Keçid linkləri

Təcili xəbərlər

«Ağ fillər» Azərbaycanda...


İri dövlət layihələri korrupsiya üçün ən geniş imkanlar açan bir vasitədir
İri dövlət layihələri korrupsiya üçün ən geniş imkanlar açan bir vasitədir

Azərbaycanda son dövrlər müşahidə olunan qiymət artımı və iqtisadi çətinliklərlə bahəm bir məsələdə özünə diqqəti cəlb edir – iri dövlət layihələri. İşıq, qaz, su problemləri olan rayonlarda iri olimpiya komplekslərinin tikintisi, Bakıda Cənubi Koreya şirkətlərindən birinin layihəsi əsasında lüks mehmanxana və istirahət mərkəzlərinin inşası ən iri layihələr olsalar da, sıra bununla bitmir. Tikilən kimi təmirə ehtiyacı yaranan bahalı körpülər, presedenti olmayan dövrülüklə təmir olunan maşın yolları, Ələtdə inşası planlaşdırılan 300 milyon dollarlıq dəniz limanı və sair və ilaxır. Zahirən inkişaf var. Artıq Azərbaycanda 13 iri olimpiya kompleksi tikilib (bu komplekslərdən birinin inşası orta hesabla 15-17 milyon ABŞ dollarına başa gəlir), 23-ü də tikilmək üzrədir. Bakıda Qafqazda görünməmiş ölçülərdə binalar tikiləcək, lap Dubayda olduğu kimi. Okeana çıxışı olmayan Azərbaycanın Ələtdə inşa etdiyi dəniz limanı yəqin ki, iri Gürcüstan limanları ilə yarışacaq və bəlkə də çəkilən xərclərdə onları çox-çox geridə qoyacaq. Çoxlu körpülər, hamar yollar, bir sözlə, ətrafın gözəlləşdirilməsi. Nəyi pisdir ki?


Bütün bu layihələri bir ümumi xarakterik keyfiyyət birləşdirir - cəmiyyətə zəruriliyi ilə disproporsionallıq təşkil edən böyük başagəlmə xərcləri. Azərbaycanda qeyri-istehsal sahələrinə, yəni pul gətirməyən layihələrə bu qədər vəsaitin xərclənməsi ölkədə xarici valyutaları ucuzlaşdırıb, manatın da alıcılıq qabiliyyəti azala-azala gedir. «Holland sindromu» adlanan bu xəstəlik və Azərbaycanın öz neftini satması hesabına qazandığı pulların kağız parçasına çevrilməsi ilə bu iri layihələr arasında birbaşa əlaqə var.



1986-1993-cü illərdə Britaniya və Fransa şirkətlərinin iştirakı ilə Keniya hökuməti olmayan yerdən 300 milyon dollarlıq su bəndi və su elektrik stansiyasının tikilməsinə qərar verdi və 155 metr hündürlüyündə bənd inşa etdi. Sonradan məlum oldu ki, çayda həmin bəndi düz-əməlli işlədə biləcək miqdarda su yoxdur

Azərbaycan bu layihələrin işlədildiyi birinci və axırıncı ölkə deyil. Bu layihələrə beynəlxalq aləmdə «ağ fil layihələri» deyilir. 20-ci əsrin əvvəllərində Siam şahı dostluq etmək istədiyi Avropa ölkələrinin rəhbərlərinə ağ fil hədiyyə edirdi. Hədiyyəni rədd etmək olmazdı, ancaq bu hədiyyə iri və gərəksiz idi, üstəlik, böyük saxlanma xərcləri tələb edirdi. Təbii sərvətləri satmaq hesabına iri pullar qazanmış hökumətlərin böyük layihələrə baş vurmaları Qərb ekspertlərinə həmin o ağ filləri xatırlatdığından bu termin ortaya çıxıb.


Beynəlxalq Valyuta Fondunun ekspertlərindən olan Paulo Mauro hələ 1997-ci ildə bu cür layihələrin məntiqini təhlil edərək yazırdı ki, ortada bir qapalı dairə var: Zəngin təbii ehtiyatlar və onların üzərində balanslaşdırılmayan hökumət nəzarəti korrupsiya doğurur. Hökumət heç də bütün layihələrdən vəsaiti eyni asanlıqla oğurlaya bilmədiyindən müəyyən layihələr digərləri üzərində üstünlük təşkil etməyə başlayır. İri dövlət layihələri korrupsiya üçün ən geniş imkanlar açan bir vasitə kimi diqqəti cəlb edir. Ən sonda hökumət təbii ki, belə layihələrdən birini həyata keçirir. Bu sxem ərəb ölkələrində, bəzi Afrika ölkələrində, hətta Rusiyada, bir sözlə, oğurlamaq üçün babat miqdarda pulun və o pulu oğurlamağa qadir avtoritar hökumətlərin olduğu bütün yerlərdə həyata keçirilib. Misallar da çoxdur. Hazırda Bakının təkrarlamağa çalışdığı möhtəşəm Dubay binaları və dünyada tikilmiş ilk yeddiulduzlu hotel, Səudiyyə Ərəbistanın 80-cı illərdə tikdirdiyi iri və boş universitetlər, Fars körfəzindəki ərəb dövlətlərinin Avropa və Amerikadan aldıqları çox milyardlı təyyarə, hərbi avadanlıq və silah partiyaları, Afrika ölkələrində tikilən iri su bəndləri…Sonuncu misalda bir maraqlı element var. Bəzən hökumət çox korrupsioner olanda, hətta ölkənin kasıb olması belə «ağ fil layihəsi»nin reallaşdırılmasına mane ola bilmir. 1986-1993-cü illərdə Britaniya və Fransa şirkətlərinin iştirakı ilə Keniya hökuməti olmayan yerdən 300 milyon dollarlıq su bəndi və su elektrik stansiyasının tikilməsinə qərar verdi və 155 metr hündürlüyündə bənd inşa etdi. Sonradan məlum oldu ki, çayda həmin bəndi düz-əməlli işlədə biləcək miqdarda su yoxdur. Bu detalın üzərində ona görə çox dayandım ki, bu su bəndi layihəsi mənə Ələt dəniz limanı projesini xatırladır.


Dünyada xeyli tikinti və sənaye şirkətləri məhz belə layihələrin həvəskarları olan hökumətlərə sərfəli təkliflər hazırlamaq hesabına iri pullar qazanırlar. Forma fərqli olsa da, məzmun eynidir: dünyadan bixəbər tayfa rəhbərlərinə parıltılı muncuqlar göstərməklə qızılı onların əlindən almaq…

XS
SM
MD
LG