Şair İlham Qəhrəmanın Laçının işğalına həsr olunan bir şeiri var. Mən bu şeiri ilk dəfə 1999-cu ildə oxumuşdum.
Başımı götürüb çıxacam evdən,
O əsir dağları deyib gedəcəm.
Yoluma yeməyə çörək qoymayın,
Yol boyu həsrəti yeyib gedəcəm.
Gülün dəli üçün, havalı üçün,
Havalı başımın yığvalı üçün,
Birdən qayıtmadım - halallıq üçün,
Dədəmə, nənəmə dəyib gedəcəm.
Quşlar göy üzündə səf bağlasınlar,
Yeddi il nə çəkdim, hesablasınlar...
Deyin, ovçulara səhv salmasınlar,
Canavar dərisi geyib gedəcəm.
Şeirin son bəndinin ikinci misrasına diqqət edin. Yeddi il... Laçın 1992-ci ildə işğal olunub.
Bu şeiri həmişə toylarda, dost məclislərində, ədəbiyyat söhbətlərində əzbər söyləmişəm. Və hər il Laçının geri alınması gecikdikcə sonuncu bənddə düzəliş etmişəm:
Səkkiz il nə çəkdim hesablasınlar...
Doqquz il nə çəkdim hesablasınlar...
2002-ci ildə on ilin tamamında misrada heca çatışmazlığı əmələ gəldi. “On” sözü birhecalıdır axı. Misranın əvvəlində isə bizə iki hecalı söz lazımdır.
Şeiri bir də əzbər deyəndə özü yeni variant təklif etdi, ilham pərisini heyran qoyan, şeirin orijinalından da təsirli səslənən yeni deyiliş meydana çıxdı:
Quşlar göy üzündə səf bağlasınlar
On il nələr çəkdim hesablasınlar...
On birinci ildə ilk heca iki olduğu çıxış vəziyyətinə qayıtdım.
On bir il nə çəkdim... - 2003-ü də belə yola verdim.
Bəs 2004? On ikinci il?
“On iki” sözü üç hecalıdır axı. Nə etməli? Xeyli düşündüm. Şeiri bir də “On iki” variantı ilə zümzümə edəndə özümdən asılı olmadan əsrlərin fonetik təcrübəsi köməyimə çatdı. Biz həmişə başıqapazlı olduğumuz üçün dərsimizi onilliklərdən, qərinələrdən, əlliilliklərdən deyil, əsrlərdən almışıq. Qoşmanın məlum təqtləri içində dərd oynatmaq səriştəmiz bizi ilham mələklərinin qarşısında heç vaxt üzüqara çıxartmayıb. O təcrübə burda da karımıza gəlir və “On iki” sözündəki bir sait səsini “yemək”lə vəziyyətdən üzüağ çıxırıq və taleyin bizi on iki il vətənimizə həsrət qoyması kimi böyük poetik töhfəsi qarşısında xəcalətli qalmırıq.
Onki il nə çəkdim hesablasınlar...
Amma bundan sonrakı sayları qısaltmaq mümkün deyil: “On altı”, “On yeddi”, “On səkkiz”, “On doqquz”, “İyirmi”, “İyirmi bir”, “İyirmi iki”, “İyirmi üç”, “İyirmi dörd”, nəhayət bul il: “İyirmi beş”.
Hətta indən sonra da gələn sayları heca çoxluğuna görə misraya salmaq mümkün deyil. Gördüyünüz kimi dərdimiz, həsrətimiz hecalardan, təqtlərdən, ritmlərdəm aşıb o üzə tökülür, ahəngdən, ritmdən çıxır.
Həm də lap hecaya düşmüş olsa belə adam misal üçün:
Quşlar göy üzündə səf bağlasınlar
İyirmi beş il nə çəkdim hesablasınlar
– deməyə ar eləyər. Quşlar axmaqdırmı işini-gücünü atıb bu qədər uzun bir hesablama aparsınlar. Lap quşlar hesabladı, bu misraya ilham mələklərini inandırmaq olmaz.
Bu misra tutmaz, qardaşım!
Adam iyirmi il, iyirmi beş il bu ovqatda necə qala bilər? Ölməzmi, çatlamazmı, vərəmləməzmi?
Gerçək budur ki, yara qaysaqlayır, ağrı azalır, insan öyrəşir...
Mən də öyrəşdim, amma bir maraq məni tərk eləmədi. Müəllif bu problemi necə həll eləyib deyə, yeni nəşrlərin üstünə yüyürdüm. Çox asan həll edibmiş:
Quşlar göy üzündə səf bağlasınlar,
İlham nələr çəkdi, hesablasınlar...
Deyin, ovçulara səhv salmasınlar,
Canavar dərisi geyib gedəcəm.
Kişi işini bilirmiş. Mənim kimi sadəlövhcəsinə say hesabı aparmayıbmış.
Üstəlik, son bəndə adının möhürünü də qoyub. Belə lap yaxşıdır. Bizdə son bənddə şairin adı olmayanda şeirə ərsiz qadın kimi baxırlar.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.