Keçid linkləri

Bu gün Böyük Oktyabr Sosialist İnqilabının 100 illik yubileyidir. Dünən Prezident “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Fərman imzalayıb. Sırf formal yanaşsaq, sözügedən Korporasiya hələ yaradılmayıb. Çünki nizamnaməsi təsdiq olunmayıb. Mülki Məcəllənin 45.1-ci maddəsinə əsasən isə hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Nizamnamə yoxdursa, deməli, Korporasiya da hələ yoxdur. Maraqlısı həm də odur ki, Fərmanda, digər oxşar fərmanlardan fərqli olaraq, nizamnamənin hazırlanması haqda heç tapşırıq da yoxdur. Yəqin müəlliflər çox tələsdikləri üçün bu vacib məsələni unudublar.

Məlum olduğu kimi, Beynəlxalq Bankın problemli kreditləri “Şapka Mamed”in (Məmməd Musayev) rəhbərlik etdiyi “Aqrarkredit”ə ötürülüb. Sonuncu da həmin kreditlərin müqabilində borcluların əmlakını (əsasən müəssisələri və daşınmaz əmlakı, bir sözlə, “obyekt”ləri) öz balansına keçirir, o cümlədən qanunsuz yollarla, amma məhkəmələr onu tam dəstəkləyir.

Fərmanın digər hüquqi qüsurları da var: məsələn, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adı natamam yazılıb və s. Lakin hüquqi məsələlərə ölkəmizdə elə də önəm verilmədiyi üçün bu “xırda” şeylərin üzərində çox dayanmayaq. Əsas, məsələnin mahiyyətidir. Mahiyyət isə bundan ibarətdir. Məlum olduğu kimi, Beynəlxalq Bankın problemli kreditləri “Şapka Mamed”in (Məmməd Musayev) rəhbərlik etdiyi “Aqrarkredit”ə ötürülüb. Sonuncu da həmin kreditlərin müqabilində borcluların əmlakını (əsasən müəssisələri və daşınmaz əmlakı, bir sözlə, “obyekt”ləri) öz balansına keçirir, o cümlədən qanunsuz yollarla, amma məhkəmələr onu tam dəstəkləyir. Sonra da “Şapka Mamed” həmin əmlakı idarə etməyə başlayır. Yəni gözlənildiyi kimi satıb pula çevirmirdi ki, Beynəlxalq Bankın problemli kreditlərinin heç olmasa bir qismi pul şəklində dövlətə qayıtsın. Buna görə də “Aqrarkredit” faktiki olaraq iri dövlət obyektlərinin idarəçisinə çevrilmişdi. Əmlak Məsələləri Dövlət Komitəsi kimi.

Kərəm Həsənov özəlləşdirmə apara bilmədiyi (və ya istəmədiyi) kimi, “Şapka Mamed” də obyektləri sata bilmir (və ya satmaq istəmir). İndi isə “Şapka Mamed”in əlindən bu “yağlı tikə”ni aldılar və verdilər Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun rəhbərlik edəcəyi (Müşahidə Şurasının sədri qismində) Korporasiyaya. Böyük ehtimalla yavaş-yavaş bu Korporasiya Kərəm Həsənovun da idarə etdiyi dövlət müəssisələrinə əl qoyacaq ki, onları da “özəlləşdirə bilmirsinizsə, verin biz idarə edək”.

Ən maraqlısı da elə məhz budur. Bir tərəfdən, dövlətimiz özəlləşdirməni iqtisadi siyasətinin prioriteti elan edib. Lakin özəlləşdirmə çox ləng gedir. Digər tərəfdən, dövlətimiz Beynəlxalq Bankın problemli kreditlərini qaytarmaq istəyir, amma nəticədə borclular (əsasən məmurlara bağlı olan sahibkarlar) dövlətə pul deyil, müxtəlif əmlakları verir və dövlət onları satmır. Niyə? Ona görə ki, alan yoxdur. Özəlləşdirən olmadığı kimi. Hər halda təklif edilən yüksək qiymətlə alan yoxdur.

Azərbaycanda son 20 ildə dövlət əmlakı maraqlı dövriyyə etdi. Əvvəlcə, onun xeyli hissəsi ucuz qiymətlə (ən azı rəsmi olaraq) özəlləşdirildi. Sonra ölkəyə neft pulları axdı və obyektlərin qiyməti sürətlə artdı. Həmin qiymətlərə əsaslanaraq banklar (ilk növbədə Beynəlxalq Bank) milyardlarla kreditlər verdi...

Azərbaycanda son 20 ildə dövlət əmlakı maraqlı dövriyyə etdi. Əvvəlcə, onun xeyli hissəsi ucuz qiymətlə (ən azı rəsmi olaraq) özəlləşdirildi. Sonra ölkəyə neft pulları axdı və obyektlərin qiyməti sürətlə artdı. Həmin qiymətlərə əsaslanaraq banklar (ilk növbədə Beynəlxalq Bank) milyardlarla kreditlər verdi. Bu kredit vəsaitlərinin əksər hissəsi xaricə axdı (kapital axını). İndi isə kreditlər geri tələb olunanda borclular (məmur-sahibkarlar) artıq xeyli ucuzlaşmış, əvvəllər elə dövlətə məxsus olmuş və ya elə dövlətin kreditləri hesabına tikilmiş obyektləri qaytarır (faktiki olaraq borclular canlarını bununla qurtarmağa şaddır, onsuz da əsas aktivləri artıq xaricdədir). Verilmiş kreditlər müqabilində bu obyektlərin qiyməti artıq qəpik-quruşdur. Onları normal qiymətə satmaq olmur. Həmçinin ona görə ki, ölkəyə pul yatırmaq istəyən yoxdur, istəyənin isə pulu yoxdur. Buna görə də dövlət həmin əmlakı idarə etməyə məcburdur.

Yeni yaradılmış Korporasiyanın Əmlak Məsələləri Dövlət Komitəsindən və “Aqrarkredit”dən əsas fərqi də məhz budur ki, dövlət müvafiq əmlakı müvəqqəti (özəlləşdirilənədək, satılanadək) deyil, uzunmüddətli idarə edəcəyini gizlətmir. Mövcud şəraitdə bu, praqmatik qərardır. Müvəqqəti inzibatçılığa son qoyulmalı, dövlət əmlakının məsuliyyətli idarəedilməsinə başlanılmalıdır (olacaq, ya yox – bu başqa məsələdir və nəticəni görəcəyik). Beləliklə, Lenin inqilabının yubileyi günündə Azərbaycanda özəl deyil, əsasən dövlət mülkiyyəti üzərində qurulmuş iqtisadiyyatın olduğu etiraf edildi. Bu baxımdan SSRİ təcrübəsi də aktual olacaq. Bu da bir paradoksdur: SSRİ-dən qalma məmurlar yavaş-yavaş ölür və ya sıradan çıxır, onların yerinə bazar iqtisadiyyatının tərəfdarları (ən azı dildə) gəlir, amma idarəetmə daha çox sosialist (mərkəzi planlaşdırma və s.) metodlara söykənir. Bir sözlə, özəlləşdirmə əvəzinə daha çox milliləşdirmə gedir. Bu, nə yaxşı, nə də pisdir. Sadəcə reallıqdır. Hər bir idarəetmə metodunun üstün və zəif cəhətləri var. Əsas odur ki, həmin metodları savadlı və dürüst insanlar tətbiq etsin. Başlıca problemimiz də elə məhz budur…

P.S. Ümumiyyətlə, SSRİ eksperimentinin müsbət cəhətləri də olub və onlar öyrənilməlidir. Elə bu gün 100 illiyi qeyd olunan Böyük Oktyabr Sosialist İnqilabının da bizim üçün müsbət tərəfləri də olub. Olmasaydı, yəqin Azərbaycan Xalq Cümhuriyyəti də olmayacaqdı, deməli, onun varisi müasir dövlətimiz də olmayacaqdı…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG