Keçid linkləri

Təcili xəbərlər

Tolstoy “Anna Karenina”nı necə yazdı?


Lev Tolstoy
Lev Tolstoy

Bir dəfə, Uilyam Folknerdən 3 ən yaxşı ədəbiyyat nümunəsinin adını çəkmək xahiş olunur.Yazıçı fikirləşmədən cavab verir: “Anna Karenina”, “Anna Karenina” yenə də “Anna Karenina”.

Lev Tolstoy bu romanı 1873-cü ildə yazmağa başladı. Rusiyanın oxucu təbəqəsi “Rus vestniki”ndə dərc olunan romanın yeni fəsillərini səbirsizliklə gözləyirdi. Amma kitab üzərində iş olduqca ağır gedirdi və yalnız 1877-ci əvvəllərində yazıçı işi tamamlaya bildi.

İndi biz roman haqqında maraqlı faktları yada salaq.

Acı turp

Romanı qələmə alarkən, yazıçı bəzən əsərin yazılma prosesinə həvəslə girişir, bəzən isə olduqca yorucu işə etiraz edib, deyinirdi: “Çox bezmişəm”, “Aman Tanrı, kimsə bunu əvəzimə bitirsəydi” və ya “Mənim Annam acı turp kimi, artıq zəhləmi töküb”.

“Puşkinin bir cildini vərəqlədim..”

Heç demə, Tolstoy “Anna Karenina”nı Puşkin prozalarından ilhamlanaraq yazmağa başlayıbmış. Bunu müəllifin qeydləri və Sofya Tolstoyun gündəlik yazıları da təsdiqləyir.

Yazıçı ədəbi tənqidçi N.Straxova ünvanladığı məktubda deyirdi: “..Mən işdən sonra Puşkinin bir cildini vərəqlədim. Onlardan ayrıla bilmirdim, sanki, birinci dəfədir oxuyurdum. Orada bir yer var, “Qonaqlar malikanəyə yığılmışdı”- o hissəni oxuyarkən, düşüncəmdə özümdən asılı olmayaraq süjet xətti, obrazlar, yeni romanın cizgiləri yaranmağa başladı

Əgər Tanrı izn versə, ümid edirəm 2 həftəyə bitirəcəm”.

Amma, əsər iki həftəyə ərsəyə gəlmədi. Tolstoy “Anna Karenina” ilə hələ üç il də işləyəsi oldu.

Qəhrəmanı ilə sərt rəftar edən yazar

Tolstoyu həmişə qınayırdılar ki, o, Anna ilə çox sərt və rəhimsizcəsinə rəftar edib. Yazıçı onlara bu cür cavab verirdi: “Mənim qəhrəmanlarım öz istəyimlə deyil, real həyatın qaydaları ilə yaşamalıdır”.

Kareninanın özünə qəsd etdiyi dəmir yolu stansiyası Obdiralovka da, elə-belə, təsadüfi seçilməmişdi. Həmin dövrdə bu yol əsas sənaye magistralı sayılırdı və üzərində yük qatarları hərəkət edirdi.

Annanın prototipi kim idi?

Yazıçı Kareninanın xarici görünüşünü, üz cizgilərini Aleksandr Puşkinin qızı Mariya Qartunqa bənzətmişdi. Öz dövrünün qadınları arasında cazibədarlığı və hazırcavablılığı ilə seçilən şairin qızı, Tolstoyu öz qeyri-adiliyi ilə hipnoz edibmiş.
Karenina obrazının daha bir prototipi 1872-ci ildə Yasnaya Polyana ətrafında nakam məhəbbətə görə özünü qatarın altına atan Anna Piroqova adlı qadın olmuşdur.

Yazıçının öz prototipi kim idi?

Əsərin ən mürəkkəb xarakterli qəhrəmanlarından sayılan Konstantin Levin avtobioqrafik xarakterli obrazdır və yazıçının özünü əks etdirir. Deyilənlərə görə, obraz üzərində işləyərkən, Tolstoy bütün diqqətini yazı-pozu işinə cəlb etmək üçün gündəliklərini yazmağı belə dayandırıbmış.

Bəs Vronski kim idi?

Vronskinin prototipi “Hərb və sülh” romanında da haqqında bəhs edilən, vətən müharibəsi qəhrəmanı Rayevskinin nəvəsi Nikolay Nikolayeviç hesab edilir. Bu obraz həm də, Aleksey Tolstoya – hansı ki, Sofiya Baxmetova ərini onun naminə tərk edərək, cəmiyyətdə böyük səs-küy qoparmışdı – çox bənzəyir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG