Keçid linkləri

Kim kimi qorumalıdır: ziyalı cəmiyyəti, yoxsa?...


Bəlkə də həmin qrup özünü elmdə, sənətdə təsdiq etsəydi, daha yaxşı olardı?!... Kim bilir?!...
Doğrusu, bunu özüm üçün yəqinləşdirə bilməmişəm. Tutaq, nə daha yaxşı olardı? F.Dostoyevski bir inqilabçı olsaydı, yoxsa yazıçı? Hansı halda Rusiya və dünya daha çox qazanardı? Dostoyevski inqilabi fəaliyyətini son ana qədər davam etdirsəydi, yoxsa indilər bildiyimiz kimi yazıçılıqla məşğul olsaydı? Etiraf edin ki, birmənalı cavab vermək çətindir. Üstəlik, bu, hamısı deyil. Dekabristlər üsyanından 186 il, mənim bu haqda ilk dəfə eşitdiyimdən isə bir neçə on il keçib. Amma bir fikir məni tərk etmir. Hələ də düşünürəm ki, A.Puşkinin qiyam günü paytaxtda olmaması dekabristlərlə elə irəlicədən razılaşdırılmışdı! Yenə də yazının əvvəlindəki sual aktuallaşır. Ruslar üçün daha çox nə önəm daşıyardı? Dekabrist, yoxsa şair A.Puşkin?... F.Şopen də çox patriot insan olmuşdu. Polşada inqilab zamanı bəstəkar öz vətənində dostları ilə birlikdə olmaq istəyirdi, lakin dostları onu qorumaq üçün Fransaya yola saldılar, çünki onlara və Polşaya bəstəkar Şopen daha çox lazım idi!

Düzdür, başqa misallar da var. Rus şairi N.Qumilyov zabit dostları ilə qiyam etdiyinə görə cəzalandırılarkən M.Qorki onun əfv edilməsi üçün bir müraciət edir. Amma Qumilyov bunu rədd edir və zabit dostları ilə birlikdə güllələnir.

Beləcə, suallar, suallar... Elə öz təcrübəmizdə də bununla bağlı misallar var.

80-ci illərin hərəkatı bir çox insanları elmdən, sənətdən, hətta deyərdim ki, təhsildən ayırdı. İndi düşünəndə ki, bu insanlar olmadan da Azərbaycan elə müstəqil olacaqdı, bir sual yenə də adama rahatlıq vermir: bəlkə də həmin qrup özünü elmdə, sənətdə təsdiq etsəydi, daha yaxşı olardı?!... Kim bilir?!... Ziyalı mövzusu, ümumiyyətlə, ağır bir mövzudur. Burada «qırmızı xətti» hər an tapmaq olmur. Hər an mühakimələrdə nəsə çatışmır, çünki söhbət ikili missiyadan gedir. Həm mədəni dəyərlər yaratmaq, həm də ictimai statusa malik olmaq. Bunlara eyni zamanda malik olmaq hər adama və hər bir vaxt qismət olmur.

ZİYALI NİYƏ ETİRAZ ETMƏLİDİR?

Mənə elə gəlir ki, etiraz edən ziyalı bütün hallarda özünü ifadə edir. O, nadir hallarda hansısa rolu oynayan aktyora bənzəyir, çünki o, rol oynamağa qol qoyan andan ən yaxşı halda dönüb siyasətçi olur... Məsələn, son parlament seçkisi zamanı bir neçə ziyalı, onların arasında şair, yazıçı, alim vardı, sərt bəyanatlar verdilər, hakimiyyəti tənqid etdilər. Buna necə yanaşmaq olar? Onların bu addımını ziyalı aktı kimi qiymətləndirmək olarmı? Onlar deputat olarkən parlamentdə və ondan kənarda bircə dəfə belə olsun nəinki bir çıxış etməmişdilər, hətta mətbuatdan və televiziyadan qaçırdılar. Ziyalı elə ancaq ona toxunandamı etiraz etməlidir?... Məsələnin dramatikliyini azaltmaq üçün əvvəldəki ikili missiya məsələsinə qayıtmaq istəyirəm. Çox nadir hallarda bu iki missiyanı A.Soljenitsın kimi uzlaşdırmaq mümkün olur. Onun etirazı və yaradıcılığı bir vəhdət təşkil edirdi. Hər adama belə harmoniyanı tapmaq mümkün olmur. Bəs onda ziyalı niyə etiraz etməlidir? Ən azı ona görə ki, o, başqalarından daha çox bilir və daha çox anlayır. Elə «intelligent» sözünün latıncadan mənası da «anlayan» deməkdir. Bəli, A.Puşkin qiyama qatılmadı, amma çarla söhbətində dekabristləri müdafiə etdi, buna görə sürgünə yola düşdü, amma sonradan da sağ qalmış dekabristlərlə əlaqələrini kəsmədi, onlarla yazışdı və onlara şeirlər həsr etdi. F.Dostoyevski onu siyasi həyatı zamanı təqib edən sərt suallara öz yazıçı həyatında cavab tapmağa çalışdı. Beləcə, etiraz aktı bitmədi. Etiraz davam etdi. Yaxud L.Tolstoyu götürün. O, heç vaxt siyasi fəaliyyətə meyl göstərməmişdi, amma bütün hadisələrə öz münasibətini gecikdirmirdi.

ETİRAZ EDƏN GƏNCLƏR ZİYALI DEYİLMİ?

Onların arasında tələbələr də var, artıq təhsilini bitirənlər də. Bəli, klassik anlamda onlar hələ ziyalı deyillər, çünki mədəni – mənəvi dəyərlər yaradıb ərsəyə gətirməyiblər. Amma onlar mədəni dəyərlərin ötürücüləridir. Bunun özü azdırmı? Onların həyata, siyasətə, təhsilə, vətəndaşlığa münasibəti elə bir dəyər deyilmi? Bilirsiniz, sovetlərdən müstəqil Azərbaycana çox problem miras qalıb. Biri də sovetlərin ziyalı nomenklaturasıdır. Onları şəxsi maraqlardan yuxarıda qalmağa, etiraz etməyə, nəyəsə münasibət bildirməyə sövq etmək cəhdləri bəzən alınır, bəzən də alınmır. Bundan pəjmürdə olmağa dəyməz. Onsuz da həmin nəsil səhnədən getmək üzrədir. Gedən qatarın arxasınca qaçmazlar. Amma hələ də qaçanlar var...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG