Keçid linkləri

Təcili xəbərlər

Demokratiyaya keçidin xəritəsi


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası

-

SİYASİ MƏHBUSLAR ƏVVƏLLƏR DƏ AZAD OLUNURDU

Son vaxtlar ard-arda bir neçə siyasi məhbusun azad edilməsi ölkədə siyasi ilıqlıq dövrünün başlandığına böyük ümid doğurdu. Düzdür, heç də bütün siyasi məhbuslar azad olunmayıb vəbir neçə, özü də yetərincə tanınan ictimai və siyasi fəal məhbəs həyatı yaşamaqdadır. Məhbəsdən çıxanların bir qismi şərti azadlığa buraxılıb, üstəlik, onların fəaliyyət və yerdəyişmə azadlığı xeyli məhdudlaşdırılıb.

Yerdəyişmə azadlığına ayrıca diqqət yetirməyə dəyər. Məhbəs həyatı yaşamayan, amma yerdəyişmə azadlığı məhdudlaşdırılan də eləsi var ki, yalnız hər hansı səbəbdən ölkəni tərk etmək istəyəndə, buna qadağa qoyulduğundan xəbər tutur...

Bütün bunlar öz yerində, amma yenə belə bir fikir də formalaşıb ki, ölkənin siyasi islahatlara başlamaqdan savayı bir yolu yoxdur. Bir daha xatırladım ki, bir neçə siyasi məhbusun, özü də yetərincə tanınan və bir vaxtlar çox fəal ictimai və siyasi mövqe sərgiləyən insanın azad olunmasının bunda rolu var. Bu addımları daha böyük dəyişmə və islahatların müjdəçisi də saymaq olar.

BƏLKƏ DƏ İSTƏYİRLƏR, AMMA...

Amma mən daha ehtiyatlı qiymətləndirmənin tərəfdarıyam. Siyasi məhbuslar əvvəllər də azad edilib, di gəl, cəmiyyət yaşamındakı bu dəyişikliklər ciddi və sistemli islahatlara gətirib çıxarmayıb. Elə bu üzdən böyük ümidlərə qapılmıram. Təbii ki, islahatlar, xüsusən siyasi islahatlar çox vacibdir. Amma onların vacibliyini ilk növbədə hakimiyyət anlamalı, hakimiyyət qəbul etməlidir. Edirmi? Düşünürəm ki, bu məsələ hakimiyyətdən ötrü həm də bir psixoloji məsələdir.

Bəlkə onlar da gerçək seçkilərə və demokratik islahatlara «hə» deyərdilər. Amma bunu edə bilmirlər, çünki ölkənin siyasi və iqtisadi həyatındakı mövqelərini itirmək istəmirlər...

Bəli, şəffaflıq və nəzarəti artırmaq, özəlliklə korrupsiyanı cilovlamaq üçün müəyyən cəhdlər var. Belə olmasaydı, «ASAN xidmət» şəbəkəsi yaranmazdı. Belə olmasaydı, «Açıq hökumət»lə bağlı milli plan və proqram qəbul edilməzdi. Belə olmasaydı, ictimai nəzarətin artırılmasına yönələn bəyanatlar eşitməzdik. Bəli, nəsə var, amma hakimiyyətin bütün bunları selektiv şəkildə etməyə cəhd göstərdiyini duyuruq. Hakimiyyət istəyir ki, siyasi və iqtisadi həyatın yalnız bir hissəsi şəffaf olsun. İstəyir ki, ölkə həyatının böyük hissəsi yenə aysberq kimi qalsın və onun görünməyən – «sualtı» hissəsi daha böyük olsun. Sanki heç kim şəffaflıq və nəzarəti özündən başlamaq istəmir. Hamı belə düşünür ki, qanunlar onlar üçün deyil, başqaları üçün yazılır...

Düzdür, anlayırlar ki, avtoritarizmdən iqtisadi həyatda (hakimiyyəti isə yalnız bu sfera düşündürür!) nə qədər effektivlik əldə etmək mümkünsə, artıq edilib.

Fərqindədirlər ki, daha çevik və geniş ictimai nəzarət avtoritarizmin yarıtmaz tərəflərini aradan qaldıra bilər. Amma bu çeviklik və genişlik həm də hakimiyyəti qorxudur, çünki onun siyasi həyata sirayət etməsindən ehtiyatlanır...

Elə bu səbəbdən böyük ümidlərə qapılmıram. Düşünürəm ki, hakimiyyətin açıqlıqla bağlı dediklərinin böyük bir hissəsi yenə ritorika olaraq qalır. Daha böyük və daha ciddi islahatların, xüsusən sistemli siyasi islahatların baş verəcəyinə ümidim yoxdur...

DEMOKRATİYAYA KEÇİDİN XƏRİTƏSİ

Gerçək siyasi islahatlar cəmi bir neçə sistemli addım tələb edir.

Ən əvvəl seçkilərdən başlamaq lazım gələrdi. Axı başqa bir şey yox, məhz seçki hakimiyyətin demokratik yolla formalaşmasının və ictimai nəzarətdə olmasının təminatıdır.

O parlament ki Azərbaycanda mövcuddur, nəinki hökumətin işinə nəzarət edə bilmir, hətta belə görüntü yaratmaq iqtidarında deyil. Əvvəllər, heç olmasa, belə görüntü yaratmaq üçün parlamentə bir-iki müxalifətçi də buraxır və ara-sıra, onlara da tribuna verirdilər. İndi bu da yoxdur...

Məhkəmələrin müstəqilliyini artırmaq 2-ci addım olardı. İndiki məhkəmələr müstəqil hüquq institutundan çox hakim partiyanın «nəzarət-təftiş» komissiyalarına bənzəyirlər.

Bu yerdə, heç sözsüz, azad medianı xatırlamamaq mümkün deyil və fikrimcə, indi Azərbaycan mediası çox acınacaqlı durumdadır. Əslində, azad və müstəqil media qalmayıb. Hakimiyyətin jurnalistikaya diqqət və qayğısı artdıqca, media daha asılı vəziyyətə düşür və gerçək, həm də işlək sosial qurumdan bir növ tarixə çevrilir...

Qısası, əsl və sistemli siyasi islahatları şərtləndirən addımlar bir o qədər çox deyil və bir neçə ciddi addım atmaq yetər.

İndi bütün dünyada hər hansı bir problemin həlliylə bağlı «yol xəritəsi» deyimi çox dəbdədir. Bir neçə il əvvəl, daha doğrusu, sonuncu prezident seçkisi ərəfəsində ölkə müxalifəti «Demokratiyaya yumşaq keçidin yol xəritəsi»ni hazırlamışdı. Amma hakimiyyətin buna reaksiyası nə oldu? Lağ elədilər, sonra da seçkini öz bildikləri kimi keçirdilər...

BİR NƏFƏR DANIŞIR, HAMI YAZİR...

Qərəz, real vəziyyət belədir. Bilirsiniz, buz nə vaxt əriyəcək? O vaxt ki ölkədə dialoqa ehtiyac duyulucaq. İndi hansı sahəyə baxırsan - monoloqdur. Hökumətin toplantıları monoloqdur – bir nəfər danışır, digərləri elə hey nəsə yazırlar! Parlamentin iclasları əsl monoloqdur - belə siyasi «xor» bəlkə də dünyanın heç yerində yoxdur...

Televiziyalar monoloqdur. Təsadüfi deyil ki, ölkədə belə bir deyim var: kimin dərdi-səri, problemi yoxdursa, Azərbaycan telekanallarına baxsın, çünki günün bütün vaxtlarında çal-çağırdır, bayramdır...

Bu üzdən nə qədər çalışsam da, optimist ola bilmirəm. Axı mülahizələr bir şeydir (hətta onlar çox arqumentli və məntiqli görünsə də!), gerçək həyat tam başqa...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG