Keçid linkləri

“Təcrübəm göstərir ki, gənc xanımlar iş həyatında oğlanlardan daha əzmkar, iradəli, disiplinlidirlər.” statusum çox sayda kommentlərə səbəb oldu.

Bu mövzuda fikirlərimi belə əsaslandrım:

– İş həyatında “kafadan”, yəni ilk başdan xanımlar artıq zəif, lider və idarəçi olmayan və ola bilməyən kimi davranış görürlər. Və özlərini sübut etməlidirlər. Necə? Çox sadə – real nəticələr, effektivlik, iradə gücü, disiplin, əmzkarlıq;

– Oğlan övladına ailələrimizdə böyük rəğbət var. Nəticədə oğlanı olan ailə ömrü boyunca oğlanı qoruyur. Problemlərə daha az üzləşərək böyüyən, sırf oğlan olduğuna görə qeyri-adiliyinə inandırılan oğlanlar, real həyatla qarşılaşanda bir çox şeyin fərqli olduğunu görürlər. Qızlarımın oxuduğu məktəbində görürəm – qızlar adətən tək gəlirlər, oğlanı az qalırlar məktəbə nəsillikcə gətirsinlər;

– Oğlanlar adətən bir uğurdan sonra sanki sakitləşirlər – baxın, mən qəhrəmanam, görün nə etdim. Oğlanlar kiçik yaşlarından uğurlu və güclü olduqlarına inanırlar və bir nailiyyət onlar üçün sadəcə əlavə sübutdur. Xanımlar isə bir uğurla yetinmirlər, çünki bir “nailiyyət təsadüf, şans, bəxt oldu” deyilə bilər;

– “Mən də güclüyəm, mənə də diqqət yetirmək lazımdır, mən də rəhbər ola bilərəm” iddiası ilə yola çıxan xanımlar işə səhər tezdən gəlir, daha gec gedə bilirlər. “By default” güclü olduğunu düşünən oğlanlar bu mövzuda rahatdırlar – onlar “zatən” lider və rəhbər kimi doğulublar. Kreslo onlarındır. Komfort zonasında və rahatlıqda oturan və güclü olduğunu zənn edən oğlanın yanında isə hər gün kiçik addımlarla inkişaf edən xanımlar keçir. 3 il sonra isə arada böyük fərq görünür;

– Ağlaya bildiklərinə, göz yaşlarını göstərdiklərinə görə daha zəif kimi görünən xanımlar əslində psixolojik olaraq iş həyatında daha da güclüdürlər. Təzyiq qarşısında eqo və qüruruna bürünən oğlan işdən çıxdığı halda, xanım ağlayacaq, nəticə çıxaracaq və işi daha da yaxşı edəcək;

– Dəfələrlə şahidi olmuşam – xanım Zığdan şəhərə işə gecikmədən gəlir, oğlan Nərimanovdan Gəncliyə gələndə gecikir;

– Peşəkar məsləhətlər və inkişaf mövzularına xanımlar daha açıqdırlar. “Mən önsuzda liderəm” deyə düşünən oğlanın beyni və şuuru inkişafa bağlı olduğu halda, yanında oturan və özünü zəif bilən xanım eyni anda liderlik və rəhbərlik mövzusunda texnika və alətləri öyrənəcək və 2 il sonra bunları tətbiq edəcək;

Təbii ki, yazdıqlarım şəxsən heç kimə aid deyil. Yazdıqlarıma görə məni qınayan və belə olmadığını deyən oğlanlar – əgər belə deyilsinizsə, demək ki, bunlar sizə aid deyil. Əgər beləsinizsə – o zaman dəyişmə zamanı gəldi.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG