Keçid linkləri

Təcili xəbərlər

Uilyam Folkner: “Amerikada yazıçı it kimidi”


Uilyam Folkner
Uilyam Folkner

Bu gün dahi yazıçı Uilyam Folknerin doğum gündür. Bu münasibətlə onun həyat və yaradıcılığından maraqlı faktları təqdim edirik. Material Folknerin müsahibələri əsasında hazırlanıb.

Kitablarının yazılma müddəti

Sual: “Bir kitabı nə qədər müddətə yazırsız?”

Folkner: “Müxtəlif vaxta yazıram. “Mən öləndə”ni altı həftəyə, “Hay-küy və hiddət”i altı aya, “Avessalom! Avessalom!”u üç ilə yazmışam”.

Qeyd: Həqiqətdə isə Folkner “Avessalom! Avessalom!” romanını 10 aya (30 mart 1935-ci ildən 31 yanvar 1936-cı ilə qədər) yazıb. Roman haqqında ilk qeydləri isə 1926-cı ilə təsadüf edir.

Şeir və nəsr

“21 yaşımda elə bilirdim ki, çox yaxşı şeirlər yazıram. 22 yaşıma qədər də şeir yazmağa davam elədim. 23 yaşımda isə mənim üçün ən yaxşı ədəbiyyat növünün nəsr olduğunu anlayaraq poeziya ilə üzülüşdüm. Ancaq mənim nəsrim elə poeziyadır.”

Müharibə və şüur

“Sizin dünyagörüşünüz gördükləriniz sayəsində genişlənmir. Sizin şüurunuza müharibə təsir edir. Elə insanlar var ki, hər şeyə hazırdırlar və yaşadıqları sayəsində olduqca qiymətli baqaj əldə edirlər. Qalanları isə müharibədən yaxşı şey əldə etmir. Müharibə həyat təcrübəsi üçün olduqca böyük bədəldir. Müharibənin yeganə müsbət cəhəti odur ki, qadınların kişilərdən azad olmağına imkan verir”.

XIX əsrin dahiyanə romanları

Sual: “XIX əsrin dahiyanə romanları hansılardır?”

Folkner: “Yəqin ki, rus romanlarıdır. Mən daha çox rus yazıçılarının adını xatırlayıram, nəinki başqalarını”.

Missisipi universiteti, 1947-ci il

Sual: “Ən böyük yazıçı kimi müasir yazıçılardan beş nəfərin adını çəkə bilərsiz?”

Folkner: “1. Tomas Vulf. 2. Con Dos Passos. 3. Ernest Heminquey. 4. Uilla Kezer. 5. Con Steynbek.”

Qeyd: Bu sualdan sonra auditoriyada olan müəllim sualı verən tələbəyə üzünü tutaraq deyir:

“Məncə siz mister Folknerin təvazökarlığından istifadə edirsiz”.

Müəllimin bu sözündən sonra Folkner siyahıda aşağıdakı düzəlişi edir:

1. Tomas Vulf - bu adam böyük cəsarət sahibi idi və elə yazırdı ki, sanki ömrü az qalmışdı (Tomas Vulf 38 il yaşayıb - red.).

2. Uilyam Folkner

3. Dos Passos.

4. Heminquey - o cəsarətli deyil, heç vaxt ayağını nazik buz qatının üstünə basmayıb və heç vaxt oxucunun onun düzünü-yanlışını yoxlamaq üçün lüğətə baş vuracağı sözlər işlətməyib.

5. Steynbek - bir vaxtlar ona böyük ümidlər bəsləyirdim. İndi əmin deyiləm.”

Folknerin Heminquey haqqında fikirləri kontekstdən çıxarılaraq bütün ölkəyə yayıldı. Bundan sonra yazıçı dəfələrlə fikirlərinin düzgün yozulmadığını, Heminqueyin düzgün qiymətini verməyə çalışdığını söyləmişdi.

1947-ci ilə qayıdış

1955-ci ildə Harvi Brayta müsahibə verən yazıçı 1947-ci ildə Missisipi Universitetində ona verilmiş suala qayıdır:

“Mənə elə gəlir ki, təzədən yazmaq mümkün olsaydı, mən “Pritça”nı daha yaxşı yazardım. Bütün yazıçılar kimi mən də sevimli əsərlərim haqqında bu cür düşünürəm. Tamamlanmış əsər heç vaxt yazıçını qələmə sarılmağa vadar edən mükəmməllik arzusu ilə müqayisə oluna bilməz. Mən “Heminquey cəsarətli deyil” deyəndə, bax bunu nəzərdə tutmuşdum... Mən o mükəmməllik arzusunu və məğlubiyyəti nəzərdə tutmuşdum ki, arzuları ilə yarışa çıxmaq istəyən ən yaxşı müasir yazıçılar bununla qarşılaşmışdılar.”

Folkner davam edir:

“Məndən xahiş etmişdilər ki, ən yaxşılarından başlayaraq beş müasir yazıçının adını çəkim. Mən Vulfun, Heminqueyin, Dos Passosun, Kolduelin və öz adımı çəkdim. Vulfun adını birinci, öz adımı ikinci çəkdim. Heminqueyin adını axırda çəkdim. Dedim ki, biz hamımız uğursuz yazıçılarıq. Bizim heç birimizə mükəmməllik arzusu ilə rəqabət aparmaq nəsib olmadı və mən yazıçıları mümkünsüzə can atmaqla uğradığı məğlubiyyətin böyüklüyünə görə qiymətləndirdim. Mən əminəm ki, Vulf bizim hamımızdan çox mümkünsüzə can atırdı. Məncə Vulfdan sonra buna ən çox mən cəhd etdim. Heminqueyi isə ona görə axırıncı dedim ki, o nəyə qadir olduğunu yaxşı bilir. O bunu əla edir, heç vaxt mümkünsüzə can atmır... Mən bu yazıçıları mükəmməllik arzusuna can atmaqda uğradıqları məğlubiyyətin dərəcəsinə görə qiymətləndirdim.

Bunun onların yaradıcılığına, təsir gücünə və ya mükəmməlliyə nail olmalarının keyfiyyətinə dəxli yoxdu. Mən yalnız məğlubiyyətin əzəmətindən, insanın imkanları daxilində mümkünsüzü əldə etmək cəhdindən danışmışdım”.

“Mən insanlardan yazıram”

“Ola bilsin kitablara hansısa simvol və obrazlar daxil olur, bilmirəm. Yaxşı dülgər nəsə düzəldəndə hara lazımdısa ora mıx vurur. O işini bitirəndə ola bilsin ki, mıxların papağından gözəl bir naxış alınsın, ancaq o naxışa görə mıxı vurmayıb. Mən sadəcə yazıçıyam.

Mən vətəndaş müharibəsi haqqında yazıram. Çünki bütün ömrüm boyu onun haqqında əhvalatlar eşitmişəm. Hər bir döyüşün baş verdiyi yeri bilirəm. Balaca oğlan olanda bir dəfə general Lonqstriti görmüşdüm. Mən ona yaxınlaşdım və soruşdum:

“General, Qettisberq yaxınlığındakı vuruşmada sizə nə olmuşdu?”

Qoca az qala başımı üzəcəkdi”.

Fransızların təsiri

“Mənə Flober və Balzak təsir edib; sonuncunun öz əyri-üyrü qələmi ilə hər şeyi ard-arda yazmaq manerası məni heyrətləndirir. Və əlbəttə Berqson. Mən özümü həm də Prusta çox yaxın hiss edirəm. “İtmiş zamanın axtarışında”nı oxuyandan sonra mən dedim: “Bax bu odur!”. Mən bu əsəri özüm yazmağı arzulamışdım. Malronu tanıyıram, çünki onun incəsənətin psixologiyası haqqında son əsərlərini oxumuşam. Ancaq ki, nə Sartrı tanıyıram, nə də Kamyunu”.

Amerikada yazıçı

“Birləşmiş Ştatlarda yazıçı ölkə mədəniyyətinin tərkib hissəsi sayılmır. O hamının sevdiyi, ancaq heç kəsin ciddi qəbul eləmədiyi it kimidi”.

Ustadlarım

“Hər il “Don Kixot”u oxuyuram. Hər dörd-beş ildə “Mobi Dik”i oxuyuram. “Madam Bovari” və “Karamazov qardaşları”nı da yenidən oxuyuram. Hər on-on beş ildən bir “Əhdi-ətiqə” müraciət edirəm. Məndə Şekspirin bütün əsərlərinin yer aldığı bircildlik var, hər yerə özümlə aparıram və demək olar ki , həmişə az-az oxuyuram. Demək olar ki, hər il təzədən Dikkens, ya da Konraddan nəsə oxuyuram... Mən kimləri ustadım hesab edirəmsə və bir də kimlərin mənə təsiri olubsa onların adını çəkdim.

Naturaya yox

“Yer üzündə o qədər yazmalı əhvalat var ki... Buna görə mənə elə gəlir ki, personajları həyatdan götürüb yazmağa ehtiyac yoxdu”.

Sevimli şairlər

Sual: “Sevimli şairləriniz kimlərdi?”

Folkner: “İngilislərdi, birinci növbədə də Yelizaveta dövrü şairləri. Sonrakı dövr şairlər də xoşuma gəlir: böyük məmnuniyyətlə Poupu, həmçinin Miltonu oxuyuram. Ancaq mənim sevimli şairlərim Şekspir, Bomont və Fletçer, Marlo olaraq qalır. Marlonu Şekspirdən üstün tuturam. Kempion da məni cəlb edir, Tomas Kempion.

Bir az fransız poeziyası ilə də tanışam. Başqa ölkələrin poeziyasını isə çox az bilirəm. Almanlardan, böyük almanlardan mən əlbəttə Höteni oxumuşam”.

Qeyd: Müsahibənin davamında Folkner qeyd edir ki, bir də Con Donn və Kits onun xoşuna gəlir.

XS
SM
MD
LG