Keçid linkləri

Təcili xəbərlər

Hitlerin ilk ciddi səhvi, yaxud Dunkerk əməliyyatı necə baş verdi?


"Dunkirk" filmindən kadr
"Dunkirk" filmindən kadr

İyul ayının 13-də “Betmen: Başlanğıc”, “Qara cəngavər, Polad adam”, “İnterstellar” kimi filmlər yaratmış məşhur ingilis rejissor Kristofer Nolanın İkinci Dünya müharibəsi zamanı La-Manşdakı evakuasiya əməliyyatından bəhs edən “Dunkerk” filminin premyerası oldu.

Bəs bütün dünyanın maraqla izlədiyi bu filmdəki hadisələri işıqlandıran həmin yerdə, yəni İkinci dünya müharibəsinin təzə-təzə qızışdığı bir vaxtda La-Manşda, Fransanın Dunkerk şəhərində və ümumiyyətlə dünyada nə baş verirdi?

Lakin, söhbətimiz filmin süjeti haqqında deyil. Biz bu dəfə tarixə nəzər yetirəcəyik. Məhz həmin dövrə, İkinci Dünya müharibəsinin ürkək qığıcımdan bəşəriyyəti, sivilizasiyanı yandırıb-yaxan dəhşətli alova çevirildiyi zamana qayıdırıq.

Vəziyyət sürətlə gərginləşirdi...

İkinci Dünya müharibəsi özündən sonra o qədər sayda sirr və tapmacalar qoyub getdi ki, bir çoxlarının cavabı hələ də bilinməz olaraq qalır. Belə məchul hadisələrdən biri də, tarixdə “Dunkerk əməliyyatı” adı ilə qalmış döyüşdür.

1939-cu ilin sentyabrın 1-dən, yəni faşistlərin Polşaya hücumundan sonra, müttəfiqlik öhdəliyinə uyğun olaraq, Böyük Britaniya və Fransa Üçüncü Reyxə müharibə elan etdilər.

Lakin, uzun müddət həqiqi döyüş əməliyyatları aparılmadı. Hamı ayağını ayağının üstünə aşırıb gözləyirdi. Tarixdə “qəribə müharibə” adı ilə qalan, “vur-vurum” taktikalı tənbəl bir dövr başladı. Həmin dövr, 10 may 1940-cı ildə Adolf Hitlerin “Gelb” adlı ildırımsürətli planını işə salaraq, Belçika, Lüksemburq və Niderlanda müharibə elan edən zaman bitdi. Bu plan eyni zamanda, digər cəbhə üçün yol açırdı.

Beləliklə, növbəti “Rot” planına əsasən almanlar Fransanı sürətlə işğal edib, Majino rayonu istiqamətində gücləndirilmiş istehkam rejiminə keçməliydilər. Hitler deyirdi: “Planın məqsədi İngiltərəni diz çökdürmək, Fransanı zəbt etməkdir”.

Fəlakətin bir addımlığında...

Bu ərəfələrdə İngiltərədə aləm bir-birinə qarışmışdı. Hökumət böhranı baş nazir dəyişikliyinə səbəb oldu . Müharibə dövrü üçün cəsarətsiz siyasət aparan, sülhpərvər Nevill Çemberlen istefa verdi və Mühafizəkarlar partiyasından radikal fikirli Uinston Çörçill hökumətin başına keçdi. O, siyasətlə yanaşı, həm də ədəbiyyata bağlı yaradıcı insan idi. Bununla yanaşı, Çörçill faşistlərə qarşı sərt siyasət yeridəcəyini əvvəlcədən bəyan etmişdi.

O, 1940-cı ilin 13 mayında, parlamentdəki ilk çıxışında deyirdi: “Bizim qandan, ağır əməkdən, göz yaşından və tərdən savayı heç nəyimiz yoxdur”.

Almanların özünəməxsus şəkildə qurduqları punktual və pedant hücum əməliyyatları sürətlə, dəqiqliklə inkişaf edirdi. Artıq, may ayının 14-də Hollandiya dizini yerə qoyub yalvarırdı. Belçika ümidsiz vəziyyətə düşsə də, bir müddət nəfəs almağı bacardı. Hitlerçilərin təzyiqi o qədər güclü idi ki, La-Manş sahilindəki Dunkerk limanında yerləşən fransız qoşunları və Böyük Britaniyanın ekspedisiya qüvvələri məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdılar. 1940-cı ilin 20 mayında alman tank birləşmələri Fransanın Abvel şəhərinə daxil oldular və beləliklə, müttəfiqlərin birinci ordu qrupu (10 ingilis, 18 fransız və 12 belçika diviziyası) Arras və Bryuqqe istiqamətində tam şəkildə təcrid olunaraq, dənizə sıxılmış vəziyyətə düşdülər.

Bu hadisələrə hələ iki gün qalmış, kontitental Avropadakı Britaniya qoşunlarının komandanı lord Qorta baş nazir Uinston Çörçillə müraciət etmişdi: “Qoşunlar təcili evakuasiya edilməlidir”. Cörçill tərəddüd edirdi. “Bıçaq sümüyə dirənmişdi” . Lakin sonda, o, evakuasiya əmrini imzaladı.

Vəziyyət isə yenə də fəlakətə doğru gedirdi. Həmin günlərdə Fransa baş naziri Reyna kolleqası Çörçillə zəng edərək, qışqırırdı: “Bizi məhv etdilər! Darmadağın olduq! Axırımız çatıb”.

Almanlar bu aralarda boş-bekar dayanmırdılar. Onlar hücumu davam etdirərək Bulon və Kale şəhərlərini də zəbt etdilər.

Dyunkerk siyahıda son ümid yeri idi. Burada 300 minədək müttəfiq qoşunu avaragor olmuşdu. Ərazinin komandanlığı fərasətli sərkərdə hesab edilən, britaniyalı kontr-admiral Bertran Ramselə həvalə olunmuşdu.

Evakuasiya üçün hər şey səfərbər edilmiş, hətta kiçik yaxtalar və balıqtutan qayıqlar da nəzərdən qaçmamışdı. Ümumilikdə, 693 ingilis və 250 fransız gəmisi bir araya toplanmışdı. Evakuasiya planı komandanlıq tərəfindən “Dinamo” adını almışdı.

Evakuasiyanın tam şəkildə uğurlu alınması üçün qoşunlar bir müddət davam gətirməli, almanlara qarşı cəbhəni saxlamalı idilər.

Fransız ordusunun əks zərbələri almanları bezdirsə də, vəziyyəti köklü şəkildə dəyişəcək gücdə deyildi. 1940-cı ilin 23 mayında Kale şəhəri işğal edildikdən sonra Dunkerkə cəmisi 16 kilometr qalmışdı.

Hitler öz generallarını təəcübləndirdi..

Fransızlar və ingilislər hər dəfə yeni əks-hücümlar hazırlayanda, almanlar amansızlaşır, mühasirə halqasını daha da daraldırdılar. Britaniya komandanlığı döyüş vəziyyətini qiymətləndirərkən, belə bir proqnoz irəli sürdülər: “Ən yaxşı halda, yalnız 45 min əsgər və zabit xilas etmək mümkündür”.

Artıq, almanların tank hissələri Dunkerk ətrafında həlledici həmləyə hazırlaşırdılar. Lakin, 1940-cı ilin 24 mayında Hitlerdən qəribə bir əmr gəldi. La-Manş rayonunda əməliyyatlar aparan bütün diviziyalar Aa kanalı ətrafında hücümü dayandırmalı, Azbruk istiqamətində geri çəkilməlidirlər. Hitlerin göstərişində deyilirdi ki, qoşunlıar Dunkerkə 10 kilometr məsafədən yaxın gəlməməlidirlər və tank hücümü dayandırılmalıdır. Onun bu məntiqsiz qərarı hətta alman baş qərargah generallarını mat-məəttəl qoymuşdu.

Evakuasiya başladı...

Nəhayət ki, mayın 26-da ingilis-fransız qüvvələrinin evakuasiyasına start verildi. Almanlar artilleriya və aviasiyanın köməyi ilə qoşunları şiddərli atəşə məruz qoysalar da, artıq əməliyyatı dayandırmaq qeyri-mümkün idi.

Öz növbəsində, ingilis qırıcı təyyarələri də uğurlu uçuşlar edərək faşistlərə cavab zərbələri endirirdilər.

Alman generalı Frans Qalder öz gündəliyində yazırdı: “Biz əlverişli zamanı əldən verdik. Bizim mexanikləşdirilmiş hissələrimiz mühasirə halqasını tamamlaya bilmədi. İndi biz minlərlə düşmən əsgərinin burnumuzun ucundan İngiltərəyə qaçmasını sadəcə müşahisə edirik”.

Tank döyüşlərinin mahir ustası və hadisələrin bilavasitə iştirakçısı, general-polkovnik Hayns Quderian yazırdı: “Hitler alman ordusunun Aa çayı istiqamətindəki sol qolunu dayandırdı. Çayın üzərindən keçmək qadağan olundu. Bizə səbəbləri izah etmirlər. Əmrdə yazılmışdı ki, Dunkerk və Kaledə yalnız aviasiya əməliyyatlarına icazə verilir. Mən daha söz tapa bilmirəm. Bu əmrin nəyə görə verildiyini anlaya bilmirəm ”.

Beləliklə, müttəfiqlər Dunkerk ətrafında mühasirəni qoruya bildilər. Almanlar isə, özlərinin əsas silahı olan tanklardan istifadə etmədilər.

Müttəfiqlərin xilas yolu olan “Dəniz körpüsü” 1940-cı ilin 26 mayından 4 iyuna qədər fəaliyyətdə oldu. Bu müddət ərzində, Dunkerkdən 338 mindən çox canlı qüvvə evakuasiya edildi. İngilislərin bütün ekspedisiya korpusu, 90 min fransız əsgər və zabiti və müttəfiq qüvvələrin digər ölkələrdən olan hərbi qulluqçuları xilas ola bildilər.

Düzdür, hərbi texnikanın böyük bir hissəsini (2472 artilleriya silahı, 65 min avtomobil, 20 min motosiklet, 68 min ton hərbi sursat, 147 min ton yanacaq və s.) atmaq lazım gəldi. Lakin, bütün bu itgilər canlı qüvvənin xilası müqayisədə heç nə hesab olunurdu.

“Dunkerk möcüzəsi” Fransanın müharibə ərzində hərbi fəlakəti üçün bir növ kompensasiya oldu. İngilislər isə, bu hadisədən vəcdə gələrək, müharibənin sonuna kimi ordunu döyüşkən vəziyyətdə saxladılar. Uğurlu əməliyyat britaniyalıların döyüş ruhunu artırdı, bu isə psixoloji olaraq böyük anlam daşıyırdı.

Hitlerin öz səbəbləri var idi...

Əlbəttə, Dunkerk əməliyyatını həyata keçirənlərin mətanətini, igidliyini azaltmamaq şərti ilə, o da etiraf olunmalıdır ki, Hitlerin tankların dayandırılması haqqında anlaşılmaz əmri olmasaydı, bu möcüzə də baş verməyəcəkdi.

Nəyə görə Hitler belə geniş güzəştə imkan verdi?

Burda, hələ də müzakirə mövzusu olan bir neçə versiya var: Lutvaffenin gücünün şişirdilməsi, Paris rayonu ətrafında əks-hücüm ehtimalının olması, böyük itgilərdən ehtiyat edilməsi və s.

Amma, deyəsən fürerin əsas məqsədi tamam başqa imiş.

O zaman, Fransa tamamilə darmadağın vəziyyə düşmüş, adaya sıxışdırılmış ingilislər isə faşistlərlə mübarizədə faktiki olaraq təklənmişdilər.Buna baxmayaraq, Hitler Dumanlı Albiona müdaxilə etmək haqqında düşünmürdü.

Onun başqa niyyəti var idi: Sovet İttifaqı ilə müharibə. İki cəbhədə vuruşmaq istəməyən fürer, Dunkerk güzəşti ilə İngiltərəyə müvəqqəti sülh təklif edirdi. 1940-cı ilin yayında etdiyi çıxışlarında o, açıq şəkildə bəyan edirdi ki, Almaniya və Böyük Britaniya arasında müharibənin davamı üçün ciddi bir səbəb yoxdur və tərəflər danışıqlar masasına oturmalıdır. Hitler gözəl başa düşürdü ki, İngiltərədə onun tərəfdarları kifayət qədərdir və onlar bu sülh təklifinə biganə qalmayacaqlar.

Amma, baş nazir Uinston Çörçill bu sıraya aid deyildi. O, baş nazir olaraq, fürerin təklifindən imtina etdi və mübarizəni davam etdirməyə qərar verdi.

Dunkerk ətrafında xilas edilən qoşun isə ona bu işdə çox kömək etdi.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG