Keçid linkləri

Təcili xəbərlər

Vasif Talıbovun unutduğu kitab...


Karikatura Gündüz Aöayevindir.
Karikatura Gündüz Aöayevindir.

Naxçıvan “xan”ı Vasif Talıbov “oxunması zəruri olan kitabların siyahısı” haqqında sərəncam imzalayıb, xeyli adam sanki illərdən bəri Talıbova yarınmaq üçün fürsət güdürmüşcəsinə, bu sərəncama “bəy tərifi” vurmaqla məşğuldur, guya belə bir qərar xalqın maaariflənməsi üçün çox gərəkli qərar imiş-zad.

Siyahıdakı kitablar haqqında heç nə yazmayacam. Ümumi fonda bu, heç önəmli də deyil.

...bütün hallarda xilasımız elmdədir, bilgidədir, kitabda, mədəniyyətdədir, ölkənin qapılarının çağdaş, modern dünyanın üzünə bağlandığı bir vaxtda bunu daha aydın görürük.

Əsas mətləbə keçmədən isə bunu vurğulamağı gərəkli sayıram: əlbəttə, mən də və qəti olaraq bu qənayətdəyəm ki, bizim camaat olaraq, bütün hallarda xilasımız elmdədir, bilgidədir, kitabda, mədəniyyətdədir, ölkənin qapılarının çağdaş, modern dünyanın üzünə bağlandığı bir vaxtda bunu daha aydın görürük. Bu səbəbdən toplumu aydınlatmaq istəyən, irəligörüşlü insanları çoxlatmağa çalışan fədakarlar da nə yaxşı hələ qalır.

Tarix, gələcək nəsillər onları sayğı ilə xatırlayacaqdır.

Ancaq o da unudulmamalıdır ki, indi ölkəyə cavabdeh olanların missiyası hansısa kitab siyahısi hazırlayıb, camaatı həmin siyahıdakı kitabları oxumağa məcbur etmək deyil. Yeri gəlsə, heç tövsiyə etmək də deyil.

Onların borcu ölkədə mədəni, modern dünyayla səsləşən, uyğunlaşan idarəetmə sistemi, çağdaş ideallarla süslənmiş ortam, mühit yaratmaqdır.

O zaman xalqın müxtəlif düşüncəli fərdləri onun taleyinin müəyyənləşməsində daha çox və daha rahat iştirak haqqı, imkanı qazanacaqlar, siyasi həyatından ictimai mühitinə, elmindən təhsilindən, ədəbiyyatından mədəniyyətinə, ölkənin bütün sahələrində bir canlanma, bir dirilmə, bir qaynama, bir rəqabət, bir yarış yaşanacaq.

Xalqın gerçək və qalıcı yüksəlişi də ancaq bu halda mümkün olacaq!

... nəzərə alsaq ki, Naxçıvan uzun illərdir mövcud rejim üçün təcrübə laboratoriyası rolu oynayır, bir çox mürtəce, anti-demokratik addımlar orada uğurla sınaqdan çıxarıldıqdan sonra bütün Azərbaycanda tətbiq edilir

Bir məqamı da qeyd edim: nəzərə alsaq ki, Naxçıvan uzun illərdir mövcud rejim üçün təcrübə laboratoriyası rolu oynayır, bir çox mürtəce, anti-demokratik addımlar orada uğurla sınaqdan çıxarıldıqdan sonra bütün Azərbaycanda tətbiq edilir, onda güman etmək olar ki, Talıbovun məlum hökmünün bənzəri külli-məmləkət üçün imzalana bilər.

Bəs doğrudanmı, sözügedən qərar, bəzilərinin yüksək pafosla, Sovet ritorikası ilə bəyan etdiyi kimi, “xalqın maariflənməsi yolunda atılmış mühüm” addımdır?

Yuxarıda da vurğuladığımız kimi: əlbəttə, yox! Əsla yox!

Tam əksinə, çağın ruhuna ziddir, gülməlidir. Gülməli və ağlamalıdır. Lap konkretləşdirək: Azərbaycanda hakim olan siyasi avtoritarizmin növbəti parlaq görsənişidir.

Niyə?

İki səbəbdən.

... bunlar bu gün hansı kitabı mütləq oxumalı olduğumuza qərar verirlərsə, sabah hansı kitabları da əsla oxumamalı olduğumuza hökm edə bilərlər.

Bir: insanların hətta nəyi oxuyacağına da qərar vermək toplumu öz iradəsi altında saxlamağın bir formasıdır. Belə çıxır, bunlar bu gün hansı kitabı mütləq oxumalı olduğumuza qərar verirlərsə, sabah hansı kitabları da əsla oxumamalı olduğumuza hökm edə bilərlər.

Hələ harasıdır?

Təminat varmı ki, hansı kitabı oxuyub-oxumamaq bir yana, sabah yazıçıya hansı mövzuda, necə yazmağı və ya yazmamağı da müəyyən edəcəklər? Tıpkı Sovet çağlarında olduğu kimi.

İki: hətta bu sərəncam xoşniyyətlə verilmiş olsa belə, bir toplumun inzibati, administrativ resurslarla maarriflənməyəcəyini 70 illik rus-bolşevik hakimiyyətindən yaxşı bilirik. Həmin hakimiyyət xalqa yazıb-oxumaq öyrədirdi, amma nə yazıb-oxuyacağına da qərar verirdi. Nəticədə xalqın savadlanması xalqın aydınlanmasına gətirib çıxarmadı. Ondan bu günə qalan və hələ də hökm, nüfuz, hakimiyyət sahibi olan bürokratlara, çeşidli peşə sahiblərinə baxın. Düşüncələri ilə çağın ruhu, tempi arasındakı fərqi, uçurumu, təzadı, toqquşmanı görün.

Ya da cəmiyyətdə 100 il öncə də var olan geriçi vərdişləri, davranışları xatırlayın: necə ola bilər, 1900-cü illərdə, kütləvi savadsızlıq vaxtı at oynadan ictimai problemlər, bəlalar indi də, əhalinin böyük əksəriyyətinin yazıb-oxuya bildiyi vaxtda belə, yenə qalır, yenə meydan sulayır?

Demək ki, sadəcə inzibati yollarla adamlara yazıb-oxumağı, toplayıb-çıxmağı öyrətməklə nəyəsə nail olmaq mümkün deyil.

Demək ki, sadəcə inzibati yollarla adamlara yazıb-oxumağı, toplayıb-çıxmağı öyrətməklə nəyəsə nail olmaq mümkün deyil.

Yazının əvvəlində də vurğuladığımız kimi, toplumu real və qalıcı aydınlığa qovuşdurmağın, onu geriçi düşüncədən həqiqətən və həmişəlik xilas edib, irəli aparmağın yeganə yolu ölkədə insan hüquqlarının və azadlıqlarının önünü açmaq, açıq cəmiyyət qurmaq, polemika ortamına imkan vermək və dözümlü yanaşmaq, mənəvi-əxlaqi idealların ön plana çıxmasına mane olmamaqdır.

Yalnız fikir fərqliliklərinə, düşüncə müxtəlifliklərinə meydan verildiyi təqdirdə, xalqın aydınlanması realdır.

Əgər günümüz Azərbaycanında hətta 1900-cü illərlə müqayisədə belə bir meydan yoxdursa, daha nədən danışırıq? O illərdə “İrşad” vardı, “Molla Nəsrəddin”, “Füyuzat” vardı, “Şərqi-rus” vardı, “Bəhlul” vardı, bəs bu gün nə var? Olanları da yavaş-yavaş qapatdılar, yox etdilər. Ölkədə hazırda bir dənə də fərqli fikir tribunası yoxdur!

Başqa yandan isə, hər şeyin maddiyyatla ölçüldüyü, insanların qarnından asılı vəziyyətə salındığı və onların mənəvi aclıq hiss etmələri üçün heç bir ortamın olmadığı bir şəraitdə və mühitdə Talıbovsayağı sərəncamlar kağız parçasından başqa bir şey deyil.

Belə şəraitdə və mühitdə intellektli adamlar belə, axırda ya saray təlxəkliyinə məhkumdular, ya da ölkədən baş götürüb getməyə.

Belə şəraitdə və mühitdə intellektli adamlar belə, axırda ya saray təlxəkliyinə məhkumdular, ya da ölkədən baş götürüb getməyə.

Əgər məmləkətdə mənəvi olan heç nəyin dəyəri qalmayıbsa, əgər adamlar görürsə ki, ən elementar həyat ehtiyaclarını qarşılamağın, özünə karyera qurmağın, uğur hekayəsi yazmağın yolu mahiyyətcə cılız şeylərdən, məsələn, yaltaqlıqdan, yalan danışmaqdan, ağa qara deməkdən... keçir, o niyə kitaba, bilgiyə ehtiyac duymalıdır?!

Uzun sözün qısası: oxunması zəruri olan birinci kitab yaşadığımız çağın özüdür!

Həmin kitabda yazılıb ki, insanları azad düşüncələrinə, fikirlərinə, seçimlərinə görə cəzalandırmaq, linç və həbs etmək olmaz.

Sonra?

Sonra zatən Talıbovsayağı heç bir sərəncama ehtiyac qalmır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG