Keçid linkləri

Təcili xəbərlər

Çiçəklənən Azərbaycan rəqəmlərdə...


Yaptokratların ölkədəki sürətli yüksəlişi, hər sahədə analoqsuz inkişafı görmədiyimizə dair giley-güzarlarını nəzərə alıb, internet üzərindən apardığım kiçik bir axtarış sonucunda qarşıma çıxan bir neçə rəsmi statistik bilgini sizinlə də bölüşmək qərarına gəldim.

Çiçəklənən Azərbaycanın gerçək mənzərəsini bir az da rəqəmlərin gözündən görək.

***

"... Ölkədə ürək-damar xəstəliklərindən arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40%, 50 yaşdan sonra 50%, 60 yaşdan yuxarı insanlarda isə 60% təşkil edir"

Faiq Quliyev, Azərbaycanın baş kardioloqu: "Son illər Azərbaycanda ürək-damar xəstəlikləri epidemioloji xarakter daşıyır və yayılma sürəti artır. Hazırda ölkədə 1000 nəfər əhaliyə 4 nəfər arterial hipertenziya xəstəsi düşür. Ölkədə ürək-damar xəstəliklərindən arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40%, 50 yaşdan sonra 50%, 60 yaşdan yuxarı insanlarda isə 60% təşkil edir" (8 iyun, 2017).

Rafiq Məmmədhəsənov, Azərbaycanın baş endokrinoloqu: “Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artmaqdadır. 2005-ci ildə şəkərli diabetlə bağlı dövlət proqramı hazırlananda Azərbaycanda 56 min nəfər belə xəstə var idi. Proqram qəbul olunduqdan sonra xəstələrin sayı durmadan artıb. Hazırda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 220 mindən çoxdur” (14 noyabr, 2016-cı il, yerli KİV).

Mirhaşım Calalov, Kliniki Tibbi Mərkəzin (KTM) Hemodializ şöbəsinin müdiri : “Azərbaycanda ötən illə (2016-cı il – E.A.) müqayisədə bu il hemodializ xəstələrinin sayında 12% artım baş verib” (27 iyul, 2017-ci il).

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında" hesabatından: “Azərbaycanda onkoloji xəstələrin sayı artıb. Belə ki, ölkədə onkoloji xəstələrin sayı hər 100 min nəfərə 2014-cü ilə (101) nisbətən 2015-ci ildə (106,8) bir qədər artıb. Bu göstərici 2010-cu ildə 90,2, 2011-ci ildə 92, 2012-ci ildə 93 olub” (5 mart, 2016-cı il, yerli KİV).

“2005-ci ildən indiyədək yol nəqliyyat hadisələrinin sayı 33,1 faiz, bu hadisələrdə ölənlərin sayı 31,3 faiz, yaralananların sayı isə 32, 6 faiz artıb”

Sevinc Hüseynova, Gəncə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının regional bölməsinin baş həkimi: “2005-ci ildən indiyədək yol nəqliyyat hadisələrinin sayı 33,1 faiz, bu hadisələrdə ölənlərin sayı 31,3 faiz, yaralananların sayı isə 32, 6 faiz artıb” (20 iyul, 2016-cı il, yerli KİV).

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov: “2015-ci ildə ilk dəfə psixi pozuntular və davranış pozuntuları diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 5107 nəfər olub. Onlardan 3530 nəfəri kişilər, 1577 nəfəri qadınlardır. Statistika göstərir ki, ötən illə müqayisədə Azərbaycanda ilk dəfə psixi pozuntu diaqnozu qoyulan xəstələrin sayında 2 dəfə artım qeydə alınıb” (28 iyun, 2016-cı il, yerli KİV).

Səbuhi Pənahov, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini: “Bu ilin (2016-cı ilin – E.A.) 9 ayı ərzində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub. İlin ilk 9 ayındakı intiharların statistikası ötən ilin müvafiq dövrünün statistikasından çoxdur. Orta hesabla götürsək, hər gün təxminən iki azərbaycanlı intihar edir” (22 dekabr, 2016, “Bizim Yol” qəzetinin araşdırmasından).

“2016-cı ildə məişət zorakılğı zəminində qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərində 11.8 faiz artıb”

Dövlət Statistika Komitəsi: “2016-cı ildə məişət zorakılğı zəminində qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərində 11.8 faiz artıb” (16 aprel, 2017-ci il, sputnik.az).

Trend: “Ötən illər ərzində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı artıb. 1990-cı ildə əhalinin hər 1000 nəfərinə düşən boşanma əmsalı (göstərilən dövr ərzində boşanmaların sayının həmin dövr ərzində əhalinin orta illik sayına nisbəti) 2 olduğu halda, 1995-ci ildən bu əmsal 0, 8 göstəricisinə enib. 2005 və 2007-ci illər istisna olmaqla, sonrakı illərdə əhalinin hər 1000 nəfərinə düşən boşanma əmsalı demək olar ki, eyni həddə olub. Lakin 2010-cu ildən sonra bu, yenidən artıma doğru dəyişib və getdikcə yüksələrək 2016-cı ildə 1,4-ə çatıb” (10 iyul, 2017-ci il).

Trend: “Azərbaycanda ilk dəfə narkotik istifadəçisi kimi rəsmi qeydiyyata alınmış narkotik istifadəçilərinin sayı artıb. 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555 nəfər olub. Yalnız 2014-cü ildə 1235 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. 2015-ci ildə isə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2017 nəfər olub” (19 fevral, 2016-cı il).

***

Əslində çeşidli istiqamətlərdə bu cür statistik göstəriciləri uzatmaq da olardı.

Amma gərək görmədim.

Hələ mən yapçıların Azərbaycanında rəsmi statistikanın gerçəkliklə nə qədər ötüşdüyünü demirəm – biz hökumətin xeyrinə olduqda rəqəmlərin necə şişirdildiyini, əks halda isə necə azaldılmağa, gizlədilməyə çalışıldığını yaxşı bilirik.

Dənizin dadını bilmək üçün onu bütün içməyə gərək varmı? Bir ovuc içmək də yetərlidir.

Hələ mən yapçıların Azərbaycanında rəsmi statistikanın gerçəkliklə nə qədər ötüşdüyünü demirəm – biz hökumətin xeyrinə olduqda rəqəmlərin necə şişirdildiyini, əks halda isə necə azaldılmağa, gizlədilməyə çalışıldığını yaxşı bilirik.

Yuxarıdakı rəqəmlərə bundan artıq şərh vermək artıqdır, yersizdir. Onsuz da onlar özü hər şeyi deyir.

Analoqsuz inkişafımıza eşq olsun!

Ura! Ura! Ura!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG