Keçid linkləri

Dünən hansısa saytdan oxudum ki, Azər Həsrət “reket” jurnalistlərə qarşı ciddi cəzaların tətbiq olunmasını təklif və tələb edərək ““Reket jurnalistlər”i bitirmənin zamanıdır” – açıqlamasını verib. Açığı, onun son zamanlar bir-birini təkzib edən ziddiyyətli çıxışlarına cəmiyyət artıq öyrəşib, amma bəzən adamın özünü belə aşan açıqlamalarda bulunmasının səbəblərini anlamaqda zorluq çəkirəm. Azərin “reket” jurnalistləri bitirmək barəsində dedikləri və sərt cəza tələb eləməsi də bu qəbildən, yəni özünü aşan açıqlamalardan biri olsun gərək. Düşünürəm ki, onun belə bir tələblə və ya təkliflə çxış eləməsi təsadüf deyil və müəyyən dairələrdə bu haqda yetişdirilən plan və proqramların anonsudur. Yəqin ki, yaxın zamanlarda bu sahədə qanunvericilik təşəbbüsləri-filan da olacaq.

Mətbuat Şurasının iclaslarında DİN və Prokurorluq əməkdaşlarnın iştirakı barəsində deyilənlərin artıq reallıq kimi ortada olması, bir daha onu sübut edir ki, media ilə bağlı hansısa qara rəngli planların tezliklə işləmə qoyulacağı təəssüratı yaranır.

Son günlərdə “Məbuat Şurası” kimi tanınan qurumun nümayənədlərinin efirlərdə peydahlanmaları və guya mətbuatla bağlı problemlərin müzakirəsi də təsadüf deyil və əslində, burada məsələnin ümumiyyətlə mətbuatla bağlılğı barəsində söhbət belə gedə bilməz. Sadəcə ictimai rəyi bəlli istiqamətə yönəltməklə, cəmiyyəti qaranlıq bir şeylərə hazırlamaq cəhdidir bu. Üstəlik də, Mətbuat Şurasının iclaslarında DİN və Prokurorluq əməkdaşlarnın iştirakı barəsində deyilənlərin artıq reallıq kimi ortada olması, bir daha onu sübut edir ki, media ilə bağlı hansısa qara rəngli planların tezliklə işləmə qoyulacağı təəssüratı yaranır. Məsələn, məhkəmələrdə nümayəndəliyin bir qələmə ləğv edilməsinə oxşar bir qərar da mətbuatla bağlı verilə və tutaq ki, Mətbuat Şurasından kənarda olan medianın və jurnalistlərin fəaliyyəti qanunən yasaq edilə bilər. Azər Həsrətin bu açıqlamasını, bir az da belə alqıladım mən. Oysa, başlanğıcda, bu bədnam şuranın, məbuatla bağlı məsələlərin hüquq-mühafizə orqanlarına və məhkəmələrə çıxarılmasının qarşısını almaq missiyasi ilə yaradıldığını deyirdilər. Amma belə görünür ki, artıq bu şuranın özü də həmin orqanların yardımçısına və ya əlavə cəza qurumuna çevrilib. Bütün bunlar öz yerində, zatən, olacaqların çarəsi yoxdur…

Amma Azər Həsrətə və Azər Həsrətlə bağlı bir neçə cümlə demək zorundayam. Həm də ona görə ki, indi o sferada, dostca, ya da düşməncə fərq etməz, sözə adekvat reaksiya verəcək başqa birini tanımıram. Zira bu məşum qurumun digər mənsubları mahiyyət etibarı ilə, 1930-cu illərin NKVD müstəntiqlərini xatırladırlar və onlar üçün artıq çoxdan nə söz mövcuddur, nə də sözdən anlamaq. Bəlkə elə bu səbəbdəndir ki, Azər Həsrətin sözlərinə cavab verir, sözüm olanda da ona deyirəm. Bir sözlə, dediyim kimi, Azər Həsrət sözügedən açıqlaması ilə hətta özünü belə aşaraq, bilərəkdən, ya da bilməyərəkdən çox müdhiş oyunlara start verildiyinin və yaxın gələcəkdə, adda-budda qalmış azad sözün və müstəqil mətbuatın tamamilə və qətiyyətlə ortadan qaldırılacağı haqda, hələlik bağlı qapılar arxasında tökülən planlardan cəmiyyəti xəbərdar eləmək istəyib məncə. Amma onun özünü məhz bu təklifin müəllifi olaraq təqdim eləməsi, şəxsən mənə bir az qərib görsəndi, hətta qəribə gəldi.

Ölkə rəhbərliyinin və şəxsən prezidentin, az qala hər gün, müxtəlif səviyyələrdə ölkədə mətbuatın müstəqilliyinin və söz azadlığının tam təmin olunması barədə verdiyi açıqlama və bəyanatlarla daban-dabana ziddiyyət təşkil edən bu cür tələbin və ya təklifin məhz Azər Həsrət tərəfindən səsləndirilməsinin özü çox maraqlı və maraqlı olduğu qədər də ziddiyyətlidir.

Ölkə rəhbərliyinin və şəxsən prezidentin, az qala hər gün, müxtəlif səviyyələrdə ölkədə mətbuatın müstəqilliyinin və söz azadlığının tam təmin olunması barədə verdiyi açıqlama və bəyanatlarla (Prezidentin bu barədə son açıqlaması, elə bu günlərdə, YAP-ın 25 illik yubileyində öz dilindən səsləndirilib – S.Ə. ) daban-dabana ziddiyyət təşkil edən bu cür tələbin və ya təklifin məhz Azər Həsrət tərəfindən səsləndirilməsinin özü çox maraqlı və maraqlı olduğu qədər də ziddiyyətlidir. Ümumiyyətlə “reket jurnalist”, “qara siyahı” və buna bənzər digər terminlərin dövrün tələblərinə və zamanın ruhuna da, mahiyyətinə də yad olduğunu Azər Həsrətin özü də bilməmiş deyil. Zira, bu tip ifadə və terminlərin XXI əsrdə, özünü demokratik, dünyəvi və hüquqi dövlət sayan ölkənin mediasına patronajlıq etmək vəzifəsini üstlənmiş adamların dilindən səsləndirilməsinin özü paradoksdur və niyyətlərin haralara hesablandığını aydın şəkildə göstərməkdədir. Ötən illərin bu yöndəki təcrübəsi də onu göstərir ki, “reket” jurnalistika ilə mübarizə adı altında ölkənin, az-çox müstəqilliyini qoruya bilmiş media orqanlarına və müstəqil, bir az da ipə-sapa yatmayan jurnalistlərə qarşı çeşidli maneələr yaratmaqdan və onları ya hakimiyyətin səfinə keçirərək sözə də, peşəsinə də xəyanətə məcbur buraxmaq, ya da sıradan çıxarmaq vasitəsidi bu bədnam şura…

Və bu mənada, Azər Həsrətin özünün keçdiyi yol, getdiyi istiqamət və çızdığı trayektoriya çox ibrətamizdir. Əslində onun bu günkü mövqeyi və kəndi varlığı, bu mənada, nələrin baş verdiyinə və niyyətlərin haralara vardığına da, istəklərin nədən ibarət olduğuna da bariz bir nümunə sayıla bilər. Bunun nə demək olduğunu daha yaxşı başa düşə bilmək üçün, Azər Həsrətin hardan gəlib, hara getdiyinə ayna tutan və indi olduğu məqamlara necə çatdığına aydınlıq gətirən bu vediogörüntüyə bir daha baxmaq gərəkdi. Buyurun baxın, görüntünün baş qəhrəmanı Azər Həsrətdir:

Baxdınzmı? Bir adam eyni hakimiyyət dönəmində bu qədər mövqe və istiqamət dəyişə bilmək üçün, Allah mühafizə, ya ölüb təzədən doğulmalıdr, ya da sadəcə bir missiyanın daşıyıcısı olmalı, tapşırıq yerinə yetirməlidir. Baxın, adam açıq tekstlə, hakimiyyətdə olanlara “it” deyir, onları təhqir edir, söyür, sonra da izahat verir ki, ölkə başçısının və onun komandasının bu sözlərdən o qədər xoşları gəlib ki, ona medal verib, fəxri adla təltif edib, özünü də titul sahibi edərək bəlli məqamlara gətiriblər. Bu qədərini heç absurd teatrlarında və ya fars tamaşalarında da görə bilməzsiniz. Demək istədiyim odur ki, sözügedən açıqlamanı vermək, “reket jurnalistika”dan danışmaq, kimin haqlı-kimin haqsız olduğuna hökm verib, qərar çıxarmaq Azər Həsrətin haqqı da, həddi də deyil. Hələ-hələ Həzrəti Əflatun adlı Amaşovun özü başda olmaqla, o bədnam şurada oturub, özlərini də, əqidə və amallarını da dəfələrlə satmış və sabah ölkədə hər hansı dəyişikliklər baş verərsə, yenə də satacaq mətbu “killerlər”in heç deyil…

Belə də götürəndə kimin daha çox, daha iri çaplı və miqyaslı “reket” olduğunu isə onsuz da hamı bilir, zamanla da hər şey bütün vəhaməti ilə ortalığa çıxacaq. Dünyanın işlərini nə bilmək olur ki, dünən dövran sürənlərin, bu gün can verdiklərini qoca tarix çox görüb. Amma o da bir həqiqətdir ki, bugünki dövran, zamanın gərdişi alınmışlara və satılmışlara işləyir. Oysa, hələ ki, olduğunuz yerdə olmaqda davam eləyin, amma daha bir belə də həyasızlıq olmaz ki, kim-kimə laf atır, kim-kimə ağıl verir, kim-kimə əxlaq dərsi keçir və kim-kimə peşə şərəfindən danışıb, ləyaqətdən dəm vurur? Bu haqda vicdanınızla tək qalanda özünüzlə dərdləşin, ya da ailənizin və övladlarnızın üzünə, gözlərinə diqqətlə baxıb düşünün. Hələ dünyanın sonu deyil, qarşıda yaşanacaq illər və vicdanlardakı yükü daşımaq borcu və dərdi var hər birimizin. Amma durub demək ki, bunlara “it” deməyimdən xoşlanıb, mənə medal asdılar, fəxri ad verdilər, dövlətin adından titul sahibi elədilər, bir az abartılı görsənir, bir az da ağ olur, Azər. Gələn dəfə belə təklif və tələblə ortalığa çıxanda, bu haqda da bir düşün, olurmu, biz artıq uşaq deyilik axı…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG