Keçid linkləri

Hər bir vətəndaş konstitusiyanı oxumalı və bilməlidir. Ona görə ki, insan hüquq və azadlıqlarını bilməsə, başına nə desən gətirə bilərlər. Ancaq, deyəsən, bilməyib tapdanmaq, bilib tapdanmaqdan daha yaxşıdır. Azərbaycan Respublikasının Konstitusiyası ən ali hüquqi qüvvəyə malik sənəddir və belə demək mümkündürsə, digər bütün qanunlar konstitusiyadan törəyir. Bir ölkədə ki, konstitusiyaya əməl olunmur, bu sənəd sadəcə görüntü xarakteri daşıyır - həmin ölkə də, həmin ölkənin insanları da bədbəxtdirlər. Konstitusiyamızın birinci maddəsində deyilir:

“Hakimiyyətin ali mənbəyi xalqdır.”

Gəlin baxaq, belədirmi? Xalq öz deputatını, öz idarəedicisini özümü seçir? Xalqın bu prosesdə hansısa bir rolu varmı? “Seçdiyi” deputatın üzünü nə vaxtsa görübmü? Yaxud da nə vaxtsa görəcəkmi? Əgər bir deputat vəzifəsini pulla satın alıbsa, onun xalqa canı yana bilərmi? Xalq üçün nəsə edə bilərmi? Xeyr, edə bilməz, etməz, çünki o tutduğu vəzifəyə, gördüyü işə biznes gözündə baxır.

Konstitusiyanın 12-ci maddəsinə görə:

“Dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının, azadlıqlarının və Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsidir.”

Reallıqda belədirmi? İnsanlarımızın layiqli həyat səviyyəsi həmin məqsədlər arasında, görəsən, neçənci yerdədir? Ya da, ümumiyyətlə, varmı? İnsan hüquqlarının addımbaşı pozulduğu, ölkə əhalisinin feodal təfəkkürlə idarə olunduğu, insanların ən təbii hüquqlarını belə, qorxaraq əldə edə, yerinə yetirə bildiyi məmləkətdə bu haqda danışmaq bir az gülüncdür.

İnsanlar bu ölkədə şərəf və ləyaqətini müdafiə edə bilmir, hamı qorxu içində yaşayır. Hər kəs bir kəlmə söz deməyə, fikrini ifadə etməyə çəkinir. Fərd öz dövlətindən qorxmalıdırmı, yoxsa ona arxalanmalı, onu özünə dayaq bilməli, sevməlidirmi? Məncə, arxalanmalı, sevməlidir.

Burda insanlar sərbəst toplaşmaq azadlığını həyata keçirə bilmir, ya da çox çətinliklə və qorxu altında həyata keçirir. Məlumat almaq azadlığı pozulur, müxalifyönümlü saytlar bağlanır, heç kəs asan-asan dövlət idarəçiliyində iştirak edə bilmir, çünki bunun üçün bəzi “özəlliklər” tələb olunur. Məhkəmələr vicdanını satmış hakimlərlə doludur və onlar sifarişlə hər şeyi etməyə hazırdırlar. Təki kimlərinsə könlü xoş olsun.

Bu şəraitdə yaşamaq mümkündürmü? Yaşayarsan bəlkə, ancaq bu yaşamaq deyil axı. Sadəcə, nəfəs alıb-verməkdi. Bitki kimi, ot kimi, hər an ayaq altnda qalıb əzilmək qorxusu var. Ancaq biz bitki deyilik, yol kənarında bitən ot da deyilik, insanıq və insan kimi yaşamalıyıq. Anamızın südü qədər bizə halal olan hüquq və azadlıqlarımızı qoruya və onları yaşada, onlarla yaşaya bilməliyik...

Nə vaxt ki, Konstitusiya söz yığını olmaqdan çıxacaq, o zaman bu ölkə yaşanmalı bir ölkəyə çevriləcək.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG