Keçid linkləri

Azərbaycanda biznes sahibləri arasında yayılan və ətraflarında olan insanlar tərəfindən daim dəstəklənən “peşəkarlarla işləmək bahadır” əfsanəsi var.

Biznesimizin üzücü xüsusiyyətlərindən biri də odur ki, avadanlığa, binalara, təmir və mebelə milyonlar xərcləyən biznes sahibləri, idarəçilik və mütəxəssislər məsələsinə gəlincə nədənsə ətraflarında olan və çox bahalı olmayan insanlarla işləməyi seçirlər. Bunun əsasını da belə açıqlayırlar ki, onsuzda işim gedir və bahalı mütəxəssisə XƏRC çəkmək istəmirəm.

Məni idarəçilik sistemlərinin qurulması üçün konsultasiyaya və ya rəhbərliyə dəvət edən biznes sahiblərinə başa salmağa çalışdığım yeganə mövzu budur: hər şey insanla başlayır, hər şeyi insanlar həll edir, biznesinizin uzun müddətli və davamlı uğurları ANCAQ və ANCAQ insanlara bağlıdır – buna görə də peşəkarlarla işləyin.

Səbəbləri isə çox sadədir. Bunu, bir nümunə elə nümayiş etdirmək istəyirəm.

Eyni sahədə işləyən, eyni məhsul istehsal edən və satan 2 şirkət düşünün

Şirkət 1

Şirkət sahibi klasik Azərbaycanlı sahibkardır: lazım olan bütün avadanlıqları, mebeli alıb, təmir işləri görülüb. Əsas şöbə müdirləri və aparıcı mütəxəssislər əsasən yaxın çevrədən “yaxşı oğlan”, “bir təhər işi öyrənər”, “özümüzünküdür” prinsipi ilə seçir.

Şirkət 2

Şirkət sahibi anlayır ki, sahibkar və idarəçi olmaq fərqli rollardır və təbii ki, fərqli funksiyalar deməkdir. Buna əlavə olaraq anlayır ki, şirkət ayrılmaz bir bütövdür və bütün hissələri bir komanda kimi işləməklə bərabər, hər biri həm də ayrı ayrılıqda maksimum effektiv işləməlidir.

İndi isə bu şirkətlərin hər birinin fərqli şöbə və sahələrə görə fəaliyyətlərini gözdən keçirək.

BAŞ DİREKTOR

Şirkət 1

Şirkətin rəhbərliyini şirkət sahibi özü icra edir. Sahibkarlıq və idarəçilik fərqli funksiyalar olduğuna görə, adam bir gün sahibkar, bir gün isə idarəçi kimi düşünür. İdarəçilik mövzusunda heç bir məlumatı olmayan bu insan, adətən intuitiv-məntiqi şəkildə idarəçilik edir. Şirkətin bütün idarəçiliyi bir şəxsə bağlıdır. Sahibkarlıqla idarəçiliyi eyni anda icra edən və şəxsi həyatında heç bir zamanı və enerjisi qalmayan bu insan artıq şirkətin sahibi deyil – şirkət onun sahibidir. Gündəlik kiçik və taktiki işlərə zaman xərcləyən bu insan, uzun müddətli və stratejik məsələlərlə məşğul olmağa konsentrasiya ola bilmir.

Özü özünə idarəçiliyə görə maaş verməyən bu sahibkar, xərcləri azaltdığını və qənaət etdiyini düşünür.

Şirkət 2

Şirkətin kənardan dəvət edilən və peşəkar idarəçi olan rəhbəri var. Bu insan, şirkətdə idarəçilik sistemini qurur və sistemin qurulması üçün lazım olan insanları işə cəlb etməklə bərabər həm də doğru insanları doğru yerlərə təyin edir.

Motivasiya, insanlarla doğru ünsiyyətin əhəmiyyətini anlayan bu insan səhər işə başlayanda insanları bir neçə cümlə ilə istənilən ağır işin altına göndərə bilməklə bərabər, davranış, disiplin, danışıq və əxlaqı ilə bütün əməkdaşlar üçün canlı nümunədir.

Korporativ standartlar, HR, Marketinq, PR, logistika, insanların inkişafı kimi sözlər ona yad deyil.

Əsas məqsədi, şirkətdə insanlara və ulduzlaşmış fərdlərə bağlı olmayan idarəçilik sisteminin qurulmasıdır.

Maaş – 3000 AZN

HR – İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ

Şirkət 1

Şirkət daxilində bu şöbəyə “atdel kadr” deyirlər. Rəhbəri əsl xanım işi istəyən bir xanımdır. İnsanların işə götürülməsi ilə əlaqəli heç bir fəaliyyət yoxdur, çünki hər şöbə işə götürəcəyinə insanların namizədliklərini irəli sürür, direktor da təsdiq verir.

Xanımın aldığı maaş maksimum 600 manatdır. O özü də fərqindədir ki, onun yerinə istənilən insanı qoysalar işləyəcək, buna görə də çox səs çıxarmadan, hərkəslə dostca işləyir.

İşə götürən imici, peşəkar mütəxəssilərin və istedadlı əməkdaşların şirkətə bağlanması, işçilər üçün sadiqlik proqramları haqqında heç bir fikri yoxdur – o, tapşırıqları yerinə yetirən sadə “atdel kadrdır”.

Şirkət 2

İşin başında peşəkar HR mütəxəssisi var.

İşə götürmə meyyarları dəqiqdir. Maksimum sayda insanlar müsahibələrdə dəyərləndirildikdən sonra qərar şöbə rəhbəri ilə birlikdə şəffaf meyyarlara görə verilir. Firmada işləyən hər insan üçün karyera planı hazırlanır. Hər əməkdaşla il sonunda şəxsi görüşlər keçirilir və nəticələr birbaşa baş direktora təqdim edilir.

İşə götürülən insanların adaptasiya planı və proqramı var. Şirkətdə təlim mərkəzi fəaliyyət göstərir və ayda ən az bir dəfə müxtəlif mövzularda təlimçilər şirkətə dəvət edilir.

Bu mütəxəssisin aldığı maaş 2000 manatdır.

MARKETİNQ, REKLAM və PR

Şirkət 1

Marketinq rəhbəri ali təhsilli gənc və yaxın bir tanışın oğludur.

Bu şirkətdə marketinq anlayışı çox sadədir : reklam elə olmalıdır ki, satış olsun. PR – internet saytlara məqalələrin verilməsidir.

Şirkətin uzun müddətli imici, brend, müştəri sadiqlik proqramları kimi sözlər bu şirkətdə gülümsəmə doğurur.

Maaş – 500 AZN

Şirkət 2

Bu şirkət marketinqin olduqca mürəkkəb və ÇOX vacib olduğunu anlayır. Şirkətdə “bu gün satım və gəlirim kassaya daxil olsun” anlayışı yoxdur. İllik, rüblük marketinq, reklam və PR planları və büdcələri var şirkətin.

Marketinq rəhbərinin işi ancaq telekanallara və ya sosial şəbəkələrə reklamın verilməsi deyil – o, şirkətin rəqiblərini analiz edir, texnolojik yenilikləri təqib edir, yeni və yaradıcı kampanyalar təklif edir, reklamların və marketinq fəaliyyətlərinin effektivliliyini ölçür, daim ölkənin aparıcı marketoloqları ilə ünsiyyətdədir, satış komandası ilə sıx əməkdaşlıq edir, şirkətin uzun müddətli və etibarlı brendinin qurulması üzərində planlaşdırılan fəaliyyəti icra edir, mətbuatla daimi və sağlam ünsiyyətdədir, müştərinin psixologiyasını bilir və öz müştərisi ilə daim tədqiqatlar aparır.

Maaşı – 2000 AZN

MALİYƏ

Şirkət 1

Maliyə direktoru yoxdur. Muhasib yoxdur. Əsl muhasib yoxdur. Olan xəzinədardır – pul qəbul edən və pul verən. Əsas hesablar sahibkarın dəftərində və beynində çox ümumi şəkildə aparılır.

Xəzinədarın maaşı 700 AZN

Şirkət 2

Şirkətin maliyyə direktoru var. Şirkətdə illik büdcələr hazırlanır, şirkət bir növbəti il üçün fəaliyyət, satış, gəlir, xərclər və mənfəətini planlaşdırır və hazırlayır. Bütün məhsulların maliyəti hesablanır və xərclərin optimizasiyası üzərində daim iş gedir.

Maliyə direktorunun aldığı maaş 2000 AZN

SATIŞ

Şirkət 1

Satış müdiri, 5 il öncə işə başlayan və satıcılar arasında ən “yaxşısı” olanlardan seçilib. Şirkətlərin aldığı ən təhlükəli qərarlardan biri də bu kimi qərardır, çünki “yaxşı satıcı” qətiyyən “yaxşı satış müdiri” demək deyildir, və bəzən də tam tərsidir. “Satıcı” və “Satış müdiri” arasında yerlə göy qədər fərq var, funksiyalar, kompetensiyalarda. Nəticədə isə belə bir qərar nəticəsində şirkət iki zərbə alır : yaxşı satıcısını itirir və pis saıtş müdiri əldə edir.

Yaxşı satıcı olan, amma idarəçiliyi bilməyən bu şəxs, insanları ətrafında toplamaq, həvəsləndirmək, müştərilərlə problemləri idarəçi kimi həll etmək kimi məqamları bilməməklə bərabər, həm də güclü satıcıları özünə rəqib olaraq görür və onları fərqli səbəblərlə və bəhanələrlə işdən uzaqlaşdırır.

Maaş 1000 AZN

Şirkət 2

Yenə də satıcılar arasında seçilən, amma idarəçiliyə meyilli olan, idarəçi olaraq yetişdirilən, müştəri psixologiyasını, idarəçiliyin əsaslarını, insanlarla ünsiyyət qurmağı, komandanı böyük məqsədlər uğrunda birləşdirməyi, müştərilərə ən vacib şirkət sərmayəsi kimi baxan, güclü satıcıları özünə rəqib görməyən, daim tabeçiliyində olan əməkdaşları inkişaf etdirən bir insandır.

Maaş 2000 AZN

İndi isə gəlin bu şirkətlərin ÜMUMİ TƏHLİLİNİ aparaq

Şirkət 1 ilə Şirkət 2 arasında əsas fərqlər bunlardır :

– Uzun müddətli davamlı inkişaf;

– Korporativ standartların olması;

– Şirkətin böyümə riskinin olmaması;

– Güclü işəgötürən imici və nəticədə bazardan ən yaxşı mütəxəssislərin cəlb edilməsi;

– İnsanların işdən çıxmağa can atmadığı və beləliklə güclü kadrları qoruyub saxlanması;

– Maliyyə nəzarətin güclü olduğu və beləliklə maddi itkilərin olmaması;

– Marketinq, reklam və PR fəaliyyətlərin sistemli və uzun müddətli məqsədlərə görə aparılması və maksimum effektiv olması;

– Hər müştərinin qayğısına qalan insanların olması;

– Hər əməkdaşın maksimum effektiv olması;

– İşin və idarəçiliyin şəxslərə bağlı olmadığı və sistemin işləməsi;

– Ən əsası isə, hər istiqamətdə işin rəhbərliyində şirkət direktorunun tapşırıqlarını gözləyən səssiz icraçılar yerinə, işi maksimum effektiv şəkildə idarə edə bilən KOMANDA.

Bundan sonra “peşəkarlarla işləmək bahalıdır” sözlərini bu şəkildə ifadə etmək olar: peşəkarlarla işləmək XƏRC deyil, İNVESTİSİYADIR. Davamlı və uzun müddətli fayda verəcək investisiya.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG