Keçid linkləri

Təcili xəbərlər

«Yeni tarix»dən adı silinən şəxsiyyət - M. Şahtaxtinski


Məhəmmədağa Şahtaxtinski
Onun adını özü açdığı məktəbə də çox gördülər. İndi həmin məktəb onun yox, akademik Z. Əliyevanın adını daşıyır.

Naxçıvanın Kəngərli rayonunda yerləşən Şahtaxtı kəndi Azərbaycana görkəmli şəxsiyyətlər, alimlər, ictimai-siyasi və dövlət xadimləri bəxş edib.

Kəndin adını öz soyadlarında gəzdirən bu şəxsiyyətlər haqqında dolğun məlumatlar tapmaq elə də asan deyil.

ŞAHTAXTI ADINI YAŞADANLAR...

Xaricdə təhsil almış ilk azərbaycanlı qadın - Leyla Şahtaxtinskaya.

İlk azərbaycanlı qadın həkim-ginekoloq və elmlər doktoru - Adilə Şahtaxtinskaya.

Zaqafqaziya Maarif komissarı olmuş Həmid bəy Şahtaxtinski.

Birinci dünya müharibəsi zamanı Naxçıvanın xilasında mühüm rol oynayan, tarixi Qars müqaviləsinin bağlanmasında xüsusi xidmətlər göstərən və Rusiya tərəfindən həmin müqaviləni imzalayan Behbud Şahtaxtinski.

Siyahını uzatmaq da olar.

MƏHƏMMƏDAĞA ŞAHTAXTİNSKİ

Bu yazıda məşhur soyadın daşıyıcılarından olan Məhəmmədağa Şahtaxtinski haqqında söhbət açacağıq.

Zəmanəsinin görkəmli ictimai-siyasi xadimi, publisisti, şərqşünası olmuş M. Şahtaxtinski 1846-cı ildə Şahtaxtı kəndində dünyaya göz açıb. İlk təhsilini Naxçıvan şəhər məktəbində alan Məhəmmədağa Şahtaxtinski daha sonra Tiflis klassik kişi gimnaziyasını bitirir.

Gimnaziyanı bitirəndən sonra Peterburqa gedən M. Şahtaxtinski orada alman dilini öyrənir, sonra isə Almaniyaya gedərək Leypsiq Universitetində fəlsəfə, tarix və hüquq elmlərini öyrənir. 1873-cü ildə təhsilini davam etdirmək üçün Parisə gedən M. Şahtaxtinski burada Şərq Dilləri Məktəbinə daxil olur, tezliklə elmi fəaliyyətə başlayır.

Onun ilk elmi əsəri Almaniya-Şərq münasibətlərinə həsr olunur.

O, ANA DİLİNDƏN BAŞQA 7 DİLİ MÜKƏMMƏL BİLİRDİ

Rus, alman, fransız, ingilis, ərəb, türk və fars dillərini mükəmməl bilən M. Şahtaxtinski bu dillərdə çoxlu elmi əsərlər yazır. Həmin əsərlərdə toxunduğu məsələlər Avropanın elm aləmində, mətbuatında ciddi marağa səbəb olur.

M. Şahtaxtinski həmçinin, əlifba islahatı sahəsində M.F.Axundovun davamçısı olaraq müasir Azərbaycan dili əlifbasında yeni islahatlar edir.

O, qeyd edir ki, ərəb əlifbası Azərbaycan dilinin fonetik, morfoloji və sintaktik xüsusiyyətlərini tam ödəyə bilmir. Bu səbəbdən latın qrafikalı əlifba sahəsində araşdırmalar aparır və nəticədə 1879-cu ildə, Tiflis şəhərində Şərq aləmində ilk dəfə olaraq əlifba islahatı haqqında araşdırmasını – «Təkmilləşdirilmiş müsəlman əlifbası» kitabını nəşr etdirir.

M. Şahtaxtinski təkcə elmi fəaliyyətlə kifayətlənmir. Jurnalist-publisist kimi də fəaliyyət göstərir. Bir müddət «Moskovski Vedomosti» qəzetinin əməkdaşı kimi İstanbulda müxbir vəzifəsində çalışır. 1891-93-cü illərdə «Kaspi» qəzetinin redaktoru təyin olunur.

SENZURA İLƏ QOVĞA

Öz xalqının maariflənməsinə çalışan M. Şahtaxtinski başa düşür ki, təkcə elmi fəaliyyətlə buna nail olmaq olmaz. Odur ki, ən yaxşı vasitə olan mətbuata diqqəti artırır. 1894-cü ildə «Tiflis» adlı qəzet buraxmaq üçün senzuraya müraciət edir, lakin müsbət cavab ala bilmir.

Bundan sonra yenidən Avropaya qayıdan M. Şahtaxtinski bir müddət Parisdə, Fransa kollecində, sonra isə, Ali Təcrübi Təhsil Məktəbində şərq dillərindən - Azərbaycan, fars dillərindən dərs deyir. Sarbonna Universitetində dekan vəzifəsinə qədər yüksəlir.

Həmin universitetin professoru P.Passinin rəhbərliyi ilə fransız dilinin fonetikası sahəsində tədqiqatlar apararaq bununla bağlı mətbuatda tez-tez çıxışlar edir. Xidmətlərini Fransa Maarif Nazirliyi fəxri diplom ilə təltif edir.

MÜLKÜNÜN BİR HİSSƏSİNİ SATARAQ «QEYRƏT» ADLI MƏTBƏƏ AÇIR


Öz xalqını, vətənini çox sevən M. Şahtaxtinski 1902-ci ildə bölgənin inzibati-mədəni mərkəzi sayılan Tiflis şəhərinə qayıdır və mülkünün bir hissəsini sataraq «Qeyrət» adlı mətbəə açır.
M. Şahtaxtinski mətbəəni təmənnasız olaraq Mirzə Cəlilə verir və bu mətbəədə «Molla Nəsrəddin» satirik jurnalı çap olunur
Mətbuat və fikir azadlığı tariximizdə xüsusi yeri olan, təsisçisi və baş redaktoru olduğu «Şərqi Rus» qəzetinin ilk sayını 1903-cü il mart ayının 30-da həmin mətbəədə çap etdirir.

İstedadlı, həmçinin reformist jurnalist olan M. Şahtaxtinski həmin qəzetin səhifələrində liberal millətçilik, qadın azadlığı, dünyəvi elmlər, ana dili ilə bağlı mütərəqqi fikirlər səsləndirərək Azərbaycan jurnalistikasına yeni nəfəs gətirir.

«Şərqi Rus» qəzeti Cümhuriyyətin qurulmasında təbliğat baxımından da mühüm rol oynayıb.

M.Ə.Rəsulzadənin ilk məqaləsi – «Bakıdan məktub», Mirzə Cəlilin «Poçt qutusu» hekayəsi həmin qəzetdə çap olunub.

Həmin dövrlərdə mətbuata sərt siyasi senzura tətbiq edildiyindən qəzetdə milli bərabərlik və azadlıq, dil birliyi, söz və mətbuat azadlığı kimi məsələlər oxuculara dolayısıyla çatdırılırdı.

Qəzet haqqında C. Məmmədquluzadə «Xatiratım» əsərində yazır:

«O əsrdə və o şərait içində heç bir kəsin cürəti ola bilməzdi ki, qələmi ilə azad olsun və hökumətin istibdadı ilə mübarizə aparsın: yaxud ehtiyatla da olmuş olsa, hökumət ilə oppozisiyada ola bilsin. Onunçün həm Məhəmməd ağanın, həm onun biztək köməkçilərinin əsas məsləki və ideyası məhz müsəlman camaatını maarif və mədəniyyətə təklif etmək idi».

M. ŞAHTAXTİNSKİ MƏTBƏƏNİ TƏMƏNNASIZ OLARAQ MİRZƏ CƏLİLƏ VERİR


Sonradan M. Şahtaxtinski mətbəəni təmənnasız olaraq Mirzə Cəlilə verir və bu mətbəədə «Molla Nəsrəddin» satirik jurnalı çap olunur. Bu, bir daha M. Şahtaxtinskinin mətbuatın inkişafındakı xidmətlərinin miqyasının böyüklüyünü təsdiq edir.

1907-ci ildə İrəvan quberniyasının Dərələyəz uyezdindən Rusiya Dövlət Dumasına üzv (deputat) seçilən M. Şahtaxtinskinin Dumadakı fəaliyyətinin əsasını Azərbaycan xalqına xidmət təşkil edir. O, Dumada Azərbaycanın xeyrinə bəzi qanunların qəbul olunmasına nail olur. Dumadakı fəallığı, rus dilindəki natiqliyi, cəsarəti onun rus ictimai-siyasi mühitində də tanıdır.

AZƏRBAYCANLI DEPUTATDAN STOLIPİNƏ CƏSARƏTLİ CAVAB


Dumanın yığıncaqlarının birində baş vermiş hadisə indi də əfsanəyə çevrilərək Naxçıvanda dillər əzbəridir:

Xarici səfirlərin də iştirak etdiyi həmin yığıncaqda Rusiyanın ovaxtkı Baş naziri Pyotr Arkadyeviç Stolıpin Rusiyada cərəyan edən demokratik proseslərdən, söz və mətbuat azadlığından, millətlərə verilən azadlıqdan ağızdolusu danışarkən yerdən uca səslə replika eşidilir:

«Bu, yalandı! Hətta Rusiyada yaşayan xarici vətəndaşlara belə bizdən daha çox azadlıq verilir».

Hər kəs səs gələn tərəfə baxsa da, həmin cəsarətli səs Stolıpinə tanış olduğundan başını qaldırmadan çıxışını davam etdirir.

BU, M. ŞAHTAXTİNSKİ SƏSİ İDİ

Şahtaxtinski Avropada və Şərqdə kifayət qədər tanındığından Stolıpin özünə təhqir saydığı bu reaksiyaya cavab vermir.

Dumadakı yığıncağın sabahı günü «Moskovskiye Vedomosti» qəzetində professor Solovyevin yazısı dərc olunur. O, həmin yazıda «İlahi, sən bizim yaxamızı bu şərq mənşəli siyasətçinin əlindən qurtar» ifadəsini işlədir.

Həmin dövrlər Rusiyada gedən daxili proseslər nəticəsində Duma vaxtından əvvəl buraxılır. M. Şahtaxtinski bir müddət Peterburqda nəşr edilən «Rossiya» qəzetinin redaksiyasında çalışır.

Rusiyanın ovaxtkı Baş naziri Pyotr Arkadyeviç Stolıpin
1908-1918-ci illərdə Türkiyə, İran və İraqda yaşayır və həmin illərdə elmi yaradıcılığını davam etdirir.

M. Şahtaxtinski hələ gənc yaşlarından təhsilin, maarifin inkişafını diqqətdə saxlayıb. O, doğulduğu Şahtaxtı kəndində dövlət məktəbinin açılması üçün çoxlu səylər edir.

1888-ci ildə Rusiya Daxili İşlər Nazirliyində çalışarkən İrəvan quberniyasının Maarif İnspeksiyasına müraciət edərək Şahtaxtı kəndində dövlət məktəbinin açılmasını tələb edir. Onun tələbi maliyyə çətinliyi bəhanəsi ilə rədd edilir. Niyyətində qəti olan M. Şahtaxtinski maliyyə yardımı üçün Qarsda komendant işləyən yaxın qohumu, Əbülfət ağa Şahtaxtinskiyə müraciət edir və onun köməkliyi ilə 1888-ci ilin oktyabrında doğulduğu kənddə ikisinifli zemstvo dövlət məktəbi açmağa nail olur.

O, QURANİ-KƏRİMİ ORİJİNALDAN FRANSIZ VƏ RUS DİLLƏRİNƏ TƏRCÜMƏ EDİR

Çoxşaxəli fəaliyyət aparan M. Şahtaxtinski bir sıra tərcümələr ilə də tanınır. Onun Qurani-Kərimi orijinaldan fransız və rus dillərinə tərcüməsi o dövrün bir hadisəsi olmuşdu.

M. Şahtaxtinskinin xidmətləri diqqətsiz qalmır, onu 1899-cu ildə Beynəlxalq Fonetika Cəmiyyətinə, 1900-cü ildə Beynəlxalq Asiya Cəmiyyətinə üzv seçirlər. 1903-cü ildə isə Şahtaxtinski Rusiya İmperator Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvü seçilir.

1919-cu ildə doğma vətəni Azərbaycana qayıdan M. Şahtaxtinskin Bakı Dövlət Universitetinin yaranmasında yaxından iştirak edir. BDU-nun ilk azərbaycanlı professoru olan Şahtaxtinski yeni gəncliyin maarifləndirilməsində yaxından iştirak edir.

Sovet dövründə mərkəzi hökumət tərəfindən yaradılmış Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində çox fəal iştirak edərək əlifba islahatının həyata keçirməyə nail olur.

M. ŞAHTAXTİNSKİNİN ÖLÜMÜ

M. Şahtaxtinski 1931-ci il dekabr ayının 12-də Bakı şəhərində vəfat edir.

Sovet hökumətinin Azərbaycanın tarixi şəxsiyyətlərinə bəslədiyi ögey münasibət M. Şahtaxtinskidən də yan keçmir. Onun geniş siyasi, ictimai və elmi fəaliyyətinə göz yumulur. Buna baxmayaraq, Şahtaxtinskinin tarixi xidmətləri xalqın yaddaşından silinmir, nəsildən-nəsilə ötürülür. Ölümündən təqribən 40 il sonra bir qrup ziyalının müraciətindən sonra onun adı yaranmasında xüsusi xidmətləri olmuş Şahtaxtı kənd orta məktəbinə verilir və...

Azərbaycan tarixə «yeni baxış» mərhələsinə qədəm qoyandan sonra, 2005-ci ildə onun adı kənd məktəbindən götürülür, prezident İlham Əliyevin anası, akademik Zərifə Əliyevanın adı ilə əvəz edilir. Naxçıvan Muxtar Respublika rəhbərliyinin təşəbbüsü ilə baş verən həmin addəyişmə zamanı M. Şahtaxtinskiyə aid olan lövhə də məktəbdən çıxarılıb.
XS
SM
MD
LG