Keçid linkləri

10 noyabr türk dünyasının böyük lideri Mustafa Kamal Atatürkün dünyasını dəyişdiyi gündür. Mustafa Kamal Atatürk ölümün belə öldürə bilmədiyi liderdir. O, sadəcə, dünyasını dəyişdi. O, dünyada olmamasına baxmayaraq, 79 ildir bu dünyadakı milyonların sevgisini hiss edir.

79 ildir davam edən bu adət bir daha isbat edir ki, Atatürk tarixin yetişdirdiyi nadir liderlərdəndir. Bunu tək biz demirik. Dünyaca məşhur siyasət adamları da söyləyir.

Onun uyuduğu Anıtqəbirə hər gün yüzlərlə insan ziyarətə gedir, Türkiyə Cumhuriyyətinə rəsmi və qeyri-rəsmi səfər edən dünyaca məşhur siyasətçilər, elm adamları, sənətçilər möhtəşəm türk Mustafa Kamal Atatürkün məzarını ziyarət etmədən ölkələrinə dönmür. 79 ildir davam edən bu adət bir daha isbat edir ki, Atatürk tarixin yetişdirdiyi nadir liderlərdəndir. Bunu tək biz demirik. Dünyaca məşhur siyasət adamları da söyləyir.

1938-ci il İngiltərənin baş naziri Uinston Çörçill Atatürkün ölümü ilə bağlı demişdi: "Savaşda Türkiyəni qurtaran, muharibədən sonra da türk ulusunu yenidən dirildən Atatürkün ölümü yalnız aid olduğu ölkə üçün deyil, Avropa üçün də ən böyük itkidir. Hər təbəqədən olan insanların onun arxasınca tökdüyü göz yaşları bu böyük qəhrəmana və müasir Türkiyənin atasına layiq bir uğurlamadır".

Əfqanıstan kralı Əmənullah Xan da, “O böyük insan yalnız Türkiyə üçün deyil, bütün Şərqdə yaşayan millətlərin ən böyük öndəri idi”, - demişdi.

Biri avropalı, digəri isə şərqli olan siyasətçilərin ikisinin də Atatürklə bağlı dediklərinə diqqət etsək, ulu öndərin dünyəvi bir lider olduğunu bir daha anlamış olarıq. Dostun da, düşmənin də qəbul etdiyi böyük lider idi Mustafa Kamal Atatürk. 79 ildir daxildəki və xaricdəki düşmənlər durmadan onun düşüncələri ilə savaşır. Qurduğu cumhuriyyəti “yox” etməyə çalışırlar. Amma böyük şair Mustafa Aslanın fikirlər ilə desək:

Bu millətin sadiqi çoxdur həp xainindən,

Yaxındır, post yaparız xainlərin gönündən.

Hər millətin sabahı bəlli olur dünündən,

Atatürk "Xəstə Adam" sanılan xamurdandır,

Bu xamuru yoğuran Allahdır, Yaradandır.

Yəni Tanrı sevdiyi millətlərə hər əsrdə, çətin vəziyyətdə olduğu anda bir lider göndərir. Türk milləti çox şanslıdır ki, ona da Mustafa Kamal Atatürk kimi bir öndəri göndərdi. Tamamilə bitirilmiş Osmanlının küllərindən bu gün dünyaya meydan oxuya bilən Türkiyə Cumhuriyətini qurmuş bir liderə cahil insanlar saldırsa da, heç bir işə yaramaz. Bu gün bu məmləkətdə ona ən çox saldıranları namaza çağıran əzan oxunursa, Mustafa Kamal Atatürk sayəsindədir. Bu gün bu məmləkətdə çoxları atasının kim olduğunu bilirsə, rum, ingilis və başqa dillərdə deyil, türk dilində danışıb, türk bayrağı altında dayanıb, İstiqlal marşını oxuyaraq:

Qorxma sönməz bu şəfəqlərdə üzən al sancaq,

Sönmədən yurdumun üstündə tütən ən son ocaq.

O mənim millətimin ulduzudur parlayacaq,

O mənimdir, o mənim millətimindir ancaq, -

sözlərini oxuya biliriksə, o böyük insana borcluyuq. Allahın sevimli bəndəsi olan böyük liderə Tanrıdan rəhmət diləyir, ruhun şad olsun deyirəm.

P.S. Bu gün yenə milyonlar 09:05-də bir anlıq susacaq, hərəkət etməyəcəklər. Çünkü o dəqiqədə bəşərin heyranlıqla seyr etdiyi və haqqında danışdığı böyük lider cismən aramızdan ayrılmışdır. Bu gün milyonlar Atamı hörmətlə anacaq - onu sevənlər də sevməyənlər də Anıtqəbirə gedib qarşısında baş əyəcək. Mustafa Kamal Atatürkün böyüklüyü budur. Dostu da, düşməni qarşısına gətirib saygı duruşu etdirə bilər. 79 ildir ölümlə birlikdə düşmənin savaşıb yox edə bilmədiyi böyük lider. Yolundan dönməyəcəyimizə ən böyük xəyalın olan Turan yolunda mübarizə aparacağımıza ruhun qarşısında söz verirəm. Sən mənim səcdə etdiyim lidersən. Küllərindən türkü yenidən dirildən böyük şəxsiyyət qarşında baş əyirəm.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG