Keçid linkləri

Təcili xəbərlər

Doğrudanmı Avropa böhran keçirir?


Azərbaycan və Avropa Birliyinin bayraqları
Azərbaycan və Avropa Birliyinin bayraqları

.

SOVET DÖVRÜ QAYIDIBMI?

Azərbaycanda vəziyyət sanki lap 30-40 il bundan əvvələ qayıdıb. Hər şey o vaxtlarda olduğu kimidir – aramsız “toplantı”lar keçirilir və bu “toplantı”larda “qərəz mərəzinə tutulmuş” Avropa strukturlarının, xüsusən də Avropa Parlamentinin qarasınca o ki var danışırlar.

Ən mülayim, “yumşaq” danışanlar da günahın avropalılarda olmadığını, sadəcə, Avropa institutlarının böyük böhran keçirdiyini deyir və “hamıdan irəli gütmiş” azərbaycanlıların hətta öz avropalı qardaşlarını da xilas etməli olduqlarını bildirirlər.

Elə bu günlərdə telekanalların birində çıxış edən təhlilçilər belə bir “fikir” dedilər ki, Azərbaycanın Nizami kimi dahiləri var ki, avropalıların ondan xəbəri yoxdur. Əgər onlar Nizamini mənimsəsələr Avropadakı böhran da dayanar, bu bölgənin vətəndaşlarının mənəvi iztirablarına da son qoyular...

Buna da bax: Dərsə gedən ağlayan bir uşaq... (Video)

KİM ŞƏRQİ DAHA YAXŞI MƏNİMSƏYİB?

Doğrudanmı, avropalılar Nizamini tanımır? Əgər tanımırlarsa onda Goethe-ni şərq şairlərinə nəzirələr yazmağa, xüsusən də Nizamiyə böyük ithaflar etməyə nə vadar etmişdi?

Bir də ki, Nizamini oxumaqla, mənimsəməklə iş düzəlirsə, bəs, niyə Azərbaycan özü düzəlmir? Üstəlik, böyük bir şübhə yaranır: o adamlar özləri heç Nizamini oxuyublarmı?

...bir yerdə mübahisə yoxdursa, deməli, orada həqiqət və tərəqqi axtarışları da yoxdur...

Nizamini şəxsən müəllif olaraq bizim üçün ikinci dəfə artıq dünyasını dəyişmiş Roma papası Johann Pavel kəşf etmişdi. O vaxt Azərbaycana səfəri zamanı Roma papası bütün çıxışını Nizamidən sitatlar üzərində qurmuşdu. Biz də bundan yamanca təəccüblənmişdik, çünki bu vaxta qədər bir dəfə də olsun hansısa azərbaycanlı din adamından Nizamidən sitat eşitməmişdik.

Bəlkə belə demək daha düzgün olardı ki, Qərb, Avropa ölkələri nəinki Nizamini, bütün Şərq mədəniyyətini mənimsəyib, Qədim yunan və Roma mədəniyyətini bərpa - əxz edərək bu günün səviyyəsinə gəlib çatıblar.

Hər halda, şərqlilər bir çox mənalarda özlərini Avropanın sayəsində kəşf etdilər. O səbəbdən ki, Şərq mədəniyyətinin böyük inciləri məhz Avropa muzeylərində qorunub saxlanır. Bu mənada mədəniyyətlər dönərli və bağlıdır. Bir vaxt Avropa da yunan və Roma mədəniyyətini müsəlman Şərqinin sayəsində mənimsəmişdi.

Buna da bax: YAP seçki siyahısını açıqladı (Adlar)

TƏRƏQQİ ÜÇÜN BÖHRAN DA LAZIMDIR...

Avropanın böhranına və ya qürubuna gəldikdə isə, bu konteksdə Oswald Spengler-in daha çox fəlsəfəi – tarixi konsepsiyanı xatırladan mülahizələrindən savayı, bu xüsusda başqa bir ciddi araşdırma görməmişik...

Bəli, Spengler Avropanı gözləyən iki bəlanı – sosializmi və nasional-sosializmi irəlicədən görmüşdü. Təbii ki, burada sosializm yox, kommunizm yazmaq daha düzgün olardı, amma diqqətli oxucu bunsuz da bizi anlaya bilər...

Azərbaycanın Avropa ilə yaşadığı problem iki sivilizasiyanın deyil, bir hakimiyyətin yaşadığı problemdir. Hakimiyyət özünün problemini bir cəmiyyətin, dövlətin və hətta xalqın problemi kimi təqdim edir...

Məsələnin məğzinə daha dərindən varsaq, əslində böhran da tərəqqi kimi labüd bir mərhələdir. Böhran həmişə növbəti, daha yeni, daha təkmil və daha yüksək mərhələnin ərəfəsidir...

Bu mənada onun əsasında təlaş yaratmaq da lazım deyil.

Avropada indi çox məsələlər var ki, onlarla bağlı ciddi mübahisə etmək olar. Amma elə inkişaf da, dinamika da budur – bir yerdə mübahisə yoxdursa, deməli, orada həqiqət və tərəqqi axtarışları da yoxdur...

Ən qəribəsi odur ki, başqa vaxt özünü demokratiya fədakarları, “qərbçi”lər adlandıranlar susurlar. Düzdür, demokratiyanın və Qərbin “təftişçi”lərinin bu xüsusda dedikləri o qədər primitiv və bəsitdir ki, bu mövzuda polemika açmağa da ehtiyac görünmür.

Amma insanlar həqiqəti bilmək istəyir. Əslində onlar həqiqəti bilirlər. Əgər bu adamlar həqiqəti bilməsəydi hamı yaşamaq, təhsil almaq, mülaicə olunmaq və istirahət etmək üçün Avropaya can atmazdı...

AVROPA KİMİN PROBLEMİDİR?

Bu gün Azərbaycanın Avropa ilə yaşadığı problem iki cəmiyyətin, iki sivilizasiyanın yaşadığı problem deyil, bir hakimiyyətin yaşadığı problemdir və ən dəhşətlisi də odur ki, bu hakimiyyət özünün problemini bir cəmiyyətin, dövlətin və hətta xalqın problemi kimi təqdim edir...

Bakıda deyirlər ki, Avropada islamofobiya yaşanır, elə ona görə də bizi sevmirlər. Amma Avropa parlamentinin qəbul etdiyi qətnamədə nə dinin adı çəkilir, nə də cəmiyyətin – bu, sırf siyasi sənəddir və bir hakimiyyətin siyasətinin təftişinə yönəlib...

Bakıda isə hər şeyi hiperbolik güzgüdə təqdim etməyi sevirlər. Kim də olmasa, hansı bölgə olmasa da, Avropa ksenofobiyanın nə olduğunu gözəl bilir və daha heç bir vaxt onu yaşamaz, çünki insanlar faşizm taunu zamanı yaşanılanların iztirablarını hələ də çəkirlər – üstündən 70 il keçsə də...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG