Keçid linkləri

Təcili xəbərlər

Böyük əxlaq və kiçik tərbiyələr


O gün - bu dəfə müsəlmanın yox, xristianın o günü - Katolik Kilsəsinin müdiri Papa Fransisko Beynəlxalq Kosmik Stansiyası ilə videobağlantı yaradıb kosmonavtlara bir neçə sual verdi. Papanın mücərrəd məzmunlu suallarının bir neçəsi və onlara verilən kosmik cavablar səhəri gün dünya mediasında, sosial şəbəkələrdə, qədim çayxanalarda çənədən-çənəyə, telefondan-telefona uçdu.

Bu yazıda yazıçı, şair öz xalqının, ölkəsinin fotoaparatı yox, Rentgen aparatı olmalıdır deyib, cəmiyyətimizin içalatının rentgenoqrafisyasını çəkməyə cəhd edəcəyəm.

O sualların birində Papa soruşurdu ki, a bala, oradan baxanda dünya necə görünür? Sual nə qədər simvolik xislətli olsa da, insani bir narahatlığı ifadə edirdi. Çünki kənardan necə görünmək deyə bir dərdi var insanın. Yaxşı da pul gətirir. Yer üzündə qaynaşan 7 milyardlıq kütlənin ən hərəkətli hissəsi dünyanın hər yerində bu dərdin arxasıca qaçışır geniş küçələrdə. Təkcə insanların deyil, ölkələrin də içini gəmirir bu sual: kənardan necə görünürük? Hətta elə ölkələr var ki, onlar kənardan necə görünürük marağına yox, ümumiyyətlə, görünürükmü əndişəsinə pul xərcləyirlər. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri. Hərdən Bakıdakı dostlar da məndən Türkiyədən necə göründüyümüzü soruşurlar. Bu yazını da elə bu sualın ətrafında taqqıldatmışam kompüterimin dünyaya açılan pəncərəsinə. Bu yazıda yazıçı, şair öz xalqının, ölkəsinin fotoaparatı yox, Rentgen aparatı olmalıdır deyib, cəmiyyətimizin içalatının rentgenoqrafisyasını çəkməyə cəhd edəcəyəm.

Keçən yazımızda ədəbiyyatımızı Prometey kimi Qafqaza zəncirləyən, dəbərməyə qoymayıb ciyərini qoca qartallarımıza yem edən meyarın əxlaqçı və ənənəçi zorbalıqlar olduğunu yazmışdıq, bu yazımızda eyni zorbalığın cəmiyyətimizi necə “iki dağ arasına” (Böyük və Kiçik Qafqazları nəzərdə tuturam, başqa şey düşünməyin) sıxışdırdığından və bunun kənardan necə göründüyünüdən danışacağam.

Tələsmədən qeyd edim ki, Bakıdan hava yoluyla iki saatlıq məsafədən baxanda biz gerçəklərin üstünü yanlış anlayışlarla örtmüş və bu yanlış anlayışlar yorğanının altında nə hoqqadan çıxdığını heç özü də vecinə almayan balaca dionislərə bənzəyirik.

Biz əxlaqı tərbiyə kimi başa düşürük və bu birmənalı olaraq uzun müddət müstəmləkəçilik tərbiyəsində böyüməyimizin nəticəsidir. Təəssüf ki, bu gün də bizdən hər yerdə - metroda, ədəbiyyatda, televiziyada, mediada - əxlaq yox, tərbiyə tələb olunur, yəni öyrədilmiş vərdiş və davranışların icrası.

Bu yanlış anlayışların ən təhlükəli olanı və bizi daim yuxarıdan aşağa dartan, dünyəvilikdən məişət, tarixdən tale səviyyəsinə endirən əxlaq və tərbiyə anlayışlarıdır ki, hər bir inkişaf etmiş və geridə qalmış xalq bu anlayışlara münasibətinin çörəyini yeyir, yaxud qızıl teştinə qan qusur. Yanlışlığımız bu iki anlayışı bir-birindən ayırd edə bilməməyimizdir. Biz əxlaqı tərbiyə kimi başa düşürük və bu birmənalı olaraq uzun müddət müstəmləkəçilik tərbiyəsində böyüməyimizin nəticəsidir. Təəssüf ki, bu gün də bizdən hər yerdə - metroda, ədəbiyyatda, televiziyada, mediada - əxlaq yox, tərbiyə tələb olunur, yəni öyrədilmiş vərdiş və davranışların icrası. Əxlaq tərbiyə deyil, atam balası, əxlaq geniş anlayışdır, əxlaqın içinə atası yaşında kişi ilə yatan Lolita da sığır, qızı yaşında qızlarla yatan şeyx Nəsrullah da. Da Vinçinin bakirə "Mono Liza"sı Manenin lüt "Olimpia"sı ilə yanaşıdır orda. Tərbiyədə isə yalnız şeyx Nəsrullahın söz haqqı var, yalnız bakirə Madonna ərə gedə bilər. Ən yaxşı halıyla əxlaq haqqdır, tərbiyə hüquq. Hə, o başqa yazının mövzusudur ki, biz haqq və hüququ da bir-birinə qarışdırırıq, sonra da ayıra bilmirik. Əxlaq və tərbiyə eyni şey olmadığı kimi haqq və hüquq da eyni şey deyil. Hüquq haqqı qorumaq üçündür, amma bəzən haqqın ağzını elə hüquqla yumurlar. Məsələn, İranda qadın haqqları tapdalanır, amma hüquqları Avropa qadınlarından da möhkəm qorunur. Fransada isə qadın ümumi hüquqlara sahibdir, lakin onun qadın haqqları toxunulmazdır. Fransız qadınının hüquqlarını poza bilərsən, amma onun haqqlarına heç barmağını da uzada bilməzsən. Hansı yaxşıdır? Əlbəttə ki, haqqın qorunması, haqq daha təbii və daha əbədi olandır. Hüququ isə hər gün sərfiyyata uyğun dəyişmək olar. Bizim mövzumuzda da vəziyyət belədir; bəzən böyük əxlaqa qarşı kiçik tərbiyələrdən silah kimi istifadə olunur. (Böyük əxlaq və kiçik tərbiyələr sözünü yadda saxlayın, yazının sonunda bizə lazım olacaq.) Tərbiyə təşkil və tərtib olunmuş sintetik bir proqramdır. Əxlaqa pis vərdişlər tərbiyə vasitəsilə daxil olur. Məsələn, din nə qədər ki, əxlaqi bünövrədən kənara çıxmır, mədəniyyət faktıdır, elə ki, o, cəmiyyətin tərbiyəçisi vəzifəsini öhdəsinə götürür, zayı çıxır. Çünki tərbiyənin "olmazları" əxlaqın "olmazlarından" çoxdur. Əxlaqda, məsələn, dinin təməlində cəza utopiyadır, mücərrəddir, naməlum bir allah qarşısında naməlum bir zamanda və makənda mühakimədir. Tərbiyədə isə cəza sabit və netdir. Məsələn, daş-qalaq əxlaqın içindəki tərbiyədir, amma əxlaq öz içində tərbiyənin bu amansızlığına qarşı siğə təklif edir, yəni insanı tərbiyənin cəzasından qorumaq üçün ona bir ayaq yeri qoyur, qapı açır və s. Bizim əxlaqsızlıq dediyimiz şeyləri, əslində, tərbiyənin qadağaları yaradır. Məsələn (deyəsən, bu sözü çox istifadə etdim), sovet tərbiyə sistemində yetişmiş mədəniyyətimizin böyütdüyü cəmiyyətə baxaq. Tərbiyəli roman, tərbiyəli kino, tərbiyəli musiqi və nəticəsi - əxlaq və haqq qıtlığı. Eyni dövrün Avropa mədəniyyətinə baxaq, tərbiyəsiz romanlar, tərbiyəsiz kinolar, tərbiyəsiz musiqilər, rəsm əsərləri və sonuc əxlaqın və haqqın qorunduğu cəmiyyət! Bu necə baş verir? Qoy bu suala zəhmət çəkib Avropa aydınları özləri cavab versinlər. Əvvəlcə idealist Hegeli dinləyək: “Cavan oğlan, sizin tərbiyə dediyiniz şey ailədən gəlir və mən düz iki əsr əvvəl ailənin özünü qondarma, saxta, sosial bir tələ adlandırmışam”.

İndi isə materialst Marksa söz verək, ya da verməyək, çünki onun “ailə planlaşdırılmış fahişəlikdir” dediyini bilirik, yenə açar gül ağzını, külfət-uşağın yanında biabır olarıq. Demək, Avropa mədəni ölçü olaraq ailəni, tərbiyəni seçmədi, onu aşağıladı, cəmiyyəti və əxlaqı seçdi, amma biz mədəni standart kimi əxlaqı deyil, tərbiyəni, cəmiyyəti deyil, ailəni götürdüyümüzdən indi dərhal biri deyəcək ki, Avropada əxlaq var bəyəm, orada qız (oğul) atasının yanında siqaret çəkir. Amma bu sualı verənin, əxlaqı atasının yanında siqaret çəkməmək tərbiyəsi ilə məhdudlaşdırılmış qızın (oğulun) atası olmayan yerdə nə hoqqalardan çıxdığından xəbəri yoxdur, bunu bir allah bilir, bir də bizim media.

Biz insanı tərbiyə çərçivəsinə sıxışdıraraq, onun əxlaqi azadlıqlarını, yəni yaradıcılıq imkanlarını əlindən alırıq və elə buna görədir ki, ən qəddar əxlaqsızlıqlar ən tərbiyəli cəmiyyətlərdə baş verir.

Biz insanı tərbiyə çərçivəsinə sıxışdıraraq, onun əxlaqi azadlıqlarını, yəni yaradıcılıq imkanlarını əlindən alırıq və elə buna görədir ki, ən qəddar əxlaqsızlıqlar ən tərbiyəli cəmiyyətlərdə baş verir. Çünki burada əxlaqsızlıq bir aksiya kimi həyata keçirilir, əsas məqsəd tərbiyənin Bastiliya qalasından fərdi xilas etməkdir, onun azadlığının qisasını bu qalanı tikənlərdən və qoruyanlardan almaqdır.

Əxlaqdan qaçış azadlıqdırsa, tərbiyədən qaçış özbaşınalıqdır.

Eyni sinəsiaçıq paltarı fransız qadını da geyinir, Azərbaycan qadını da, amma bizimkinin əynində, elə bil, bir az vulqar görünür. Niyə? Çünki məqsəd ayrıdır, fransız yaraşdığı üçün geyinib, bizimki nənəsindən üzü bəri sülaləsindəki bütün qadınların qisasını onları ailə tərbiyəsi adı altında boğan cəmiyyətdən almaq üçün. Özbək kişisi niyə rüşvət alır, həm də prinsipial olaraq alır? Çünki az maaş alıb çox işləməyin alicənablıq olduğu yalanı ilə tərbiyə olunub. Türkmənistan insanı hər yerə, televizora, kinoya, küçəyə, romana da bu tərbiyə yalanlarının gözü ilə baxır, ona görə öz tərbiyəsinin altındakı əxlaqsızlığı görə bilmir. Göstərənləri isə camaatın anası-bacı tərbiyəsi ilə hədələyir. Çünki tərbiyənin silah olduğunu çoxdan öyrədiblər ona.

Nəticə:

Nəticə budur ki, bizdə tərbiyə ictimai məfhumları ailə dəyərləri içərisinə buraxmır, çünki onun nəzarətində olan məsələlər şəxsi məsələlərdir. İctimai məfhumlar bizdə 18+ dan sonranın işidir. Yəni məsələn, milli həmrəylik kimi anlayışları tanımaq üçün, ən azı, partiya yaşına çatmalısan. Bizdə ailə dəyərləri fərdə aid olan 18+ olan məfhumlardı, yəni o şey ki, şəxsin intim seçiminə, azadlığına aiddir, o şey bizdə ailədə müzakirə olunur, o şey ki, ictimaidir, onu evə, ailəyə qoymaq olmaz. Ona görə, bizdə ictimai düzən anlayışı yoxdur və ailədən çıxıb cəmiyyətə qoşulan fərdlərimiz yaşamaq uğrunda mübarizəyə heyvani, yəni mübarizənin sıfır həddindən başlayır. Çünki ictimai mühit onun üçün yenidir, o, cəmiyyət üçün deyil, başqa bir ailə üçün yetişdirlilib. O, cəmiyyət içində ilk təhlükə ilə qarşılaşan kimi yenidən ailəsinin yanına qaçır, yaxud həyatın (cəmiyyətin) üstünə elə siftədən atası, xalası, bacanağı ilə birlikdə gəlir, gəldiyi hər yerə də özünün ailə tərbiyəsini gətirir.

Nəticə budur ki, kiçik ailə tərbiyələrinin böyük ictimai əxlaq üzərindəki dominantlığı milli mənafe uğrunda canını, malını əsirgəməyib xəstə və kasıb vəziyyətə düşən birini, atasının yanında siqaret çəkməməyi əxlaq bilən, milli mənafe haqqında anlayışı belə olmayan milyonların gözündə uğursuzluq və rişxənd obyektinə çevirir.

Əldən düşdüm e...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG