Keçid linkləri

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirib və siyahısını açıqlayıb. Bu barədə xəbərin başlığını oxuyanda bir yazıçı, tərcüməçi, redaktor kimi sevindiyimdən uçmağa bir cüt qanad axtardım. Evdə əlimə keçəndən - toyuq tükü, qaz lələyi, mum, plastlin - tapıb, özümə qanad düzəltdim. Amma bu "əldaqayırma" qanadlarla ha illah elədim, ha qanad çaldım uça bilmədim. Çünki "biz quş deyilik, tanrıya tanış deyilik" məntiqi qabağımı kəsdi, abrıma qısılıb insan övladı kimi bir siqaret yandırıb təkbaşına şadyanalıq elədim, sevincimi kitab-dəftərlə bölüşdüm. Redaktə etməkdə olduğum mətnə gözaydınlığı verdim, yeni romanımın üz gözündən öpüb yuxarı başa keçirdim, tərcümə etməyə hazırlaşdığım romanın üz qapağından yapışıb rəqsə dəvət etdim. Xülasə bir sürü şadlıq-şitlikdən sonra, toxtayıb xəbəri oxumağa girişdim.

Xəbərin mətnini oxuduqca canıma istilik yayıldı. Əvvəlcə pərişan oldum, sonra ağladım, ən axırda da saçımı yoldum. Hərçənd saçım da elə çox deyil, amma siz buna fikir verməyin. Siz yeni sözlərin şəhd-şəkərinə, bal dadına diqqət kəsilin. Hə vallah. Mən hikkəmdən, əsəbimdən ölsəm də, siz belə şeylərə fikir verməyin. Allahdan gizlin deyil, sizdən nə gizlədim...Öz aramızda qalsın... Axı elə bil bu komissiya müəyyənləşdirdiyi sözləri bizə "soxuşdurmaq" istəyib, yox?

...Lüğətimizdə konkret leksik mənası olan sözü, yenə də konkret leksik mənası olan sözün yerinə təklif etmək və bu da azmış kimi bunu ictimaiyyətə açıqlamaq böyük hünər istər. Hələ bu harasıdır, Komissiya sədrinin müavini bildirib ki, biz bundan sonra alınma sözlərdən yox, Komissiyanın "min bir əziyyətlə" tapdığı geydirmə, üzr istəyirəm qondarma sözlərdən istifadə etməyə məcburuq. Mətbuata açıqlanan bəzi sözləri sizlərlə də bölüşüm ki, söhbətin nədən getdiyini anlamaq çətin olmasın.

Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi alınma sözlər:

"zaryadka" - "yükləmə",

"adapter" - "yükləyici",

"embarqo" - "qadağa",

"evakuasiya" - "köçürülmə",

"proqnoz" - "öncəgörmə",

"konsensus" - "yekdillik",

"kserokopiya" - "üzçıxarma",

"like" - "bəyənmə",

"mesaj" - "ismarıc"

İndi Komissiyanın gördüyü işi azacıq təhlil edək. Götürək "embarqo" sözünü. İspan kökənli bu söz artıq beynəlxalq termin statusundadır. Elektron resurslarda və dilimizin izahlı lüğətində bu söz belə izah olunur: "embarqo" : [isp.] hüq. Bir ölkəyə mal gətirilməsinin və ya oradan mal çıxarılmasının qadağan edilməsi.

Komissiya deyəsən bekarçılıqdan bu sözün qarşılığı olaraq "qadağa" sözünü təklif edib. Bəli, məhz bekarçılıqdan. Əgər belə olmasaydı, həşəmətli və əzəmətli alimlərimiz "qadağa" sözünün "embarqo" sözünün yerinə işlənə bilməyəcəyini nəzərə alardılar.

Və yaxud "kserokopiya" sözünün qarşılığı olaraq "üzçıxarma" sözünü təklif edən ziyalımız nə düşünüb görəsən? Belə də qondarma söz olar? Amma olar. Çünki bu sözü Terminologiya Komissiyamız tapıb və bizə sırımağa çalışır. Ümumiyyətlə bu Komissiya niyə zəhmət çəkib "terminologiya" və "komissiya" sözlərinin qarşılığını tapmır?

Hələ bu tapıntılara baxın: "proqnoz" - "öncəgörmə", "konsensus" - "yekdillik"... Yox bir, bəlkə belə edək: "proqnoz - tezgörmə, cəldgörmə, ilkgörmə"? Ya da "konsensus" yerinə "həmrəy, həmfikir"?

Siz allah, mən cahiləm, bəlkə aranızda xatırlayan olar. Bu "mesaj" sözünün yerinə təklif etdikləri "ismarıc" sözü, doğma dilimizin lüğətində "ismarış" kimi verilməyib ki? Bəlkə mən səhv edirəm?

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan komissiya sədrinin müavini qeyd edib ki, kompüter "mouse"-nun qarşılığı kimi "bələdçi" sözündən istifadə olunması təklif edilir.

"Aman tanrım, Cek, dostum sənin anan düz eləmir! Lənətə gələsən Cek, bu nə biabırçılıqdır!" (Bu cümlələri elə-belə yazıram, söhbətə dəxli yoxdu. Hansısa filmin dilimizə dublyaj olunmuş variantında eşitmişəm.)

- "çı" leksik şəkilçisi isimlərdən sənət anlayışı bildirən düzəltmə isimlər düzəldir. Məsələn: bostançı, dəmirçi, traktorçu, üzümçü. Bu məntiqlə kompüterdə işləməyimizi asanlaşdıran bu alət əslində alət deyil. Xalq dilində desək, kompüter "maus"u öz yanında "bələdçi" işinə götürüb ki, bizi elektronik cihazla tanış etsin...

P. S: Xülasə, zarafat bir yana, meyar yanlış, təklif edilən variantlar demək olar ki, biabırçılıqdır. Yaxşı olar ki, Komissiya təklifi irəli sürməmişdən əvvəl yazıçılarla, şairlərlə, jurnalistlərlə, gənc dilçilərlə, varsa, poliqlotlarla bu barədə ətraflı müzakirələr aparsın.

Yoxsa bu cür təkliflər, həqiqətən gülüncdür...

Yenə deyirəm, "Aman Tanrım, Cek..."

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG