Keçid linkləri

-

ATƏŞKƏS HƏLƏ SÜLH DEMƏK DEYİL...

Gündəmin əsas mövzusu Qarabağ problemi olaraq qalmaqdadır. Siyasi təhlilçilər, hələ də, bu kontekstdə baş verən olayları, xüsusən rusiyalı siyasətçi və diplomatların Bakıya səfərlərinin nəticələrini araşdırmaqdadırlar.

Bəlkə də bunun əsas səbəbi təmas xəttində yenə atəşkəs elan olunmasıdır. Bu isə hələ sülh demək deyil. Kim olmasa da, azərbaycanlılar bunu yaxşı bilirlər, ən azı ona görə ki, ölkənin 22 illik atəşkəs təcrübəsi var.

*Youtube Kanalımıza abunə ol - Ölkədə baş verənlərdən xəbərin olsun

«LAVROV PLANI» DEYİLƏN BİR ŞEY MÖVCUDMU?

Qərəz, Azərbaycanın uğurlu hərbi əməliyyatları Rusiyanın israrıyla dayandırıldı. Ardından öncə Rusiya xarici işlər naziri, sonra da baş nazir Azərbaycana gəldi. Çox güman, xarici işlər nazirinin səfərindən başlamaq daha düzgün olar.

Bir ildən çoxdur ki, mətbuat durmadan Qarabağ problemi çözümünün «Lavrov planı»ndan yazır. Hətta bir dəfə mötəbər Rusiya qaynaqları belə bir planın olmadığını da elan etdi. Di gəl, mətbuat yenə dediyində israrlı görünür.

Bakıda S.Lavrov hansısa planının olub-olmamasından bir kəlmə də danışmadı və daha çox yenilənmiş Madrid prinsiplərindən söhbət getdi.

S.Lavrov da bildirdi ki, indi tərəflər heç bir vaxt olmadığı qədər razılaşmaya yaxındır.

Ancaq deyilənlər heç də hamıda optimist ovqat doğurmadı. Axı çoxdan bəllidir ki, Qarabağ problemi Rusiyadan ötrü Azərbaycanla Ermənistanı özünə sərfəli məsafədə saxlamaq üçün bir qarmaqdır. Rusiya heç bir halda bu qarmağı əldən vermək istəməz və məncə, yalnız iki halda Qarabağ probleminin həllini sürətləndirə bilər: Azərbaycan Kollektiv Təhlükəsizlik Təşkilatına və yaxud Avrasiya İttifaqına üzv olarsa, ya da təmas xəttində rusiyalı sülhməramlı qüvvələr yerləşdirilərsə...

Rəsmi Bakı üçün bunların nə qədər məqbul olduğunu demək çətindir, ən azı ona görə ki, Rusiya ilə danışıqlar çoxdan aparılsa da, bu mövzuda elə bir açıqlama verilmir. Güman edirəm ki, Bakı, hər halda, bu təkliflərlə razılaşmaz, çünki hər iki halda problem rəsmi Bakının arzuladığı şəkildə çözülməyər və Dağlıq Qarabağın bir neçə rayonu qaytarılsa da, ölkənin Rusiyadan asılılığı artar.

MÜNAQİŞƏ YENƏ DONMUŞ HALDA QALACAQ?

Son hərbi uğurlar, heç sözsüz, danışıqlar prosesində Azərbaycanın mövqeyini möhkəmləndirəcək, amma köklü dəyişikliklərə ümid bəsləməyək. Axı hamı S.Lavrov-dan ala bilmədiyi cavabları D.Medvedev-dən gözlədi, di gəl, baş nazirin səfəri daha dumanlı və anlaşılmaz oldu. Əslində, bu səfərin heç missiyası da bilinmədi – baş nazir bir az Qarabağdan, bir az da iqtisadiyyatdan danışıb ölkəni tərk etdi...

Yaddaşlarda isə onun bircə cümləsi qaldı: «Qan tökülməkdənsə münaqişənin donmuş vəziyyətdə qalması daha məqbuldur!». Bu o deməkdir ki, Rusiya hələ də münaqişənin donmuş vəziyyətdə qalmasını, atəşkəsin davam etməsini arzulayır. Amma kim bilməsə də, azərbaycanlılar atəşkəsin hansı itkilər hesabına sürdüyünü çox yaxşıca bilirlər: elə bir ay, bəzən, hətta elə bir həftə olmurdu ki, atəşkəs elan etmiş tərəflər itki verməsin...

Düzdür, aprelin əvvəllərinədək, demək olar, irimiqyaslı hərbi əməliyyatlar olmamışdı, ancaq bir az əvvəldə qeyd etdiyim kimi, itkilər hər ay, bəzən də hər həftə olurdu...

ALMANİYA MÜNAQİŞƏNİN HƏLLİNƏ CƏLB OLUNA BİLƏRMİ?

Bəs prosesin sonu da olmasa, davamı necə görünür? Rusiyanın reaksiyasının özünəməxsusluğuna təəccüblənmək lazım deyil. Bunu Türkiyə prezidenti R.T.Erdoğan çox düzgün ifadə etmişdi: «Qarabağ münaqişəsində tərəf olan bir ölkə varsa, o da Rusiyadır. Bu ölkə Gürcüstanda da, Ukraynada da tərəf olub və indi də Suriyada tərəfdir»...

Əslində, rəsmi Bakı Rusiyadan çox şey ummur, yalnız tərəfsiz qalmasını istəyir. Amma Rusiya onun bu arzusuna, hələ ki, müsbət cavab vermir, axı daha öncə dediyim kimi, Qarabağ problemi onun üçün sərfəli qarmaqdır.

İstər-istəməz, düşünürsən ki, nə yaxşı, dünya tək Rusiyadan ibarət deyil! Son günlərin uğurundan sonra digər ölkələrin problemə baxışı daha aydın, daha birmənalı olub - Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, münaqişədəki mövcud status-kvonun məqbul olmadığı dilə gətirilir.

Daha çox maraq doğuransa bir başqa məqamdır: Bu günlərdə Türkiyənin baş naziri A.Davutoğlu dedi ki, Almaniya da Qarabağ probleminin həllinə cəlb olunmalıdır.

Əslində, belə təkliflər çoxdan səslənir. Maraqlısı budur ki, elə bu günlərdə Ermənistan prezidentinin də Almaniyaya səfəri oldu. Bəlkə elə Ermənistan da bu cür çağırışların özünə əlverişli olub-olmadığını araşdırmaq istəyir? Hər halda, nəticələrlə tələsməyək. Yaxın vaxtlarda, onsuz da, bir çox məsələ aydınlaşacaq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalından izləyin:

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG