Keçid linkləri

Təcili xəbərlər

İşçiyə sərbəstlik verəndə “qudurmur”


İşçilərə sərbəstlik verməkdən danışanda çox vaxt belə fikirlər səslənir ki, işçilər qudurarlar o halda, xaos olar və s. Əksər şirkətlərimizdə müdirin stolunun üstündə yekə monitorlar olur işçiləri güdmək üçün. Və bunu addımbaşı işçiyə hiss etdirirlər ki, səni güdürəm haa.

İşçi rəhbərlik tərəfindən güdüldüyünü bildiyi halda, addımbaşı işinə müdaxilələr edildikdə heç bir halda məhsuldar ola bilməz. Şirkəti ürəkdən sevə bilməz, bağlana bilməz. Ürəklə işləməz heç vaxt.

Bəs işçiləri sərbəst buraxanda həmişə daha yaxşı olurmu? Təbii ki yox. Bunu etmək çox çətindir. Hər adam bacarmaz. Peşəkarlıq tələb edir o arzuolunan, məhsuldarlığa aparan sərbəst mühiti yaratmaq.

İşçi o vaxt maksimum həvəslə işləyir ki, özünü iş yerində az qala evdəki kimi rahat hiss etsin. O ailə mühitini, motivasiya sistemini yaratmaq və qorumaq isə çətindir. Bunun üçün şirkətdə korporativ mədəniyyət sağlam olmalıdır. O qədər sağlam və möhkəm olmalıdır ki, sui-istiffadəyə meydan qalmasın.

Rəhbərlikdən də peşəkarlıq tələb edir liberal idarəçilik. Rəhbərlik ardıcıl olmalıdır qərarlarında, işə yanaşmasında. Rəhbərlik işçilərə qarşı tərəf kimi baxmaqla yox, bir yumruq kimi eyni yerə vurmaqla yürüməlidirlər. İşçilərlə məsafə saxlamaqla yox, açıq danışmaqla, səmimiyyətlə idarə edilməlidir şirkət. Bu halda lazımsız söhbətlərə də yer qalmayacaq, sui-istifadəyə də. Əksinə işçilər qədrini biləcəklər bu mühitin, daha çox sevəcəklər şirkətlərini, şirkətlə işçilər arasında emosional bağ güclənəcək, şirkətin sahibi kimi aparacaqlar özlərini, maksimum can yandıracaqlar. İşçilər potensiallarını tam ortaya qoyacaqlar bu halda.

Bir də deyirlər ki, Azərbaycanda olmaz bu sistem. Guya ki yuxarıda qeyd etdiyim səmimi mühit, motivasiya sistemi Azərbaycan şirkətlərində, Azərbaycan adamları ilə alınmaz. Çox yanlışdır. Bunu Azərbaycanda tətbiq edən şirkətlər var və sayları get-gedə artır hər il.

Normal, mütərəqqi idarəetmə işçini “sıxmağı” deyil, sərbəstlik verməyi tələb edir. “Sui istifadə olacaq” deməklə özlərinə sığınacaq axtaranlar şirkətlərini geri salırlar. Effektivliyi, məhsuldarlığı azaldırlar. Sui-istifadə olmaması üçün menecment ardıcıl və sistemli olmalı, şirkətin dəyərlərinə arxalanmalıdır. Şirkətin dəyərləri hakim olanda fərdlər müqavimət göstərə bilməyəcək. Necə deyərlər, sui-istifadə etmək sərfəli olmayacaq. Hamı başa düşəcək ki, şirkətdəki bu gözəl mühitin qədrini bilmək, şirkətə can yandırmaq daha sərfəlidir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG