Keçid linkləri

Təxminən iki ay bundan qabaq, daha doğrusu sentyabrın 18-də, dahi Üzeyir Hacıbəyovun doğum günü idi. Saytlardan biri bu münasibətlə Bakı küçələrində videosorğu keçirmişdi. Təxminən beş dəqiqəlik süjetdə jurnalist on-on iki adama “Üzeyir Hacıbəyovu tanıyırsınızmı?” sualını verməyə fürsət tapmışdı.

Bir cavan qız isə çox ciddi tərzdə bərk tələsdiyini bildirdi, tərs-tərs jurnalist xanıma baxıb tez hadisə yerindən uzaqlaşdı. Tələsməsəydi, heç şübhəsiz Üzeyir bəyin həyatı, yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında, bəlkə hələ heç kimə məlum olmayan məlumatlar verərdi.

Sual müxtəlif yaş təbəqələrinin nümayəndələrinə verilmişdi. Amma, əsasən, gənclər idi. Onların əksəriyyəti, haradasa 90 faizi, qaşlarının birini qaldırıb, o birini aşağı salaraq sifətlərinə tanınmış fransız heykəltəraşı Ogüst Rodenin məşhur “Mütəfəkkir”inin ifadəsini verib beyinlərini hey qurdalasalar da, suala cavab verə bilmədilər. Yəni Üzeyir Hacıbəyovu tanımadılar. Bir cavan qız isə çox ciddi tərzdə bərk tələsdiyini bildirdi, tərs-tərs jurnalist xanıma baxıb tez hadisə yerindən uzaqlaşdı. Tələsməsəydi, heç şübhəsiz Üzeyir bəyin həyatı, yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında, bəlkə hələ heç kimə məlum olmayan məlumatlar verərdi. Heyif! Ümid edək ki, qız tələsdiyi yerə sağ-salamat çatıb.

Suala üç nəfər cavab verdi. Yəni Üzeyir Hacıbəyovu tanıdılar. Yarıdərindən nəfəs alıb hələ ümid yeri olduğunu düşündüm. Amma jurnalist bu üç nəfərə tələ qurmuşdu (o biriləri canlarını yaxşı qurtarmışdılar). Yazıqlar suala “Əlbəttə, onu kim tanımır ki” deməyə macal tapmamış, şappadan verilən ikinci sual əhədlərini kəsdi. Çox “ağır” sual idi. Jurnalist indi də Üzeyir Hacıbəyovun hansı əsərlərin müəllifi olduğunu öyrənmək istəyirdi. Üç nəfərdən ikisi aldıqları gözlənilməz zərbədən özlərinə gəlib, dahi sənətkarın himnimizin müəllifi olduğunu bildirdilər. Bundan artığına onların nə fiziki, nə də zehni gücləri qalmışdı. Üçüncu isə iqtisadiyyat fakultəsində oxuduğunu və bu səbəbdən də belə şeyləri bilməyə borclu olmadığını söylədi (Sözün düzü onun sifətindən iqtisadiyyatı bilməsinə də şübhə etdim).

Doğrudan da, gələcəyin iqtisadçısı nə üçün “Leyli və Məcnun”, “Koroğlu” operaları, “O olmasın bu, olsun”, “Arşın mal alan” operettaları haqqında məlumatlı olmalıdır?

Doğrudan da, gələcəyin iqtisadçısı nə üçün “Leyli və Məcnun”, “Koroğlu” operaları, “O olmasın bu, olsun”, “Arşın mal alan” operettaları haqqında məlumatlı olmalıdır? Gözəl məntiqdir, deməli tarix fakultəsində oxuyanlardan başqa heç kim tarix bilməməlidir, coğrafiya fakultəsində oxumayanlar planetimizdə neçə qitə, okean, qütb və s. olması kimi ibtidai suallara cavab verməməlidirlər. Bədii əsərləri isə yalnız filologiya fakultəsinin məzunları oxumalıdır. Ümid edirəm ki, “gələcəyi parlaq” həmin gənc iqtisadçının heç də bütün tələbə yoldaşları onun kimi düşünmür. Yoxsa… Yoxsasını heç düşünmək belə istəmirəm.

İki ay bundan əvvəlki videosorğu niyə indi yadıma düşdü? Bu günlərdə Milli Dirçəliş günü idi. Yerli telekanallara baxmadığım üçün bu bayramın adını çəkib-çəkmədiklərini deyə bilmərəm. Çox güman bir-iki növbətçi ifadələrlə xala xətrin qalmasın nəsə deyiblər.

Saytlarda da bu bayramın tarixi barədə elə bir ciddi yazıya rast gəlmədim (düzdür bütün saytlara təbii ki, baxmamışam, ola bilsin yazan olub). Amma əminəm ki, bu mövzuda bir video (və ya hər hansı başqa formada) sorğu keçirilsə, bu dəfə heç üç adam da düzgün cavab verə bilməyəcək. Biz elə hey tariximizi, tarixi şəxsiyyətlərimizi, dahi sənətkarlarımızı, yəni özümüzü unuda-unuda gedirik. Bu huşsuzluğun səbəbi nədir?

Bunda Kütləvi İnformasiya Vasitələrinin apardıqları (bilərəkdən və ya bilməyərəkdən) əhalini kütləvi surətdə şüursuzlaşdırma siyasətinin rolu yoxdurmu?

Bunda Kütləvi İnformasiya Vasitələrinin (əsasən də TV-lərin) apardıqları (bilərəkdən və ya bilməyərəkdən) əhalini kütləvi surətdə şüursuzlaşdırma siyasətinin rolu yoxdurmu? Artıq nə tariximizi, nə musiqimizi, nə mədəniyyətimizi, nə də ədəbiyyatımızı bilən bir nəsil yetişib. Əgər Üzeyir Hacıbəyovu da tanımamaq nöqtəsinə gəlmişiksə, deməli həyəcanlanmaq vaxtı yetişib. Yoxsa, gecikmişik?

Kömpüterin yaddaşında problem yarananda mütəxəssislər bir-iki düymə basmaqla onu bərpa edə bilirlər. Görəsən bizim də belə bir düyməmiz varmı? Varsa onu tapa biləcəyikmi?

***
“Bü günün gənc nəsli mədəniyyətimizi qoruyub saxlaya bilməyəcək”. Bunu mən demirəm. Bu sözlər Babilistan xarabalıqlarında tapılan gil küpün üstündə yazılıb. Küpün 3000 yaşı var. Əgər bu qədər vaxt keçəndən sonra Babilistan mədəniyyəti bizə gəlib çatıbsa, inanaq ki, bizim gələcək nəsillərimiz amneziyadan ayılacaq və mədəniyyətimizi hələ ən azı 3000 il yaşadacaq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG