Keçid linkləri

Ankarada imsak azanı oxunur; mürgülü dindarlar namazlarının ilk rükətini pıçıldamağa başlamadan öncə yazımın ilk rükətində bəyan edim ki, mən bu sözləri kiminsə qarasına Abbasilər dövrünün “sübh oxları” deyilən bəddualar kimi yazmıram, məqsədim kiminsə çoxdan urranmış bostanına daş atmaq deyil. Bu yazı ədəbiyyatımızın kökündən yanlış bünövrə üzərində inşa edilmiş ədəbi tənqidinə ümumi bir “əlgəzdiridir”. Aşağıda deyəcəyim fikirlərə görə “söz azadlığı bizə nə verib ki” deyən yaşlı yazıçımız kimi də hər hansı ədəbi inkivizisiyanın diqqətini çəkmək məqsədi güdmürəm.

İllər öncə, şairlərimiz şəkilləri ilə deyil, şeirləri ilə müzakirə mövzusu olanda onlardan birinin həyat və yaradıcılığını bazara çıxaran tənqidçilərimizdən birinin yazısında belə bir cümlə oxumuşdum: ...

İstəyim “eşitdiklərim, gördüklərim, oxuduqlarım”dan gəldiyim nəticəni oxucularımızla bölüşmək. İllər öncə, şairlərimiz şəkilləri ilə deyil, şeirləri ilə müzakirə mövzusu olanda onlardan birinin həyat və yaradıcılığını bazara çıxaran tənqidçilərimizdən birinin yazısında belə bir cümlə oxumuşdum: “şeri şeir, hekayəsi hekayə, qanacaq, qabiliyyəti də öz yerində”. Çox çəkmədi ki, bu cümlənin bütün Azərbaycan ədəbi tənqidinin ruhunu, fəlsəfəsini, reallığını ifadə edən bir ayə olduğundan agah oldum. Ondan da agah oldum ki, bizim şair və yazıçı bu cümlənin “şeri şeir, hekayəsi hekayə” olan birinci hissəsini haqq etmək üçün, ikinci “qanacaq, qabiliyyət” hissəsini ömrünün Damokl qılıncına çevirməlidir. Mənə görə ədəbiyyatımızın, şudra ailə ənənələrində olduğu kimi, anadangəlmə vurulub sındırıldığı üçün axsayan ayaqlarından biri də ortada azad düşüncəyə, azad zövqə, fərdi mühakiməyə əsaslanan ədəbi tənqidin əvəzinə, şairi, yazıçını kimlərinsə (oxucuların deyil, əlbəttə) zühuruna, gərdəyinə, üzgördüsünə sunan, təqdim edən görücü üsulu bir ədəbi tənqidin olmasıdır.

Tənqid və tənqidçi dedikdə bizim gözümüzün önündə ölkədə əsər yazıldığı üçün əndişələnən, gözünə yuxu getməyən, tabu və ehkamların əldən gedəcəyi qorxusu ilə çıldırmış və bunun baş verməməsi üçün ədəbi mövhumatın gücünü hərəkətə gətirmək üçün əlinə qələm alıb fətvalar qaralayan bir kahin obrazı canlanır.

Əgər siz bizim tənqidçiyə maarifçi gözü ilə baxsanız, önünüzdə əsəbi, önyarğılı, lakin büt kimi soyuq bir inkivizisiya məhkəməsinin üvzünü görəcəksiniz, yox, əgər siz ona bir modernist gözü ilə nəzər yetirsəniz, bu dəfə qarşınızda yaramaz bir burjua əxlaqçısının dayandığına şahid olacaqsınız. Hər iki halda o, qisas almaq üçün zühur edəcək. “Nəyin qisasını?” Elə bilməyin ki, sualınızı eşitmədim, ta başından məhkum olunduğu maaşlı tənqidçilik işinin qisasını, azadlığını rahatlığına qurban vermiş nakam şairin qısasını, dəyişmək istədiyi həyata kimsə toxunmasın deyə uyuq təyin olunmasının qisasını, ədəbi proseslərin önündə addımlamaq əvəzinə, arxasınca süründüyünün qisasını.

Gəlin görək tənqidçilərimiz özlərinin tərbiyəçi hikkəsi ilə şair və yazıçılarımızdan necə bir məxluq qayırmaq istəyirlər və bu günə kimi “qayırdıqları” ədəbi məxluqlar indi ədəbiyyatın hansı künc-bucağında çürüyür?

Bu qədər bəsdir, bu cür sərt başlanğıc yazını hədəfindən yayındıra bilər. Gəlin görək tənqidçilərimiz özlərinin tərbiyəçi hikkəsi ilə şair və yazıçılarımızdan necə bir məxluq qayırmaq istəyirlər və bu günə kimi “qayırdıqları” ədəbi məxluqlar indi ədəbiyyatın hansı künc-bucağında çürüyür? Siz mənə inanmayın, götürün yaşınızdan bəri istənilən tənqidçimizin istənilən bir yazısını oxuyun, ya da icazə verin, bəri başdan mən deyim orada nə oxuyacağınızı. O yazıda çoxluğun, ümuminin, sözə inzibati nəzarət funksiyasına məsulmuş kimi davranan yekdil heyət adından danışan bir üslubla qarşılaşacaqsınız. Bu üslub tənqid etdiyi şair və yazıçıdan əvvəlcə iki şey tələb edəcək; hər hansı təşkilati, çete (ədəbi izm, cərəyan falan yox, zatən bizim ədəbi tənqid izmləri sevmir) standartlarına cavab vermək və yuxarıların təsdiq etdiyi toplu zövqə uyğun etika, estetikaya kənizlik etmək. Bu, birinci turun tələbləridir. İkinci turda tənqidimiz şair və yazıçının damarlarından axan qanda ənənəçiliyin faiz göstəricilərinə baxır, tibbdə buna DNA testi deyilir. Əgər əsərdə sənayeləşmə, texnologiyalar dövrünün əlamətləri görünsə, o müəllifin eşşəyi öldü. Sən bir ənənəvi sürünü təmsil etməlisən, çünki bizim tənqidimizin gözü şairi, yazıçını tək görə bilməkdən məhrumdur, onu həmişə ilan gözü kimi boz bir fondan qaraltı olaraq seçir.

Tək şair bizim tənqidin gözünün düşməni, başının ağrısıdır. O, ədəbiyyatda oxucu ilə qarışıq saldığı xalqın, kütlənin təmsilçisi olduğu üçün özünə borc bilir ki, gözünə sataşan hər bir fərddən kütləvi obraz yaratsın. Onun, özbəkcə desək, ən böyük qəbahətliliyi oxucu ilə xalqı qarışıq salmasıdır, oxucunu ədəbi bir vahid kimi, tək kimi kütlədən, kütləvi zövqdən ayıra bilməməsidir. O, şairi, yazıçını tək təsəvvür edə bilmədiyi kimi, oxucunu da tək təsəvvür edə bilmir.

Sonra siz o tənqidi yazının üçüncü turunda belə bir şey görəcəksiniz ki, tənqidçinin məqsədi topa tutduğu müəllifi qorxudaraq öz yanına çəkmək, ya da özü qorxduğu üçün onu yanından ayrılmağa qoymamaqdır. Çünki özü də bir tənqidçi olaraq tək qalmaqdan, təklənməkdən qorxur. Əgər o, bir şairi, yazıçını topa deyil, bəy tərifinə tutursa, yenə elə bir üslubdan istifadə edir ki, görən desin, tənqidin şairi meydanda tək qoymamaq kimi bir missiyası varmış. Hətta bizim tənqid tərifləyəndə də sinəsini təkliyin önünə verib şairi öz təkliyindən qoruyur və bu zaman əlaltında olan digər imzaları onun köməyinə çağırır.

Hətta hər bir tənqidçinin leksikonunda təhlükəsizlik şurasını təmsil edən 10-15 ipləmə şair, yazıçı imzası var ki, bu imzaların işi təkliklə mübarizədə ədəbi tənqidə kömək etməkdir.

Hətta hər bir tənqidçinin leksikonunda təhlükəsizlik şurasını təmsil edən 10-15 ipləmə şair, yazıçı imzası var ki, bu imzaların işi təkliklə mübarizədə ədəbi tənqidə kömək etməkdir. Çünki bu tənqid ədəbiyytda zoru, gücü missiya kimi öhdəsinə götürüb. Məsələn, siz yaşınızdan bəri bir tənqidçinin Əli Kərim haqqında Haydar Ergülenin Edip Cansevərdən yazdığı yazıda dediyi “içki dənizində üzən şairlər” bənzətməsinə yaxın bir səmimilik gördünüzmü? Yox, bizim tənqidin inkivizitor mövhumatı, burjua əxlaqı buna imkan verərmi? Əsərlərin dilinə “ağırdır”, “yüngüldür” deyib fiziki təsbitlərlə yanaşaraq dili bərk materiya şəklində gördükləri kimi, şairi, yazıçını da ruhsuz bir heykəl kimi tərənnüm və təftiş edir tənqidimiz. Çünki o, şeirdə əzab çəkən şairi tanımır, onu imzada dincələn şair maraqlandırır. Çünki bizim tənqid şairin yaranma prosesində iştirak etmir, şairi, yazıçını yaradan prosesə şərik deyil, onun işi proses şairi, yazıçını yaratdıqdan sonra başlayır. O, duyğunun şerə hardan və necə gəldiyini bilmir, amma oxucuya şairdəki duyğunun yerini göstərmək istəyir. Ona görə də tənqidimizin sevdiyi şairi və şeri oxucu sevmir. Ona görə də tənqidimizin arxivi şair və şeir zibilliyinə çevrilib.

Bizim tənqid əsərdə, adətən, iki şeyə nəzarət edir; əxlaq və ənənə - ədəbiyyatın, sənətin təməldən bəri dəyişmək istədiyi və dəyişdiyi iki fenomen. Heç kim təsəvvür belə edə bilməzdi ki, bir vaxtlar Tolstoyun başdan-ayağa insan xarakterlərindən ibarət nəsrinin arxasınca Kafka kimi biri gəlib dünyanın özünün, ümumiyyətlə, xaraktersizlik mühiti olduğunu sübut edəcək. Bizim ədəbi tənqid bu gün də buna inanmır və qarşı çıxır.

Maarifçiliyi “Molla Nəsrəddin”çilik, modernzmi sərbəst şeirçilik, postmodernizmi isə başından biabırçılıq səviyyəsində qanan və qandıran tənqidimizin bu əxlaqi və ənənəvi nəzarətinin qorxusundan ədəbiyyatımızın qapısı yeni mövzulara və yeni xarakterlərə qapalıdır. 20-30 yaşlı nasirlər öz istedadlarının tövləsini Haqverdiyevin qoca qəhrəmanlarına kürütdürürlər.

Yüz illik nəsr tariximizə baxsaq, aşağı-yuxarı eyni adamların avaralandığını görəcəyik hekayə və romanlarda. Hüqo ilə Kunderanın obrazları arasındakı təkamül bizim nəsrdə baş verməyib.

Yüz illik nəsr tariximizə baxsaq, aşağı-yuxarı eyni adamların avaralandığını görəcəyik hekayə və romanlarda. Hüqo ilə Kunderanın obrazları arasındakı təkamül bizim nəsrdə baş verməyib. Bizim nəsrin qəhrəmanı Verterdən Qrenuya uzanan yoldan xəbərsizdir. Halbuki dünyanın hər yerində bədii əsərlərə yeni mövzular, yeni ədəbi personajlar tənqid mühitindən gəlir. Məsələn, madam Bovari marksist tənqidin yetirməsidir. Tənqidçilərimizin tənqid mühitini genişləndirmək əvəzinə get-gedə daraldaraq, az qala, öz təxəyyülləri ilə məhdudlaşdırması, hakim əxlaq və ənənəni çoxluğun adından fərdlərə qarşı silah kimi istifadə etməsi, buraxın yeni mövzuları, obrazları da, Azərbaycan nəsrini ənənəvi hadisəçilikdən belə bir addım uzaqlaşmağa qoymayıb. Dilin ağırlığı ittihamı ilə yazıçıları mürəkkəb mövzulardan çəkindirən, hamını ucdantutma yüngül, axıcı dillə yazılan hadisə, rəvayət mirzəsinə çevirən tənqidimizin yaratdığı duyğu və fikir iqlimi kinonun belə hadisədən qaçmağa çalışdığı bir dövrdə ədəbiyyatımızı “başagəldi” sujetlərin səthi dillə yazıldığı məktəbli inşaları ilə doldurub. Yazıçılarımız mənalandırmağa borclu olduqları dünyanı deyil, özlərinə qədər mənalandırılmış dünyanı yazır. Hadisənin dilə deyil, dilin hadisəyə çevrildiyi bir çağda Azərbaycan tənqidinin mövzusu müəllifin dili yox, hadisənin təfsiridir. Halbuki ətrafımızda ədəbiyyat hadisənin özünü yox, dilini yazır, oxucunu hadisənin deyil, dilin; mənzərənin deyil, rəngin; sujetin deyil, xaosun həyəcanı ilə ofsunlayır.

Ədəbiyyatımız özünün “Qaranlıq çağı”nı yaşayır. Bu qaranlıqdan qaçış isə yalnız bir halda mümkün olacaq. Hər şeyi yenidən yazmaq! Hər şeyi yenidən mənalandırmaq!

P.S. Mən burda "ədəbi tənqid" dedikdə, təkcə tənqidlə akademik şəkildə məşğul olanları nəzərdə tutmurdum, onların dili və təfəkkürü ilə bir-birini tənqid və tərif edən şairlərimizi, yazıçılarımızı da “güllələyirdim”.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG