelərinin, müqəddəratlarının həllinə laqeyd, seyrçi qaldıqca, onlar bir az da cəsarətlənir, bir az da saymazyana davranırlar.

Demokratik, azad, firavan həyat qaranquş deyil ki, başqa ölkələrdən uçub gəlsin.

Belə bir həyat istəyiriksə, onu xoflarımıza qalib gələrək, səsimizi ucaldaraq qazana, əldə edə bilərik.

Yalnız və yalnız yalanda iştirak etməyərək, məddahlıq xoruna qoşulmayaraq, etiraz etməkdən, sorğulamaqdan çəkinməyərək, özümüzü, övladlarımızı və ölkəmizi işıqlı, gözəl bir gələcəyə qovuşdura bilərik.

Əks halda sizdən fikrinizi soruşacaqlarını, nə fikirləşdiyinizi öyrənəcəklərini gözləməyin.

Çünki onların heç xəbəri yoxdur, hətta ağıllarına da gəlmir ki, sizin fikriniz var.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG