Keçid linkləri

Xatırladığım qədər Məleykə Abbaszadə azı 2013-cü ildən qəbul imtahanlarının dəyişdiriləcəyi xəbərini verir, yəni ki, xəbər yeni deyil. Üstəlik də bu istiqamətdə illərdir hazırlıqlar ediblər, konkret addımlar atıblar, məsələn, yeni tip imtahanlarda cavabları qiymətləndirəcək yüzlərlə mütəxəssislər (marker) hazırlayıblar. Sadəcə olaraq, bu məsələni illərdir ictimaiyyətə izah etməyə çalışırlar, amma hələ də doğru-dürüst izah edə bilmirlər. Təbii ki, müstəqil təhsil ekspertlərinin və jurnalistlərin də qəbahəti böyükdür ki, illər ərzində bu prosesi, atılan addımları təhlil edib, adekvat dəyərləndirə bilməyiblər.

Bir neçə ildir ki, TQDK/DİM 2009-da təsdiq olunmuş kurikulumda müəyyən edilmiş dövlət standartlarının məktəblərdə necə reallaşdırıldığını yoxlamaq üçün orta məktəblərdə "yeni üsul"la imtahanlar (monitorinq) keçirir. Sentyabrda açıqlanacaq yeni qəbul imtahanı modelinin prototipi də məhz həmin monitorinq imtahanları hesab oluna bilər. O imtahanların ənənəvi test üsulundan əsas fərqi - geniş cavab tələb edən açıq tapşırıqlar, inşa yazıları və mətnlərlə iş. Yeri gəlmişkən, 2014 və 2015 monitorinq imtahanlarının nəticələri ürəkaçan olmamışdı, şagirdlərin çox böyük faizinin yoxlanılan bacarıqlar üzrə ciddi çətinlik çəkdiyi aydın olmuşdu, amma məsələ ictimaiyyətin diqqətindən kənar qaldı.

Yeni qəbul imtahanı ənənəvi test üsulu ilə (multiple-choice) bu tip açıq tapşırıqların qarışığı olacaq və yəqin ki, ikinci ağırlıq təşkil edəcək. Ehtimal etmək olar ki, hazırda DİM ilə Təhsil nazirliyi arasında yeni imtahanda hansı üsulun ağırlıq təşkil edəcəyi məsələsində qızğın müzakirələr və alış-veriş gedir, bitən kimi sentyabrda son qərarı açıqlayacaqlar.

Qəbulun buraxılış imtahanları əsasında aparılmasına keçid ehtimalı isə azdır, planda var, amma hələlik bunun üçün lazımi hazırlıqlar görülməyib. Yəqin ki yaxın illərdə o da reallaşdırılacaq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG