Keçid linkləri

Internetdə axtarış etdikdə futbolun müxtəlif növlərinə rast gəlmək olar. Çimərlik futbolu, futzal, futbol fristaylı və s. Hətta bataqlıq futbolu, stolüstü futbol kimi ekstaravaqant, ekzotik futbol növləri də var.

Bizim söhbətimizin və yazımızın mövzusu isə, bu ecazkar oyunun daha çox yayılmış və bütün təbəqələr üçün əlçatan növü sayılan küçə futbolu haqqındadır.

Məhəllədə dayanmışam. Təxminən 10-12 yaşlarında bir neçə oğlan uşağı kərpic daşlardan qapı düzəldib, futbol oyununu imitasiya edirlər. Stajlı azarkeş və həvəskar futbolçu olaraq müşahidə edirəm ki, topla davranışları, ötürmələri, texniki anlayışları kifayət qədər qənaətbəxşdir. Budur, qayda pozulur, cərimə zərbəsi yerinə yetirilməlidir. Qapıçı iki nəfərlik canlı sədd qurur. Zərbəni vurmağa hazırlaşan arıq, uzun oğlan geri addımlayaraq, ayaqlarını aralı qoyur.

  • “Aha, tapdım. Bu ki, Ronaldonun duruşudur”- deyirəm.
  • “Əmi, o, duruşu oxşada bilər, amma vuruşu yox...” – deyə uşaqlardan biri dillənir.

Hamı gülür. Fikirləşirəm ki, “yaxşı oynamaqları öz yerində, üstəlik hazırcavabdırlar da..”

Zərbə. Top oyunçulardan birinə dəyir, qapıçını çaşdırır və qapıdan keçir. Qol vuran oğlan formasını çıxarıb önündə tutur. Düz tapdınız, bu dəfə isə özünü Messiyə bənzədir...

Bəli, gələcəyin Messiləri, Ronaldoları, Neymarları məhz bu uşaqların, hər gün küçədə, məhəllədə, gözümüzün qarşısında top qovan bu uşaqların içərisindən çıxmalıdır.

Ümumiyyətlə, futbol məktəblərində və akademiyalarında uşaq yalnız uzağı 2-3 saat futbolla məşğul olursa, həyət futbolunda balacalar, yeniyetmələr bütün gün boyu, axşama qədər dəri topla təmasda olurlar – bu onun əsas üstünlüyüdür.

Müxtəlif sorğular göstərir ki, bu oyun gəncləri və yeniyetmələri qələbə hesabı və vurulan qoldan çox emosional oyun prosesinə və idman-əyləncə xüsusiyyətinə görə cəlb edir.

Top ardınca qaçıb və bir-birinə ötürmə edərək, rəqib qapısına qol vurmağa cəhd edən uşaqlarda fiziki və psixoloji keyfiyyətlər, komanda oyunu koordinasiyası, qarşılıqlı anlaşma meydana gəlir.

İndiki dövrdə müasir gənclər və yeniyetmələr internetin üstün imkanlarından istifadə edib Neymar, Zidan, Ronaldinyonun və digər mahir futbol ustadlarının fintlərini, driblinglərini və digər başgicəlləndirən truyklarını YouTube vasitəsi ilə öyrənirlər. Onlar hətta bəzi mürəkkəb elementləri peşəkar futbolçulardan da yaxşı yerinə yetirirlər.

Küçə futbolu çox dinamik bir oyundur- burda düşünmə və qərar qəbul etmə qabiliyyətin rəqibdən bir addım öndə olmalıdır.

Biz uşaq olanda meydançalar az olduğuna görə balaca bir ərazi tapan kimi kiçik daş, kərpic parçasından ya da öz məktəb çantalarımızdan qapı düzəldir, oranı kiçik bir Kamp-Nouya çevirir və rezin topla fırtına qopardırdıq...

Əvvəllər küçə futbolunun əsas şüarı belə idi- “hər yerdə, hər zaman futbol oyna!”

Amma indi parkın və ya həyətin boş, asfatllanmış hissələri avtomobil dayanacağı kimi istifadə olunduğundan ya da qaraj və yaxud başqa bir tikili ilə əhatələndiyindən demək olar ki, boş yer tapmaq mümkün deyil.

Axı futbol dünyasi yalnız böyük çempionatlar, ulduzlar və stadionlarla məhdudlaşmır, daş və çantadan qapıları olan həyət və məktəb stadionlarının da öz dünyası var.

Dünyada küçə, məhəllə futbolunun inkişafı dövlətin sağlamlıq və idman sahəsində ən prioritet məsələlərdən sayılır. Çünki bu oyun gənc nəsli zərərli vərdişlərdən, siqaret, narkotik, spirtli içkidən də uzaq tutur, uşaqlarda kollektiv şəkildə, birgə səy göstərərək məqsədə çatmağın vərdişlərini qazandırır.

Məsələn, Rusiyada hər il “həyət komandalarının turniri” keçirilir. Bu turnirlərə Qazzayev, Yartsev, Syomin kimi futbol mütəxəssisləri dəstək olur, məşhur şirkətlər sponsorluq edirlər. Yerli və xarici futbol ulduzlarının iştirakı ilə xeyriyyə oyunları da keçirilir.Belə turnirlərdən 150 komandanın tərkibində oynayan 1500-dək futbolçu münsiflər heyətinin ələyindən keçməlidir. Küçə turnirləri keçirməklə təşkilatçılar istedadlı gəncləri tapır, peşəkar səviyyəyə çatmaq üçün onlara imkan yaradırlar.

Braziliyada küçə futbolu həyatın ayrımaz bir parçası, obrazıdır. Küçə futbolu həm əyləncədir, həm dostlarla görüşdür, həm də əsl həyat məktəbidir. Burada məhdud bir sahədə oyunçu topla kreativ davranmağı öyrənir, parlaq texnika, sürət və reaksiya nümayiş etdirir. Kiçik bir ərazidə yaxın-yaxına mübarizə şəraitində mümkün qədər cəld düşünmək və hərəkət etmək tələb olunur. Topla oyunçu daha çox təmasda olduğundan orjinal fikirlər və improvizələr üçün geniş üfüqlər açılır.

Çili, Meksika, İordaniya, Hollandiya və s. ölkələrdə də bu oyuna tam ciddi münasibət göstərilir və olduqca populyardı. Bu ölkələrdə də seleksiya üçün, yeni istedadların kəşfi üçün geniş miqyaslı turnirlər keçirilir. Bu oyunu dəstəkləmək üçün həmin ölkələrin məhəllələrində, yaşayış binalarının həyətində, parklarda və dəniz sahillərində 7-7 formatında qum, süni ot, rezin, asfalt örtüklü meydançalar tikilir. Uşaqlar və yeniyetmələr günün istənilən saatında pulsuz futbolun dadını, ləzzətini çıxarmaq imkanı əldə edirlər.

Təsadüfi deyil ki, bir sıra futbol ulduzlarının istedadı məhz küçə, çimərlik, məhəllə futbolundan üzə çıxmışdır. Məsələn, Davids, Roberto Karlos, Rivaldo, Ronaldinyo və s. kimi dünya şöhrətli oyunçuları misal çəkmək olar.

Ölkəmizin etnik-dini, sosial-mədəni, təbii-iqlim şəraiti bu oyunun inkişafı üçün əlverişli imkanlar yaratsa da, nədənsə bu sahəyə əlaqədar təşkilatlar tərəfindən mütəxəssis marağı, seleksiya işi, yəni istedadlı oyunçuların axtarılması və seçimi demək olar ki, çox aşağı səviyyədədir. Eyni zamanda həyətlərdə, məhəllələrdə meydançalar tikilmir, bütün təbəqədən olan insanların marağından, bu oyunun kütləviliyindən düzgün, səmərəli istifadə olumur.

Həyət futboluna daim diqqət yetirilməlidir, bu həm də bir həyat məktəbidir. O oyunçuya fiziki və texniki keyfiyyətlər, iradə, xarakter, liderlik hiss aşılayır. İdmanı, futbolu dəbə çevirmək vaxtıdır. Futbolu sevin...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG