Keçid linkləri

Təcili xəbərlər

Əbülfəs Qarayev dövlət mükafatlarının mahiyyətini açdı


Ayşad Məmmədov, Ilqar Cahangir və Abbas Qəhrəmanov

“NƏNƏM SİZƏ YAĞ YAXMASI VERDİ Kİ …”

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev müxalifətin mitinqinə gedən aktyorları qınayan belə bir açıqlama ilə çıxış edib:

“Əfsuslar olsun ki, dövlət mükafatları almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”.

Xatrladım ki, mətbuatda gedən bəzi məlumatlara görə Milli Şuranın oktyabrın 7-də keçirilən mitinqində əməkdar artistlər İlqar Cahangir və Ayşad Məmmədov, habelə aktyor Abbas Qəhrəmanov iştirak ediblər. Hətta onların artıq işdən çıxarılması barəsində də məlumatlar dolaşır.

Bax belə, nə az, nə də çox, ölkənin modda olan nazirlərindən biri, dövlətin özünün vətəndaşına konstitusiya ilə tanıdığı hüquqi aksiyaya, dövlət adından, keçirilməsinə səlahiyyətli orqanlar tərəfindən rəsmi icazə verilmiş kütləvi etiraz aksiyasına “dövlət əleyhinə çıxış” deyir. Prezidentin və dövlət ərkanının tamamının bütün dünyaya “Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq azadlığına heç bir məhdudiyyət qoyulmadığını və insan hqüuqlarına tam təminat verilidiyini” sübuta yetirməyə çalışdığı bir vaxtda, Əbülfəs Qarayev özünün bu açıqlaması ilə bütün o səyləri darmadağın etməklə yanaşı, Avropadan və Amerikadan gözlənilən tələblərə, təhrik və təzyiqlərə, eləcə də sanksiyalara yaşıl işıq yandırmış oldu. Bundan sonra, ya prezident siyasətinin riyakar olmadığını sübut edə bilmək üçün, ən yaxşı halda, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevi təcili istefaya göndərməlidi, ya da…

Daha bunun nə “ya”sı var, nə də “da”sı. Nazir istefaya getmədisə ah-vayı yedik demək. Və bu açıqlama ilə Əbülfəs Qarayev bütün dünyaya göstərdi ki, Azərbaycanda dövlət adından verilən bütün titullar, təltiflər, orden və medallar, “tərifnamə”lər, “fəxri fərmanlar”, hətta rəhbər(lər)in bircə təbəssümü, bircə sözü belə, tək bircə amala xidmət edir ki, nə olursa olsun, insanlar susmalıdlar və onların istər şəxsi, istərsə də toplumsal hüquqlarını tələb etmək haqları əllərindən alınır. Hər şey lap “Cırtdanın nağılı”ndaki kimidi. Nazir olacaq bu adam, bir daha bütün düyaya car çəkib və öz vətəndaşlarına bəyan elədi ki, Azərbaycanda həyat “Nənəm sizə yağ yaxması verdi ki” misalı yaşanır və bu prinsipi pozanlar, bu təşəbbüsdə bulunanlar cəzalandırılırlar…

Belə çıxır ki, bu nazir, ya hələ də “dövlət”, “hakimiyyət” və “hökumət” anlayışlarının fərqini bilmir və bu ifadələri sinonim sözlər kimi qavrayır, ya da ki, Adamın hələ ayrıca dil problemi də var və bir millətin, bir xalqın dili, önun ən böyük mədəni sərvətidir. Xalqın dilini sərbəst bilməyən və bu dildə sərrast danışmaq, rəvan ritorika sərgiləyə bilmək qabiliyyətində olmayan birini, o xalqa mədəniyyət naziri təyin etmək hansı zehniyyətin məhsuludursa artıq, bax burası tamam başqa bir söhbətin mövzusudur.

Bütün hallarda, indi Azərbaycanda olub-bitənlər olduqca naxoş şeylərdir və mədəniyyət nazirinin özünün də naxoş olduğu çoxdan bəllidir. Bununla belə, indiki həssas məqamda da, bu naxoşluğunu gizlədə bilməyən mədəniyyət nazirinin son açıqlaması, fəlakətin göstəricisi, dəhşətin və vəhamətin ta kəndisidir. Bütün bu gerçəklərin fonunda, ölkəyə, millətə, xalqa, ən əsası da dövlətin özünə yazıq olur. Bu ağılda naziri olan hökumət, ard-arda gələn bu rəzalətləri, heç nə olmayıbmış kimi, gözardı edərək, yoluna davam edən hakimiyyət dövləti ayaqda tuta bilməz və bilməyəcək. Dövlətin yox olması isə, hakimiyyətin də, hökumətin də sonunu gətirəcək. Oysa, bütün bu məsələlərdə maraq nədir görən? … yoxsa missiya elə dövlətin özünü yox etməkdənmi ibarətdi?!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG