Keçid linkləri

Təcili xəbərlər

Açıq hökumətin qurulmasına neçə sərəncam lazımdır?


Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

-

ON BEŞ İLDİR Kİ, DANIŞIRLAR...

Bəlkə də sual ilk baxışda ritorik görünə bilər, axı az qala, 15 ilə yaxındır ki, məmurların gəlir bəyannamələri haqqında söhbətlər gəzir, neçə-neçə qanun və sərəncam qəbul olunub, amma məsələ həllini tapmayıb.

O səbəbdən bu məsələyə heç toxunmamaq da olardı, çünki bu illər ərzində problem həll olunmayıbsa, deməli, heç yaxın vaxtlarda da çözülməyəcək. Di gəl, bu günlərdə Açıq Hökumətlə bağlı Milli Fəaliyyət Planı qəbul olundu. Plan digər məsələlər kimi, məmur gəlirlərinin də şəffaflaşdırılmasını nəzərdə tutur, axı bunsuz açıq hökumət olmaz...

Bütövlükdə götürəndə, məsələ çox qəlizdir. Azərbaycanda şəffaf hökumət layihələrinin alınmamasının səbəbi çoxdur.Başlıca səbəb də odur ki, ölkədə məmur kapitalizminin eybəcər forması törənib – iqtisadiyyat və strukturları məmurların sərəncamındadır. Ölkənin biznesmenləri də, ən varlı insanları da elə məmurlardır ki var. Bütün «məmur nərdivanı»nın hər pilləsində öz ranqına və məmur çəkisinə uyğun, irili-xırdalı sahibkara, ya da biznes strukturlarının «xaç atası»na, «patron»una və ya «hami»sinə rast gəlmək olar...

O üzdən,«ən yuxarı»ların «aşağılar»ı - kiçik ranqlı məmurları «haqq yolu»na çağırması, ara-sıra kimisə cəzalandırması heç bir nəticə vermir, verməz də...

SAHİBKARLIQ MƏSƏLƏSİ KOMMERSİYA SİRRİ KİMİ...

Təxminən ilyarım əvvəl maraqlı bir hadisə baş verdi. Biznes strukturlarının araşdırılma cəhdləri ona gətirib çıxardı ki, hökumət əcaib bir qərar çıxardı: Sahibkarlıq məsələsi kommersiya, biznes sirri elan edildi. Elə buna görə də romantik xəyallara qapılmağa əsas yoxdur – nə qədər sərəncam qəbul edirlərsə- etsinlər, bir nəticəsi olmayacaq... Bu ölkədə iqtisadiyyat hələ də siyasətdən ayrılmayıb, biznes və siyasət çulğalaşmış şəkildə mövcuddur. Onu ayırmaq istəyi də yoxdur, çünki iqtisadi hakimiyyət də son nəticədə hakimiyyətin bir komponenti kimi təzahür edir. Ölkədə bir neçə il sürən siyasi kataklizm, çevriliş və başqa təlatümlər həm də ondan ötrü idi ki, mülkiyyət və sərvət bölgüsü baş verməliydi. Baş verdi də və yalnız bundan sonra çoxları sakitləşdi.

İndi də hakimiyyətdə olmaq ona görə sərfəlidir ki, imtiyaz verir və irili-xırdalı məmurların siyasi hakimiyyətə marağını formalaşdırır. Axı ölkə şirkət kimi bölünüb, şirkət kimi yönəldilirsə,əlavə «maraq» və «stimul»lar yaranır...

«DƏVƏ GÖRDÜNMÜ?»

Bəs onda açıq hökumət layihələri, şəffaflıq və ictimai nəzarət haqqında deyilənlər nəyə lazımdır? Bəyəm böyük kapital özünü qanun və nəzarətin fövqündə görmür?! Belə isə onun «aşağı»larda «nizam-intizam» yaratmaq istəyi necə gerçəkləşə bilər?

Bəzən durub-qayıdıb-dönüb, ictimai nəzarətdən söz açırlar. Ədalətli və demokratik seçki olmayan bir ölkədə ictimai rəyin, ictimai qınağın təsiri ola bilməz, axı. Ədalətli və demokratik seçki isə, hələlik, xəyaldır və əslində, insanlar hər şeyi bilirlər. Bəzən hətta lazım olandan da çox bilirlər. Amma bu, heç nəyi dəyişməz.

Elə bu səbəbdən də ictimai nəzarətdən deyilənlər boş sözlərdir. Üstəlik, cəmiyyət elə duruma salınıb ki, hamı «Dəvəni gördünmü? Yox, heç qılını da görmədim!» məntiqiylə yaşayır. Siz belə bir cəmiyyətin hökumətə, irili-xırdalı məmurlara göz qoyacağınımı düşünürsünüz?

Bəli, demokratik seçkilər olsaydı, güclü QHT şəbəkəsi və müstəqil media fəaliyyət göstərsəydi, nəsə dəyişə bilərdi. Amma bunların heç biri yoxdur...

Hökumətin açıqlığına nə tələb edilir? İlk növbədə onun işinə nəzarət edən müstəqil parlament! Daha nə lazımdır? Qanunların icrasına nəzarət edən müstəqil məhkəmələr! Başqa nə lazımdır? Təbii ki, güclü media...

ELƏ ŞEYLƏR ÜZƏ ÇIXA BİLƏR Kİ...

Bunları bir daha, hətta təkrar-təkrar ona görə deyirəm ki, qoy hakimiyyət insanları avam yerinə qoymasın, onlarla əylənməsin. Açıq hökumət sevdası burada baş tutan məsələ deyil, çünki lap az da olsa, elə şeylər üzə çıxa bilər ki...

Bəlkə də bunu aşırı bədbinlik sayanlar olacaq, amma belə deyil. Dəfələrlə yazmışam ki, hər siyasi sistemin potensial imkanları var.

Hər siyasi sistemdən hansısa həddədək səmərə almaq mümkündür. Bəli, qarmaqarışıqlıq və qeyri-stabilliklə müqayisədə avtoritar sistemin öz üstünlükləri var. Amma avtoritar sistem nə qədər səmərə verə bilərdisə, artıq verib və indən belə sistemin özü islah edilməlidir.

Bu problem təkcə Azərbaycanda yaşanmır. İranda, hətta Çin kimi qüdrətli, amma avtoritar ölkələrdə çıxış yolunu qanun və cəzaları ifrat dərəcədə sərtləşdirməkdə görürlər. Amma ən sərt cəza ölüm hökmüdür, bundan o tərəfi yoxdur. Di gəl, hətta belə cəzalar da insanları dayandırmır, onları sərvət və mülkiyyət yarışından soyutmur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG