Keçid linkləri

Təcili xəbərlər

Şey... zad... milli dəyər...


Nuşirəvan Məhərrəmli (solda)
Nuşirəvan Məhərrəmli (solda)

►Mən Nuşirəvan müəllimin ANS-in efirində görmək istədiyi, ondan tələb etdiyi milli-mənəvi dəyərlərin nə demək olduğunu anlaya bilmirəm.

BANU

ŞEY... ZAD... MİLLİ DƏYƏR...

Mən bu qovğada nə ANS-in yanındayam, nə də Milli Televizya və Radio Şurasının. İkisi də tamaşaçının arxasında gizlənib öz oyununu oynayır.

Amma... Mən MTRŞ-nin ANS-in efirində görmək istədiyi, ondan tələb etdiyi milli-mənəvi dəyərlərin nə demək olduğunu anlaya bilmirəm.

Bəşəriyyət Marsda su tapır, süni intellekti təkmilləşdirmək yönündə səylərini günbəgün artırır, sivilizasiyanı gözləyəcək təhlükələri adlamaq üçün alternativ axtarır. Elm adamları xərçənglə mübarizədə inanılmaz uğur qazanır, heyvanlardan örnək götürərək insan ömrünü uzatmağa çalışır, xilas yollarını arayıb-sınayır, araşdırır... Bizsə hələ də qınımıza çəkilib milli-mənəvi dəyərlərimizdən yapışmışıq.

Buna da bax: “Ekspertlərin də gözünü qorxutmaq istəyirlər”

Bu milli-mənəvi dəyər nədir, axı?

MTRŞ-nın bu günlərdə ANS-də bağladığı verilişlərin aparıcısı Xoşqədəm Hidayətqızı
MTRŞ-nın bu günlərdə ANS-də bağladığı verilişlərin aparıcısı Xoşqədəm Hidayətqızı

​Qabaqlar “kişi sözü” deyilən bir anlayış vardı. Yeri gəlmişkən, bu anlayış bir çox xalqda var, tək bizdə deyil. Bizə də kişi sözü verərək, ağ gün, xoş güzəran, gözəl təhsil, səhiyyə və s. vəd ediblər. Sadalamağa nə ehtiyac? Qızıldan dağlar söz veriblər, desəm yetməzmi?.. Ancaq neft çağının bitdiyi zamanda qızıl dağlarımız bir yana, güvənəcəyimiz arxamız belə yoxdur.

​Bizə gör nələr söz veriblər: azad mühit, ədalətli, demokratik və şəffaf seçki, müstəqil məhkəmə, sahibkarlığın inkişafı... Əlini bu məmləkətdən üzən Avropa seçkiləri izləməyə belə gəlmək istəmir artıq. Siyasi məhbuslarla bağlı yaradılan qurumdan da Avropa Şurası çıxıb getdi. Səbəbini izah etməyə gərək var?

Dövlət başçısının bizə və beynəlxal qurumlara verdiyi söz(lər) havada qaldı?!. Milli-mənəvi dəyərlərin əsiri olsaydıq, bu söz sahibi onu yerinə yetirmədiyinə görə, cəzalandırılmalıydı. Barbarlar kimi deyil, təbii. Sivil toplumun qanunlarına, düzəninə uyğun şəkildə!..

Məmurlar adət-ənənədən, milli-mənəvi dəyərdən danışanda o üzdən soruşmaq istəyirəm:

Hansı dəyərlərdən danışırıq, cənablar?

ANS-in ən tanınmış siması Mir Şahin
ANS-in ən tanınmış siması Mir Şahin

Bu dəyərlər deyib tutmadığınız sözlərdimi? Korrupsiyadırmı?

İnsanların azadlıqlarını – yaşamaq, dolanmaq, qazanmaq, yazmaq, özünü, fikrini ifadə etmək haqlarını məhdudlaşdırmaqdımı? Vətəndaşların pulsuz-parasız, keyfiyyətli oxumaq, müalicə almaq hüquqlarının sıfırlanmasıdırmı? Həbsxanaların jurnalistlə, siyasi fəalla, azad, fərqli düşünən, sizdən olmayanlarla doldurulmasıdırmı? Pardon, bəlkə dəyər dediyiniz alçaldılmış, sındırılmış, ləyaqəti tapdanmış insan toplumu yaratmaqdır? Başqa dəyərlər görə bilmirik, axı...

Buna da bax: "Bir aftafa su tapmırıq..."

Bəsit və o qədər də sadəlövh bir xahişim var: Gəlin, XXI əsrdə bu milli-mənəvi dəyər söhbətini bir qırağa qoyaq. Ona görə yox ki bəşəriyyət Aya-ulduza uçur, biz də onlara çataq. Ona görə ki biz, Azərbaycan olaraq, o dəyərləri XX əsrin ortalarında qoyub yeni çağa – yeni dəyərləri olan dövrə adlamışıq!..

...Hə bir də cinsi azlıqlar haqqında. Efir toplumun güzgüsü olmalıdır! Bu güzgüdə toplumun hər təbəqəsi bərabər şəkildə işıqlandırılmalıdır: əngəllisi də, intellektualı da, siyasi, milli, dini azlıqları kimi, cinsi azlıqları da. Bu bir qaydadır. Bu qaydaları bilən (bilməsi gərək, əlbət) Nuşirəvan Məhərrəmlinin cinsi azlıqlara efirdə yer verilməsinə niyə əsəbiləşdiyini anlamıram. İkincisi də, bu azlıqları dövlət tədbirlərinə dəvət edir, ifalarını izləyir, zarafatlarına gülüb- əylənir, bunun müqabilində onları mükafatlandırır, fəxri adlar verir, fərqləndirirlər. Sonra da onları göstərdiyinə görə telekanalı ittiham edirlər?.. Mən bu ikili yanaşmanı, saxtalığı anlaya bilmirəm, doğrusu...

Anlayan varsa, lütfən, mənə də anlatsın...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG