Keçid linkləri

Təcili xəbərlər

Gənclər niyə oğurluğa meyllənirlər ?


OĞURLUQ HALAL QAZANCDAN NECƏ SƏRFƏLİ OLDU...

Azərbaycanda son illərdə demək olar ki, hər gün hansısa ofisdən, evdən 50.000, 100.000 və daha yuxarı məbləğlərdə oğurluq xəbərləri oxuyuruq. Əsasən də bu oğurluqları gənclər edirlər.

Çox adam gənclər arasında oğurluğun get-gedə artmasını iqtisadi böhrandan sonra yaranan işsizliklə əlaqələndirirlər. Amma bu qətiyyən belə deyil. Gənclərin oğruluq etməklərinin 3 əsas səbəbi var:

PİS NÜMUNƏ

Azərbaycanlı gənclər öz həyatlarında görürlər ki, ölkədə yalnız kiçik oğurluq edənlər (yəni toyuq, telefon, tozsoran, pensiya kartı, 1000-2000 manat və sair) cəzalandırılır. Böyük pullar oğurlayanlar isə rahat gəzirlər və əla yaşayırlar. Tutaq ki, gənc xəbərlərdə oxuyur ki, MTN generalı Akif Çovdarov məhkəmədə deyib ki, metropolitenin keçmiş rəisi Tağı Əhmədov həm büdcədən, həm də camaatın cibindən neçə milyon pul oğurlayıb. Amma Tağı Əhmədovu heç tutan yoxdur, S-class Mercedes-də şəhərdə rahat gəzir və kral kimi yaşayır. Beləliklə gənclər belə nümunələrə baxırlar və oğurluğu seçirlər. İmkanları olan gənc vəzifələrə gəlir və büdcədən pul oğurlayır, vəzifəyə gəlməyə imkanı olmayan gənclər isə evlərdən, ofislərdən oğurluq etməyi seçirlər.

SEÇİMSİZLİK - Azərbaycanda korrupsiya gənclərə seçim qoymur, hamını oğruya çevirməyə çalışır. Azərbaycanda gənclər üçün ya iş olmur, ya da 300-500 manatlı işlər olur. Çox az sayda 1000 manat ekvivalentindən yuxarı yüksək maaşlı işlər olur ki, o işlər də 99% vəzifəli və imkanlı şəxslərin övladları üçündür. Halal yolla işləmək istəyən gəncin bu ölkədə gələcəyi yoxdur. Hətta gənc 21 yaşında ali məktəbi bitirəndən sonra dərhal iş tapsa belə aldığı 300-500 manatla normal 2 otaqlı mənzil almaq üçün, ailə qurmaq üçün, onu böyüdən ata-anaya yardım etmək üçün gərək 40-50 il işləyə ki, pul toplaya bilə. Qocaldıqda isə 150 manat pensiya alıb dilənçilər kimi yaşaya. Gənclər bunu görürlər və bilirlər ki, bu ölkədə kasıb ailədən çıxdınsa və ya halal yaşamaq istədinsə - sənin gələcəyin qaranlıqdır. Gələcəklərinin qaranlıq olduğunu görən gənclər 3 seçimdən 1-ni etmək məcburiyyətində qalırlar:

1) İmkan tapan kimi köçüb gedirlər xaricə;

2) Təhsillərini artırıb və şirin dillərini işə salıb yüksək maaşlı işlərə və ya vəzifələrə keçməyə çalışırlar;

3) Risk edirlər və oğurluğu seçirlər. Bir nəfər məşhur psixoloqun yazdığı kimi 300 manat maaş alıb 50 il sürünməkdənsə risk edib 100.000 manat oğurlayıb ölənə kimi kral kimi yaşamağı seçirlər. Həbsi belə gözə alırlar.

GƏLƏCƏYİ OLMAYAN İNSAN ÜÇÜN HƏBS QORXULU DEYİL

Bu yaxınlarda Əhmədli metrosunun çıxışında taxta polkanın üstündə eynək satan bir cavanla söhbət edirəm. Deyir gündəlik qazancım 10-20 manat arası dəyişir, hər ay polisə yer haqqı verdikdən sonra günümə 10 manat təmiz qazanc qalır. Deyirəm ki, cavan bax sənin gördüyün bu iş rəsmi iş deyil, indi sən bu 10 manatla necə ev quracaqsan, necə evlənib ailə saxlayacaqsan, xəstələndin müalicə olunacaqsan və sair. Bir az söhbət etdik, gördüm ki, gənc insan indiyə qədər heç fikirləşməyib ki, bunun gələcəyi yoxdur bu ölkədə. Amma əksəriyyət gənclər bu gənc kimi sadə deyillər, ayıqdırlar, başa düşürlər ki, kasıb ailədən çıxdınsa bu ölkədə sənin gələcəyin yoxdur. Hətta axır zamanlar həbsdən çıxan adamlar tez-tez deyirlər ki, həbsdə yaşamaq çöldə yaşamaqdan asan imiş.

TARİX NƏ DEYİR ?

İnsanların varlılardan oğurluq etməyə meylli olmaqları tək Azərbaycanda deyil, korrupsiya və ədalətsizliyin olduğu əksər ölkələrdə tarixən belə olub. Məsələn Fransada I, II, III və IV respublikalar qurulmazdan əvvəl oğurluqların sayı çox yüksək idi. Demək olar ki, hər gün hansıa vəzifəli və varlı şəxslərin ya evləri oğurlanırdı, ya övladları və ya özləri girov götürülüb pul istənilirdi, ya da şantaj edilərək pul istənilirdi.

Həmin dövrdə Fransada belə bir fikir formalaşmışdı ki, vəzifəli və varlı şəxslərin hamısı dövlətin pullarını oğurlamaq və əhalini soymaqla varlanıblar ona görə də onların pulunu oğurlamaq oğurluq hesab edilmir. Necə deyərlər oğrudan oğruya halaldır prinsipi. Vktor Hüqonun "Səfillər" əsərində də bu vəziyyət aşkar görünür.

Həmin dönəmlərdə də Fransada insanlar həbsxanada daha yaxşı yaşayırdılar nəinki azadlıqda. (İqtisadçılar deyirlər indi Azərbaycanda da vəziyyət eynidir, həbsxanada 1 məhbusun saxlanmasına dövlət 400 manat xərcləyir, amma insanlar azadlıqda heç 400 manat qazana bilmirlər). Buna dair Vikto Hüqonun bir yaxşı sözü var, deyir: "Bir tikə çörək oğurladığıma görə məni həbsxanaya apardılar və orda illərlə hər gün havayı bir bütöv çörək verdilər." Məhz belə işlərə görə insanlar məntiqi olaraq oğurluq etməkdən qorxmurdular və risk edib böyük məbləğlər oğurlamağa cəhd edirdilər.

Mənim şəxsi fikrimcə insanların əksəriyyəti məcburən, ehtiyacları olduğu üçün oğurluq edirlər. 90% insanın normal yaşamaq şansı olsa heç zaman oğurluq etməz. Buna görə də Azərbaycanda qanunvericilik dəyişməlidir. Əgər kimsə (xüsusən də gənc) kiminsə evindən, ofisindən oğurluq edibsə həmin adam o pulu necə qazandığını sübut etməlidir. Əgər həmin adam evindən, ofisindən oğurlanan pulun halal olduğunu sübut edə bilmirsə o zaman onun özünü korrupsiya ittihamı ilə tutmaq lazımdır, pulu oğurlayanı isə sərbəst buraxmaq lazımdır. O cümlədən də ehtiyacı olub bir çörək, pampers oğurlayan bütün şəxsləri həbs etmək olmaz. Ədalətli olan budur.

NƏTİCƏ:

Dövlətdə oğurluq artırsa bunun günahı oğurluq edən insanlarda deyil, ölkədəki ədalətsizlikdədir. Sistem ədalətsizlik üzərində qurulanda aşağıdan yuxarı hamı oğruya çevrilir, yuxarıda Fransanın nümunəsindən oxuduğunuz kimi. Bu gün Fransa demokratik respublikadır və oğurluqlar cüzi səviyyəyə düşüb, oğurluq edənlərin əksəriyyəti də gəlmə miqrantlardır. Yerli Fransızlar 99% oğurluq etmirlər, çünki öz tarixlərindən dərs çıxarıblar. Oğurluqları azaltmaq üçün ədaləti bərpa etmək lazımdır. Oğurluq edən gəncləri tutmaqla, hündür divarlar tikməklə, mühafizə xidməti yaratmaqla oğurluqların qarşısı alınmaz.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG