Keçid linkləri

Təcili xəbərlər

Hər birimizin ən alınmaz statusumuz – vətəndaşlıq


Azerbaijan. Baku. Protest action of opposition Musavat Party in Baku
Azerbaijan. Baku. Protest action of opposition Musavat Party in Baku

QAFQAZIN ƏN UZUNÖMÜRLÜ SİYASƏTÇİLƏRİ...

Hər ölkənin öz reallıqları və siyasi spesifikası var. Bu mənada Azərbaycan qətiyyən istisna deyil. Burada siyasətçilərin də, adi insanların da bəlkə də başqa yerlərdə təsadüf edilməyən “özəllik”ləri vardır.

Bu ölkədə artıq “müxalifət” sözünü eşidəndə ən ciddi adamların belə dodaqları qaçır və sifətlərinə acı təbəssüm, aşkar sezilən ironiya qonur. Ona görə də bu xüsusda nəsə yazmaq, nəsə demək olduqca çətindir.

...əgər hər hansı bir yazının oxunmasını istəmirsinizsə onun başlığında ya “Minsk Qrupu” ifadəsini işlədin, ya da ki, “müxalifət” sözünü yazın.

Neçə illərdir ki, müntəzəm olaraq yazan bir yazar kimi sizə deyirəm ki, əgər hər hansı bir yazının oxunmasını istəmirsinizsə onun başlığında ya “Minsk Qrupu” ifadəsini işlədin, ya da ki, “müxalifət” sözünü yazın. Sizi əmin edirəm ki, yazı rekord dərəcədə az oxunacaqdır...

Bunun səbəbləri haqda çox da danışmaq istəmirəm. Bircə onu deyəcəm ki, Azərbaycanda hakimiyyəti də, müxalifəti də eyni uğurla “uzunömürlü”lər adlandırmaq olardı. Görünür, bunlar da təsadüfi deyildir, ən azı ona görə ki, Qafqaz, xüsusən də Azərbaycan lap əzəldən uzunömürlülər diyarı adlanıb.

Əslində digər iki Qafqaz ölkələrində hakimiyyətlər də, elə müxalifətlər də dəfələrlə dəyişib – siyasətə yeni insanlar gəlib, onlarla yeni partiya və siyasi təşkilatlar yaranıb.

Bizdə isə hesabı ötən əsrin 80-ci illərindən deyil, hətta 60-cı illərdən götürmək dəbdir. Sanki zaman da dayanıb bu məkanda...

Qərəz, hakimiyyətə gəldikdə, o, tamamilə bəlli bir məsələdir. Burada bəlkə də uzun müddət hakimiyyətdə qalmaqdan da deyil, hakimiyyətin tamam uzurpasiyasından danışmaq daha düzgün olardı.

Elə müxalifətə gəldikdə də, on illərdir ki, “köhnə hamam, köhnə tas” vəziyyəti hökm sürür...

...bu adamların da bu boyda bir bazarda, üzr istəyirəm, ölkədə kiçik “siyasi dükan” sahibi olmaq haqları var. Ona görə “kiçik siyasi dükan” deyirəm ki, indi bizim müxalifət partiyalarını başqa cür adlandırmaq olmur.

Günah kimdədir? Hər bir siyasi nəslin bəlli bir dövrü var. Nə vaxtsa bu dövr bitməli və yeni insanlar gəlməlidir siyasətə. Müxalifətdəkilər istəsə belə, bu prosesin qarşısını ala bilməzlər.

Daha doğrusu, bunu öz partiya və təşkilatlarında edə bilərlər və edirlər də. Amma ölkə miqyasında bacarmazlar bunu...

Onların öz partiyalarını qorumaq, onu başqalarına verməmək cəhdlərinə gəldikdə, əslində bu da müəyyən mənada onların “haqq”ıdır. Ən azı ona görə ki, bu adamların da bu boyda bir bazarda, üzr istəyirəm, ölkədə kiçik “siyasi dükan” sahibi olmaq haqları var. Ona görə “kiçik siyasi dükan” deyirəm ki, indi bizim müxalifət partiyalarını başqa cür adlandırmaq olmur.

BU DA ARZULADIĞINIZ “GÜCLÜ ƏL”

Amma bütün ölkə siyasəti heç də müxalifətin nəzarətində deyil. Elə ən ağrılısı-acılısı da budur ki, kənarda da bir şey yarana bilmir.

Səbəbləri çox sadalamaq olar. Bəli, cəmiyyətimiz siyasi cəhətdən tamamilə “qısırlaşıb” və elə bil yeni bir siyasi hərəkat və ya proses ərsəyə gətirmək üçün potensiyası artıq yoxdur.

Gəl, bütün səbəblərin özlərinin də bir səbəbi olur. Səbəblər səbəbi isə təbii ki, birinci növbədə indi ölkədə hökm sürən siyasi münasibətlər və siyasi gerçəklikdir. Elə bir hal yaranıb ki, nəinki yeni nəsə yaratmaq mümkün deyil, hətta köhnəni belə saxlamaq olmur...

Bütün bunların isə daha bir əsas səbəbi vardır – cəmiyyətimiz zəif çıxdı və öz taleyi üçün məsuliyyəti üzərinə götürə bilmədi. Uzun illər insanlar “güclü əl”, “güclü şəxsiyyət” axtarışında oldular. Nəticəsi də bu gün baş verənlər oldu. Bu labirintdən çıxmağın isə bircə yolu var – insanlar güclü fərd və cəmiyyət olmağın zəruriliyini anlamalıdırlar...

Əgər anlayacaqlarsa, o halda problemlər həll olunacaq. Yox, anlamayacaqlarsa, onda belə bir vəziyyət on illərlə davam edəcək və kənardan gələn heç bir “dalğa”-filan vəziyyəti dəyişə bilməyəcək.

Hətta ölkədəki siyasi konfiqurasiya müvəqqəti dəyişsə belə, o, yenidən sərt avtoritarizmə yuvarlanacaqdır, çünki demokratiya güclü cəmiyyətin və güclü fərdlərin hakimiyyətidir...

VƏTƏNDAŞ OLDUĞUMUZU DA UNUTMUŞUQ...

Hər bir azərbaycanlıdan indi nələr tələb olunur? Əsas tələb budur ki, heç olmasa, vətəndaş olduğumuzu unutmayaq. Elə ölkədə də geniş bir vətəndaş hərəkatına ehtiyac var.

Demokratiya uzun bir prosesdir. Təbii ki, dövrün və zamanın da müəyyən rolu vardır və bu gün azərbaycanlılar bəşəriyyətin keçdiyi bu prosesi lap əvvəldən başlayaraq keçməməlidir.

İndi elə şeylər var ki, onlar elementar zərurət kimi qəbul olunur. Məsələn, azərbaycanlılara daha durub konstitusiya, parlament, hakimiyyətin bölünməsi uğrunda savaş açmaq lazım deyil. Onlar formal olaraq var. Sadəcə, bütün bu atributlara bir real məzmun vermək lazımdır-“orta statistik azərbaycanlı”dan da tələb olunan budur...

Ümumiyyətlə, vətəndaş haqları və hüquqları məsələsi həmişə dövlət yaranandan bir qədər sonra aktuallaşır. Məsələn, ABŞ kimi dövlətdə bu məsələ ötən əsrin 60-cı illərində reallaşdı. Azərbaycan isə cəmi 26-cı ildir ki, azad və müstəqil bir dövlət olub. Bu aspektdən baxanda hər şey hələ irəlidə, yaxın gələcəkdədir.

...Azərbaycan indi müstəqil dövlətdir, amma azad və hüquqi deyil. Onun azad və hüquqi olması üçün hələ çox çarpışmaq lazım gələcək.

Həm də özümüzü elə aparmayaq ki, guya bu vaxta qədər çox iş görmüşük. Hər bir proses, hər bir iş son nəticə ilə ölçülür. Bizim isə bu gün bircə nəticəmiz var – Azərbaycan indi müstəqil dövlətdir, amma azad və hüquqi deyil. Onun azad və hüquqi olması üçün hələ çox çarpışmaq lazım gələcək.

İlk növbədə də hamı başqalarından deyil, özündən ummalıdır. Siyasi partiyalar, ənənəvi müxalifət nə edir, - bütün bunlar hər bir Azərbaycan vətəndaşını bir o qədər də qayğılandırmamalıdır.

Hamı çalışıb heç olmasa, bir suala cavab verməlidir: “Bəs sən özün nə etmisən? Ölkənin azad və hüquqi bir diyar olması üçün azacıq da olsa, bir iş görmüsənmi?”...

Hər bir İnsan üçün ən çətin məsələ, çək-çevir onun özü üçün qurduğu məhkəmədir. Çalışın, bu məhkəmədən keçin...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG