Keçid linkləri

İş axtarmaq mövzusunda davamlı aldığım sualları birləşdirərək, cavablandırdım.

SUALİndiki vaxtda (yəni manatın qiymətinin aşağı düşməsi vaxtında) iş tapmaq doğrudanmı çətindi?

CAVABƏmək bazarında daim rəqabət var. Bu rəqabət əmək bazarının bütün mərhələlərində və təcrübə pillələrində var. 20 yaşı və universitetdən yeni məzun olan bir insan öz yaşıdları olan universitet məzunları ilə rəqabətdədir. Şirkətlərin vakansiya sayı, işləmək istəyən universitet məzunları sayından daha azdır. Buna görə də, effektik seçim etmək üçün, hər şirkət, qarşısına CV ilə və daha sonra da müsahibədə çıxan gənclər arasında ən çox xüsusiyyətlərə malik olanı seçirlər.

Indiki zamanda iş tapmaq DAHA DA çətinləşib. Iş tapmağın heç bir zaman rahat və yüngül olması dövrlərinin olduğunu düşünmürəm.

Ölkədəki iqtisadi vəziyyət necə olursa olsun, bazarda əməkdaşlara tələbatdan asılı olmadan, eyni səviyyədə və vəzifədə olan insanlarda bilik və bacarıqlarına görə bir addım öndə olan insan üçün hər zaman iş var.

Uzun müddətlik peşəkar təcrübəmə əsaslanaraq tam əminliklə qeyd edirəm ki, bir insanın bilik və savadı, sosial və kommunikasiya vərdişləri olduğu müddətcə işlə əlaqədar sıxıntısı olmaz.

Konkret suala cavab olaraq bunu yaza bilərəm: bu dövrdə iş tapmaq doğrudan da çətindir, amma bu, mümkün deyil anlamına gəlmir. Bu o deməkdir ki, əmək bazarında rəqabət artır və bir insanın iş tapa bilməsi üçün işlədiyi sahədə onunla parallel olaraq müraciət edən insanlarla müqayisədə bir addım öndə olması lazımdır.

SUAL Bir çox işə qəbula baş vuran insanlar bacarığa baxmayaraq işə alınmır. Səbəbsə işə qəbul edənin öz tanışını işə alması olur. Belə problemlər isə həvəsi olanların ümidini qırır.

CAVAB Birinci bunu qeyd edim ki, həvəsiniz və motivasiyanız başqalarının mənfi addım və işlərinə bağlı olmamalıdır.

Doğrudur, işə götürmə sahəsində nöqsanlar var. Ancaq tam məsuliyyətlə deyirəm ki, şəxsən onlarla HR mütəxəssisləri tanıyıram: onlar ancaq və ancaq peşəkar meyarları nəzərə alaraq insanları işə götürürlər.

Buna əlavə olaraq yüzlərlə və minlərlə insan şəxsən tanıyıram ki, ancaq və ancaq öz bilik və bacarıqları sayəsində karyera qurublar.

Belə və buna bənzər problemlər heç bir zaman insanı ruhdan salmamalıdır. Istər peşəkar, istərsə şəxsi həyatımızda qarşımıza müxtəlif maneələr çıxa bilər və çıxacaq. Biz bu maneələrə baxmayaraq öz məqsədlərimizə doğru yolumuzu davam etməliyik.

Digər vurğulamaq istədiyim vacib məsələ: özünüzü diqqətlə analiz edin, peşəkar xüsusiyyətlərinizi, sosial vərdişlərinizi, özünüz haqqınızda verdiyiniz məlumatların dolğun olub olmamasını. Çox bacarıqlı və bilikli insanlar tanıyıram ki, iş tapmaqda onların yeganə maneəsi şəxsən özləridir.

Özünüzə bir neçə sual verin :

  • İş üçün müraicət edərkən digər yüzlərlə namizəddən məni fərqləndirən nədir?
  • Mən özüm haqqımda yadda qalacaq şəkildə, dolğun və sistemli məlumat verə bilirəmmi?
  • Mən bir şirkət nümayəndəsi ilə görüşdən çıxdıqdan sonra o məni necə yadında saxlayacaq? Saxlayacaq mı?

İndiyə qədər iş tapa bilməyən görüşdüyüm insanların böyük hissəsində iş tapmamaq səbəbi bu insanların özlərində olub: ya tez təslim olublar və ruhdan düşüblər, ya da ki, axtardıqları işlər üçün kifayət qədər hazır olmayıblar.

SUAL Ətrafımda tanıdığım və gördüyüm çox savadlı və təcrübəli insanlar iş tapa bilmirlər. Bunun səbəbi sizcə nədir?

CAVAB – Görüşdüyüm, ünsiyyətdə olduğum insanlardan sıx-sıx eşitdiyim şikayət, savadlı və təcrübəli insanın iş tapmamasıdır.

İlk öncə onu qeyd edim ki, “savadlı və təcrübəli insan” anlayışı çox nisbidir. Dəfələrlə mənə “savadlıdır” kimi təqdim edilən insanlarla 5 dəqiqəlik görüş nəticəsində anlamışam, “savad” sözünü deyəndə bu insanın universitetdə oxuduğunu demək istəyirlərmiş. Bir neçə sualdan sonra isə anlaşılır ki, bu insan 4 il ərzində universitetə gedib gəlib, dərslərsə oturub, imtahanları “bir təhər” verib, və diplom alıb. Bu, savad DEYİL. Bu, diplomlu savadsızlıqdır.

Təcrübə məsələsinə gəlincə. Bu da olduqca nisbi anlayışdır. Bir insanın iş yerində illərlə mövcud olması və avtomat şəklində eyni işləri etməsi təcrübə anlamına gəlmir. Bu haqda çox yazmışam və buna görə də təfərrüata girmək istəmirəm.

İş axtaran insanların bir neçə əsas məqamə diqqətə alması lazımdır :

  • Universitetdən məzun olan hərkəs bilməlidir ki, on minlərlə diplomu olan insanlarla rəqabətdədir. Əlavə heç bir sahədə nəzəri və ya praktiki məlumatları olmayan insanın iş tapma şansı ÇOX azdır;

Bunun səbəbi isə çox sadədir: istənilən şirkətin məqsədi, əlində olan bütün resurslardan maksimum effektiv istifadə edərək, gəlirləri artırıb xərcləri azaldaraq, eyni zaman ərzində maksimum işlər icra edərək stabil şəkildə mənfəət əldə etməkdir. Bu da, şirkətdə işləyən hər insanın effektivliyi ilə mümkündür. Bunun üçün də şirkətlər insan seçiminə qarşı diqqətli yanaşırlar.

Firmanın qarşısında həm universitetdə oxumuş, həm bu illərini səmərəli keçirərək bir çox sosial layihələrdə iştirak etmiş, özünü inkişaf etdirmiş, müxtəlif seminar və konfranslarda olmuş, danışıq və nitqi yaxşı olan bir gənc olsa, təbii ki, tərcih bu insanın lehində olacaq.

  • Dəfələrlə şahidi olmuşam ki. “Azərbaycanda iş yoxdur, mən axtarıram, amma tapa bilmirəm” deyən insanlar cəmi 3-5 firmaya müraciət ediblər və bu saydan sonra bu qənaətə gəliblər. Hər şirkətdə hər an vakansiya olmur. Buna görə də ehtimalları artırmaq üçün çox yerə müraciət etmək lazımdır;
  • Göndərilən CV-də çox sayda səhvlərin olması bu insanın iş görüşməsi və müsahibəyə çağrılma şansını azaldır: orfoqrafik səhvlər, şəkillərin rəsmi olmaması, məlumatların səhv yerləşdirilməsi kimi onlarla qüsurlara görə iş axtaran insan müsahibəyə dəvət edilmir;
  • Müsahibəyə dəvət edilən insanların əksəriyyəti məqsədləri, gələcək planları haqqında məlumat verə bilməməklə bərabər özləri haqqında yadda qalacaq, sistemli və ardıcıl danışmaqda əziyyət çəkirlər. Özü haqqında məlumat verə bilməyən insan şirkətin məhsullarını necə təqdim edə biləcək?
  • Iş axtaran, amma tapa bilməyən insanlara hansı şərtlərlə iş axtardıqlarını soruşanda anlayıram ki, şərtləri və tələbləri çox yüksəkdir. İş axtaran insanın bilikləri onun məhsuldur. Təklif etdiyi məhsulun tanınmadığına və rəqabətin yüksək olduğuna görə istədiyi rəqəm verilmirsə, insan qiyməti endirməlidir. Buna görə də iş tapmaqda çətinlik çəkən insanlara tövsiyyəm budur: özünüzdən, bilik və bacarlqlarınızdan əminsinizsə, o zaman maaş tələblərinizi endirin və Sizin kimi müraciət edən rəqibləriniz qarşısında üstünlük əldə edin.

Bir əsas məqamı daha qeyd edim: AZƏRBAYCANDA İNDİ DƏ İŞ VAR. Şəxsən mən konsultasiya verdiyim və partnyorum olan bir neçə şirkətə rəhbər və orta idarəçilər axtarıram. Işləmək istəyən çoxdur, amma işin haqqını verə biləcək insanlar azdır.

Çıxış yolu?

  • İnsan özünü dürüst və dəqiq şəkildə təhlil etməlidir. Heç kimi ittiham etmədən zəif tərəflərini müəyyən etməlidir və onları aradan qaldırmaq üçün plan hazırlamalıdır. Cəmiyyəti, ətrafımızda olan insanları “iş yoxdur, savada əhəmiyyət verilmir” kimi sözlərlə aldada bilərik, amma bu məsələnin həlli deyil. Hər şey, özümüzə qarşı dürüst olmağımızdan başlayır;
  • Daimi inkişaf həyat tərzinə çevrilməlidir;
  • Iş axtarışları nəticə vermirsə, axtarma yolları gözdən keçirilməlidir, CV təcrübəli bir insana göstərilməlidir və məsləhətlər alınmalıdır, müsahibə keçmək mövzusunda bir neçə peşəkarın fikirləri alınmalıdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG