Keçid linkləri

Təcili xəbərlər

Konstitusiyaya (Anayasaya) düzəlişlərə dair düşüncələrim (1-ci yazı)


Erkin Qədirli
Erkin Qədirli
Erkin Qədirli

1. KİÇİK GİRİŞ HEKAYƏSİ

Roma imperatorluq dönəminə yenicə keçməyə başlayanda, imperatorların hakimiyyəti çox da güclü deyildi. Hələ xalqla hesablaşmalı, Senatın sözünə baxmalı olurdular. Sonra öncə konsulların səlahiyyətlərini aldılar - icra hakimiyyəti və hərbi komandanlıq. Daha sonra Pontifex Maximus-un səlahiyyətlərini - dini ayinlərin baş icraçısı. Ondan sonra senzorların səlahiyyətlərini - vətəndaşların əmlak vəziyyətləri, gəlirləri və vergiləri haqqında məlumat toplamaq, seçki siyahılarını hazırlamaq, seçki dairələrini təşkil etmək. Ən sonda tribunların səlahiyyətlərini aldılar - Senatın qərarlarına veto qoymaq. Bütün bunlar xalqın razılığı, hətta tələbi ilə edildi. Beləcə, Roma respublikalılığını itirdi.

George Washington ABŞ prezidenti seçiləndən sonra camaatın arasına çıxdı, camaat da «Yaşasın Kral!» bağırdı. Camaat elə bilmişdi ki, Amerika İngilis kralından qurtuldu, indi öz kralı olacaq. Amma elita respublika qurmaqda israrlı oldu.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları xan və bəy nəslindən olublar. Xalq savadsız olub, siyasətdən xəbəri olmayıb. Qurucu atalar toplaşıb, öz aralarından kimsəni Böyük Xan, ya da Xaqan filan elan edə bilərdilər. Kim nə deyəcəkdi? Amma onlar Respublika qurdular.

Bolşeviklər gəldi, Cümhuriyyət qurucularının nəslini qırdı, tarixi yaddaşı sildi, saxtalaşdırdı. Elitanı məhv edəndən sonra kəndli və fəhlə sinfindən psevdo-elita qurdular. İllər keçəndən sonra həmin psevdo-elita özünü xan və bəy kimi aparmağa başladı (təbii ki, çox saxta və toplum üçün ziyanlı bir şəkildə).

GİRİŞİN NƏTİCƏSİ

Hər şeylə razılaşan xalqın Ana Yasaya gərəyi olmur. Ana Yasa onu öz arasında razılaşdırmış, özü üçün önəmli sayan, ona əməl etmək ləyaqətində olan və onu pozduğuna görə öz arasındaca cəzalandırılan (utandırılan) elitaya gərəkdir. Ana Yasanın təməli düzgün qoyulanda, illər keçəndən sonra belə, qanun elitar olmaqdan çıxır, populyar olmağa başlayır.

Buna da bax:

Konstitusiyaya dəyişiklik edilir, prezidentlik üçün yaş limiti ləğv olunur

2. BİZİM TƏMƏL PROBLEMİMİZ

Bizdə Ana Yasa nə elitardır, nə də populyar. Ona görə də, nə varlığı bilinir, nə yoxluğu. Ontoloji söhbətlərə girməyə gərək yoxdur. Təməl qaydalar, aydındır ki, var, amma onlar rəsmi hüquq şəklində deyil. İndiki hakimiyyət və bütövlükdə siyasi sistem çox qısa, konkret, ümumi şəkildə aydın və təsirli qaydalar üzərində qurulub - kliyentalist sistemdir. Həmin qaydaların təməlini maddi (yəni, pulla ölçülə bilən) dəyərlər təşkil edir. Hətta rütbələr, dərəcələr, adlar, vəzifələr, imtiyazlar və başqa rəmzlər bu sistemdə ancaq maddi (pulla ölçülə bilən) məna daşıyır. Belə olduğuna görə, indiki siyasi sistem maddi olmayan dəyərləri işlədə bilmir (onların bəziləri qanunların mətnində yazılsa da).

Prezident vəzifəsini təsisat (ideal obyekt) kimi deyil, şəxsiyyət (maddi obyekt - konkret adam) kimi görürlər. Milli Məclisin iclas otağının görüntüsünü xatırlayın. Hamını, məktəb uşaqlarını otuzduran kimi, iki-iki sırayla otuzdurublar. Niyə? Çünki, ağıllarındakı görüntü odur. Praktik faydası da var - belə oturuşda deputatlar bir-birlə rahat danışa bilmirlər, danışanda da sədr onlara «yerindən danışma» deyə bilir.

İlham Əliyev oğlunu prezident edir? Konsitutsiya dəyişdirilir

Konstitusiyaya dəyişiklik təkliflərinin şərhi (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

«Nazirlər Kabineti filan qərar verdi» deyə xəbərlər olur ara-sıra. Televiziyadan oxuyurlar, sonra da qəzetlərdə (saytlarda) yayırlar. Bunun anlamı nədir? Yəni, görünən nədir? Mətni görürük, altında imzanı da görürük. Amma qərarın necə qəbul olunduğunu görmürük axı. Söhbət iclasdan canlı yayımdan getmir. Buna gərək yoxdur. Problem yayımlanan xəbərlərdə qərarın kimin tərəfindən təklif olunduğuna, müzakirələrin necə keçdiyinə, layihə müzakirələr nəticəsində necə dəyişdiyinə, səsvermənin nəticələri nə olduğuna dair məlumatların verilməməsindədir. Eyni şeyi Milli Məclis haqqında da demək olar. Səsvermə nəticələrinə baxılırsa, orada heç bir ciddi müzakirələrin getmədiyini asan anlamaq olar. Fraksiya belə yoxdur orada. Ya götürək kollegial məhkəmə qərarlarını. Bizə qərarı göstərirlər, amma qərarın necə qəbul olunmasına dair məlumatı vermirlər. Hansı hakimin lehinə, hansının əleyhinə səs verdiyini göstərmirlər (səslərin bölünməsi məhkəmə qərarının hüquq sisteminə göstərə biləcəyi təsirin önəmi haqqında çox şey deyə bilir).

Prezidentin qanunları imzaladığını elan edirlər. Xəbərin doğru olduğunu nədən bilək? Necə əmin olaq? Görmürük axı. Bəlkə Prezidenti məcbur ediblər?! Zarafat gəlməsin sizə. Tarixdə belə şeylər olub. Bizim özümüzdə Prezidentin imzasından sonra mətnində dəyişiklik edilən qanunlar olub. Bu, çox ciddi problemdir, böyük təhlükələr var içində. Prezidentin qanun imzaladığını hamı görməlidir. Örnəyi, ABŞ-da Prezident qanunları və fərmanları telekameraların qarşısında (canlı yayımda) imzalayır (Youtube-da videoları çoxdur, baxa bilərsiniz).

İndi də elan ediblər ki, Konstitusiyaya düzəlişlər təklif olunur. Niyə? Nə üçün? Kimsə bilmir. Hüquqşünasların belə xəbəri olmayıb. Təklif edən də danışmır. Hərçənd, belə işlər xeyli öncədən görülməli, məlumatlar vaxtında verilməlidir. Nə isə...

Bir sözlə, bizdə proses yoxdur, ona görə də biz onu görmürük. Proses olmayan yerdə, Ana Yasaya gərək olmur.

Buna da bax:

'Bu addımların arxasında ailənin hansısa planları var'- [Şərhlər]

3. «BAŞQA ÖLKƏLƏRİN TƏCRÜBƏSİ» MƏSƏLƏSİ

Ritorik səviyyədə ən çox ikrah doğuran, saxta arqumentlərlə dolu olan problem budur. Bilirsiniz, nə qədər yersiz və gərəksiz, hətta açıq-aşkar ziyanlı söhbətlər var burada? Medianı susdurandan sonra xalqın məlumatsızlığından eninə-boyuna sui-istifadə edirlər. Demokratik ölkələrin təcrübəsinin kontekstindən çıxarılıb, ölkəmizdə heç mayası belə hazır olmayan münasibətlərə tətbiq olunan məhdudiyyətlər bir yana, açıq-aşkar gerilikçi təcrübələrin ölkəmizə gətirilməsinin adı nədir?

Təklif olunan düzəlişlər arasında Prezidentin səlahiyyət müddətinin 7 il müddətinədək uzadılması, birinci və başqa vitse-prezidentlər vəzifələrinin yaradılması, onların ancaq Prezidentin özü tərəfindən təyin olunması, parlamentin buraxılması kimi «yeniliklər» var. Çox gerilikçi yeniliklərdir. Bunlarla ölkəmiz çağdaş inkişaf yolu keçə bilməyəcək. Amma nə deyəsən, dünya təcrübəsində belə şeylər var.

Hansı dünya təcrübəsində? Geridəqalmış olanında. Örnəyi, Afrikanın mərkəzində yerləşən Ekvatorial Qvineyada eynən belədir. Orada Prezident 7 il müddətinə «seçilir» (30 ildən artıqdır ki, eyni adamdır), parlamenti buraxa bilir, Vitse-Prezidenti ancaq özü təyin edir. Bir neçə gün bundan öncə (16 iyulun xəbəridir), Ekvatorial Qvineyanın Prezidenti öz oğlunu Vitse-Prezident təyin edib. Ona müdafiə və təhlükəsizlik işlərini tapşırıb. Bu ölkədə neft var, ABŞ-ın strateji partnyorudur, Prezidentin Obama ilə ailəvi şəkli də var. Heç oranın keçmiş metropoliyası olmuş İspaniya da Ekvatorial Qvineyadakı işlərə qarışa bilmir - ABŞ qoymur.

P.S. Ardı olacaq. İkinci yazıda konkret düzəliş təklifləri ilə bağlı düşüncələrimi paylaşacağam.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG