Keçid linkləri

Təcili xəbərlər

Yeni kəmər sevdası


BTC hələ ki, özünün buraxıcılıq gücünün cəmi 63%-ni reallaşdıra bilib
BTC hələ ki, özünün buraxıcılıq gücünün cəmi 63%-ni reallaşdıra bilib
Son vaxtlar Azərbaycan mətbuatında Transxəzər kəmərlərinin reallaşması və bununla bağlı ölkəmizin ərazisindən artan tranzit həcmlərinin daşınması üçün yeni boru kəmərlərin tikintisinə yaranacaq ehtiyacdan söhbət açılır. Bu zaman əsas kimi hökumət rəsmilərinə istinad edilir. Bu baxımdan, adıçəkilən layihələrə reallığın gözü ilə baxmaq yerinə düşərdi.

TRANSXƏZƏR NEFT KƏMƏRİ

Bu ideya faktiki olaraq gündəmə 90-cı illərin əvvəllərində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri haqda ilk fikirlər meydana gəldiyi zamandan mövcuddur. Özü də Transxəzəri gündəmə gətirənlər BTC-nin əleyhdarları (Rusiya və İran) olub. Ona görə ki, onlar maliyyə qurumlarını və BTC-də marağı olan şirkətlərin səhmdarlarını inandırmağa çalışırdılar ki, Bakını Ceyhanla birləşdirəcək boru xətti heç vaxt rentabelli ola bilməz: Azərbaycanda uzunmüddətli dövr üçün ildə 50 mln neft ixracı üçün resurs yoxdur. Real resurslar isə Qazaxıstandandır və oranın neftini BTC-yə vurmaq üçün hökmən Transxəzər neft kəməri reallaşmalıdır, bu isə müşkül məsələdir, çünki Xəzərin hüququ statusu həllini etmədən boru tikmək «dəryada balıq sevdası» kimi bir şeydir. Ancaq BTC-nin tikintisi çox yaxşı bir dövrə təsadüf etdi və 1768 km-lik, Xəzər və Aralıq dənizlərini birləşdirən, mürəkkəb coğrafi (Gürcüstan ərazisində boru xətti dəniz səviyyəsindən 2800 metr yüksəkliyə qədər qalxır) şəraitə baxmayaraq, cəmi $5 mlrd vəsaitə 36 aya tikilib başa çatdı. 2006-cı ilin 28 mayında tam istifadəyə verilən boru kəməri artıq 2007-ci ilin dekabr ayında Azərbaycana ilk mənfəətini verməyə başladı. 2009-cu ildən başlayaraq Azərbaycan hər il orta hesabla bu kəmərin işləməsindən $200 mln-dan artıq mənfəət götürür. Özü də bu o zaman baş verir ki, BTC hələ ki, özünün buraxıcılıq gücünün cəmi 63%-ni reallaşdıra bilib: 2010-cu ilin nəticələrinə görə, 60 mln ton layihə gücü qarşılılığında ondan 38 mln ton neft ötürülüb. Təbii ki, neftin dünya bazarlarında qiymətinin yüksək olması da kəmərə yatırılan sərmayələrin qısa zamanda ödənməsinə və onun gəlirlə işəməsinə münbit şərait yaratmış oldu.

İŞLƏRİ KORLAYAN «KAŞAĞAN»


Yatağın I fazası üzrə gündəlik 300 min barel (ildə 15 mln ton) səviyyəsinə ancaq 2018-ci ildə çatmaq mümkün olacaq
2000-ci ildə Xəzərin Qazaxıstan sektorunda dünya miqyaslı «Kaşağan» neft yatağının açılması Transxəzər neft kəmərinə diqqəti yenidən canlandırdı. Çünki bu yataqdan ildə 70-80 mln ton neftin hasil edilməsi planlaşdırılır. O zaman zənn edirdilər ki, 2005-ci ildə buradan ilk nefti əldə etmək mümkün olacaq, Qazaxıstanın ixrac infrastrukturu isə zəif idi. Ona görə də 2006-cı ildə Qazaxıstan Azərbaycanla Xəzər Nəqletmə Sistemi (XNS) adlı bir saziş imzaladı. Bu layihəyə görə, «Kaşağan»dan hasil edilən nefti 700 km-lik yeni boru xətti ilə Aktau limanının cənubunda yaradılması nəzərdə tutulan Kurık terminalına çatdırılmalıdır. Yeni infrastrukturun qiyməti o zamankı qiymətlərlə $3 mlrd dəyərində qiymətləndirilirdi. Onun buraxıcılıq gücü ilkin etapda maksimum 23 mln ton, sonrakı mərhələlərdə isə 56 mln-dək artırıla bilər. Ancaq az keçmədi məlum oldu ki, «Kaşağan»dan ilkin neftin hasilatı 2008-ci ilə keçirilir və bir qədər sonra bu tarix 2013-cü ilin əvvəlinə dəyişdirildi. Daha sonra isə məlum oldu ki, yatağın I fazası üzrə gündəlik 300 min barel (ildə 15 mln ton) səviyyəsinə ancaq 2018-ci ildə çatmaq mümkün olacaq. «Kaşağan»ın II mərhələsi üzrə layihə işləri hələ rəsmi Astana tərəfindən təsdiq edilməyib, ancaq ehtimal edilir ki, bu mərhələdə ilkin neftin hasilatı 2018-ci ildən 2022-ci ilədək təxirə salınır. Bu baxımdan da XNS üzrə işlər də təxirə salındı və çox güman ki, yaxın 5 ildə gündəmdə olmayacaq. Niyə?

RUSİYA VƏ ÇİN AMİLİ

2010-cu ilin dekabrında Rusiya uzun sürən danışıqlardan sonra Tengiz-Novorossiysk neft kəmərinin illik buraxıcılıq gücünün 28 mln tondan 67 mln tonadək artırılmasına rəsmən icazə verdi və həmin layihəyə cəlb olunan şirkətlər $6 mlrd vəsait yatırım etmək qərarına gəldilər. Mərhələ-mərhələ bu işlər 4 ilə başa çatmalıdır. Yəni, «Kaşağan»ın ilkin nefti faktiki olaraq dünya bazarına Rusiya üzərindən çıxacaq. Rəsmi Astana həmçinin başa düşür ki, Transxəzər neft kəməri ideyası nə qədər problemli bir işdir. Hətta Xəzərin hüquqi statusu həllini tapsa belə, ekoloji riskləri nəzərə alıb onun ərsəyə gətirilməsini təmin etmək müşküldür. Bunun üçün «Kaşağan» neftinin bir hissəsinin (20-25 mln ton) Xəzər vasitəsilə BTC-yə vurulması nəzərdə tutulur ki, bu da Qazaxıstanın çoxşaxəli ixrac siyasətinə tam uyğundur.
Qazaxıstana edilən yatırımlar Qərbi Qazaxıstanı Çinlə birləşdirən yeni neft kəmərinin (Atasu-Alaşankou) tikintisinə səbəb oldu
Bundan başqa, Çinin son illər Qazaxıstanda çıxarılan həcmlərdəki payı 10%-dən 24%-dək artması ixrac planlarına da təsirsiz ötüşmədi. Belə ki, Qazaxıstana edilən yatırımlar və böyük məbləğli kreditlər Qərbi Qazaxıstanı Çinlə birləşdirən yeni neft kəmərinin (Atasu-Alaşankou) tikintisinə səbəb oldu. Artıq 2015-ci ildə bu marşrutla 20 mln ton nefti Çinə göndərmək mümkün olacaqdır. Sonradan onun buraxıcılıq gücünü 30 mln-dək artırmaq da nəzərdən keçirilir. O cümlədən də Qazaxıstandan Çinə ixrac qaz kəmərinin reallaşması da gündəmdədir.

NƏTİCƏ

BTC elə layihələndirilib ki, onun üzərindəki nasos stansiyalarının sayını artırmaqla kəmərin illik buraxıcılıq gücünü 80 mln tonadək çatdırmaq olar. Azərbaycan bundan əlavə kəmərlər vasitəsilə dünya bazarlarına daha 12.5 mln ton neft (Bakı-Supsa kəməri ilə 7.5 mln ton, Bakı-Novorossiysk ilə 5 mln ton) ixrac etmək imkanına malikdir. Yəni, ümumilikdə potensial boru ixrac gücümüz 92.5 mln tondur. 2025-ci il üçün Azərbaycanda ən yaxşı halda 31-32 mln ton neft hasilatı gözlənilir ki, bunun da 10 mln tonunun yeni neftayırma-neftkimya kompleksində emalı nəzərdə tutulur. Nəzərə alsaq ki, o zaman Qazaxıstandan tankerlərlə Xəzər üzərindən Azərbaycana 25 mln ton, Türkmənistandan isə 5 mln tonadək neft keçə bilər, onda təkcə BTC bu ehtiyacları ödəməyə qadirdir və uzun müddət boru xəttinin rentabelli işləməsini təmin edər (BTC-nin layihə istismar müddəti 2046-da bitir). Belə isə aydındır ki, Azərbaycan üçün öz ərazisində yeni ixrac neft kəmərinin tikintisinə heç bir iqtisadi əsas yoxdur. O ki, qaldı Transxəzər qaz kəmərinə və bununla əlaqədar Azərbaycanda yeni boru kəmərinin tikintisinə, bu, artıq başqa bir araşdırma mövzusu olacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG