Keçid linkləri

Biz bunu qəbul etməsək də, içində olduğumuz cəmiyyət və yaxın çevrəmiz bizə təsir edir. Cəmiyyətimizdə qəbul edilən stereotiplər, mənbəyi bilinməyən və bəzən də müasir dövrümüzə heç uyğun olmayan ənənələr insanların inkişafının qarşısını almaqla bərabər, məqsədlərinə doğru getmək istəyənlərin həvəsini də azaldır və cəsarətsizləşdirir. Yaxın çevrəmiz, bəzi hallarda hətta valideyinlər belə insanların içində olan alovu söndürməklə bərabər, insanın xəyallarını və gələcəyini əlindən alır. Bəzən mənə elə gəlir ki, cəmiyyət insanların fərdliklərini və seçim haqqlarını əllərindən alaraq, hərkəsi eyniləşdirmək arzusundadır. Bir az önə çıxan və fərqli olan insan qınaq atəşinə tutulur.

“Yaxşı” niyətlərlə əsasən də gənclərə verilən 2 əsas mənfi məsləhətlər barəsində fikirlərimi yazmağa qərar verdim.

– Bizdə bu mümkün deyil. Amerikada, Avropada olar, amma bizdə yox.

Başladığım bütün işlər və bütün lalyihələr üçün bunları eşitmişəm. Onlarla uğurlu insanlar tanıyıram ki, bu düşüncə tərzini darmadağın ediblər.

“Bizdə bilik və savadla müvəffəqiyyət etmək və karyera qurmaq olmaz.” Olar. Bal kimi də olar. Dostumdan misal: Kamran Kazımoğlu Musayev. Mərkəzi Kliniki Xəstəxana Baş Həkimi. Eyni anda dünyanın ən məşhur kardio cərrahlarından biri. Onun uğurlarını bir cümlədə belə ifadə etmək olar : biz daim eşidirik ki, Azərbaycanlılar xaricə əməliyyata gedirlər. Kamran bəyin yanına Amerika və Avropadan insanlar əməliyyat üçün gəlirlər. 12 ildə 15.000 (on beş min!) üzərində açıq ürək əməliyyat keçirmiş insandır. Youtube kanalım üçün çəkdiyimiz görüşdə bu sözləri dedi : “mən ucqar dağ məktəbində bitirişəm”. Bu gün bütün dünyada tanınan cərrahımız özəl məktəb məzunu deyil.

– Alınmasa, biabır olacaqsan cəmiyyətdə.

Niyə? İnsanın hansısa bir işdə uğursuzluğu niyə biabır olması anlamına gəlsin? Azərbaycanda müxtəlif sahələrdə öz zəhməti, bilik və əməyi uğurlu olan yüzlərlə insanlar tanıyıram ki, ilk addımlarında uğursuzluqlarla qarşılaşıblar, amma ruhdan düşməyərək və nəticələr çıxararaq yollarında davam ediblər. Unutmamaq lazımdır ki, uğursuzluq – müvəffəqiyyətin ayrılmaz və çox vacib parçasıdır. Uğursuqzluq olmasa, biz zəif tərəflərimizi bilmərik və onların gücləndirmək üçün addım atmarıq.

Yadınızda vacib bir məqamı saxlayın – cəmiyyətimiz, ayağı sürüşən və səhv edən insana hökm oxumaq üçün tələsir və birləşir. Bunu belə qəbul edin və öz məqsədlərinizə doğru addımlayın.

Bu gün sənin zəif tərəflərinə gülənlər və bunu tənqid edənlər 5 il sonra sənin müvəffəqiyyətlərin haqqında “bəxti gətirdi” deyəcək. Bu sözləri onlara dedirtməlisən.

Ən əsası isə, əzizlərim, cəsarətli olun. Müvəffəqiyyətlərinizə gedən yol bir səyahətdir və bu yola kimlərlə gedəcəyinizə qərar verin. Sizi ruhdan salan, həvəsinizi öldürən, mənfi fikirləri ilə geri çəkən insanların yanınızda olmasına izin verməyin. Zaman və enerjinizi insanlara və cəmiyyətə nəyisə sübut etməyə xərcləsəniz, məqsədləriniz və işləriniz üçün taqətiniz qalmaz. Başınızı aşağı salın, kar olun, kor olun, lal olun və yolunuza davam edin. Sözlə yox, nəticələrinizlə cavab verin hərkəsə.

Sonra isə arxanızda “onun bəxti gətirdi” pıçıltısını eşidəcəksiniz.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridi

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG