Keçid linkləri

Azadlığın yaş senzi var? (Həftəsonu duyğuları)


Görəsən mən 5-6 yaşında küçədə «Azadlıq!» söyləyə bilərəmmi?
Görəsən, azadlığın yaşı varmı?
Məsələn, deyirlər qadının yaşı olmaz.
Deyirlər sevginin yaşı yoxdur.
Bəs azadlığın?
Görəsən, insan ilk dəfə nə zaman azad olmağın fərqinə varıb?
Bəs ilk dəfə kim, nə vaxt, harada «Azadlıq!» qışqırıb?
Görəsən, «Azadlıq!» qışqırmaq üçün yaş senzi varmı?

BƏLKƏ BU YAŞDA?

Ümummilli tacirimiz Məşədi İbadın güzgü qarşısındakı məşhur papaq monoloqu yadıma düşdü. Özünü gözəlim Gülnaza bəyəndirmək üçün pullu tacir nə qədər ehtimallar irəli sürmüşdü... Papağı belə qoysam, elə qoysam...

İndi Məşədi İbad demiş, görəsən mən 5-6 yaşında küçədə «Azadlıq!» söyləyə bilərəmmi?

Yox! Onda məni polislər anamla birgə tutub aparar. Üstəlik, hər yana car çəkərlər ki, anam bar qadınıdır... Aaaa...

Tənə vuracaqlar ki, qadınsan otur qadın yerində
MƏNCƏ, BU YAŞDA...

Deyirəm, bəlkə bu yaşda?

Yox, onda da məni mülkigeyimli qoluzorlular hər iki tərəfdən qamarlayıb yenə aparacaqlar. 5 sutka verəcəklər. Bir gün ac saxlayacaqlar. Üstəlik, tənə vuracaqlar ki, qadınsan otur qadın yerində. Nə işin var mitinqdə? Halım pisləşəcək. Üstümə təcili yardım gələcək. Mənə iynə vuracaqlar. Uff!

YOOOX, BU YAŞDA!

Eh! Onda da bığıburmalar yenə məni sürütdüyə-sürütdüyə çəkib aparmaq istəyəcəklər həmin məlum məkana. Yolda yazıqları gəlib salacaqlar maşından. Deyəcəklər, yaşlı adamsan, otur evində-eşiyində. Pensiya yaşında sənin mitinqdə nə işin var? Üstəlik, jurnalistlər şəklimi çəkib vuracaqlar qəzetə, o təzə çıxanın adı nədir -- hə, saytlara. El içində biabır olacam...Vayyy!

ƏN YAXŞISI...

Pensiya yaşında sənin mitinqdə nə işin var?
Ən yaxşısı, mən «Azadlıq!»dan vaz keçim.
«Alnıaçıq», «üzüağ» yaşayım.
Ətrafımda baş verənləri vecimə də almayım.
Ölkədə baş verənlərdə «özünü yox, ətrafını» suçlayım.
Yox, hərdən yüngül narazılıqlar olar.

Məsəlçün, evdə-eşikdə oğul-qız yanında başıaşağı olanda, filankəsin sərvətindən, bəhmənkəsin lüks həyatından, bazarın bahalığından, bir sözlə, sənin-mənim yaşamaq yox, sürünmək savaşından söz düşəndə...
Amma çox dərinə varmayım.
Başımı ağrıtmayım.

YAŞIN NƏ FƏRQİ VAR?!

Bəs onda mənə, Məşədi İbad demiş, nə deyəcəklər?
Unutdum. Bəlkə siz deyəsiniz, ümummilli tacirimiz sonda nə qərara gəlmişdi?
Gözəlim Gülnazın xoşuna gəlmək üçün papağı necə qoymağı münasib bilmişdi?
Eybi yox, yaddaşınızı çox da qurdalamayın.
Yazını bitirirəm, a... Bircə mənə deyin görüm, azadlığın yaşı varmı?
Bəs «Azadlıq!» qışqırmaq üçün yaş senzi?
Bəlkə o məşhur mahnıda oxunduğu kimi, «Yaşın nə fərqi var?»...
Yoxsa o söz ancaq sevgidə keçərlidir?!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG