Keçid linkləri

Təcili xəbərlər

Sarkisian 'oyun'dan çıxmağa çalışır...


Serzh Sarkisian
Serzh Sarkisian

HAMI EYNİ ŞEYİ SORUŞUR: NƏ BAŞ VERİR?

Ötən həftə ictimai diqqət daha çox Türkiyə olaylarına yönəlsə də, Ermənistanda olub-bitənlərə də maraq gözə çarpırdı. Ermənistanda siyasi qarışıqlıq yaranınca, Azərbaycanda daha çox döyüş bölgəsində təxribatların ola biləcəyindən ehtiyatlansalar da, bir sual beyinlərdə dolaşırdı: «Görəsən, əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də danışıqlar prosesi Ermənistanda baş verə biləcək növbəti siyasi fors-major durumla pozulmayacaq ki?».

Elə Bakı politoloqları da dərhal Yerevanda baş verənləri bu ölkənin danışıqlar prosesini pozmaq və onu qeyri-müəyyən bir müddətə geriyə atmaq cəhdi kimi dəyərləndirməyə çalışdılar.

Deyim ki, belə ehtimallar heç də əsassız və predmetsiz deyil – Bakıda hələ də Ermənistanın 1-ci prezidentinin gözlənilməz istefasını və bu ölkənin parlamentində illər öncə baş verən müdhiş terror olayını çox yaxşı xatırlayırlar...

Amma düşünürəm ki, nəticələrlə tələsmək lazım deyil. Düzdür, indiki yeni terror olayı sanki rəsmi Yerevanın əl-ayağını bağlayıb. Məsələnin çözümü yubandıqca yubanır və belə yubanma yetərincə şübhəli görünür. Məsələ bundadır ki, ümumi böhran fonunda hər hansı sosial-siyasi konflikt dərhal çözülmürsə, bu konflikt dərinləşir və ciddi siyasi olaya çevrilir. Təsadüfi deyil ki, polisləri girov götürməkdən başlanan olay tez bir zamanda ictimai və siyasi fəalların diqqətini çəkdi və müxalifət partiyaları rəsmi siyasi kursu kəskin tənqidə tutan bəyanatlar yaydılar...

Sarkisian güc qurumlarının iclasını keçirdi

Sarkisian güc qurumlarının iclasını keçirdi
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

ERMƏNİSTANDA «TOP»U ÖTÜRMƏYİ BACARIRLAR...

Elə mən də baş verənləri öncə Ermənistan prezidentinin «oyun»dan çıxmaq istəyi kimi yozdum. Axı indi Rusiya indi gerçəkdən Ermənistana təzyiq göstərir. Belə hallarda vəziyyətdən başqa bir çıxış yolu görməyən Ermənistan siyasətçiləri, necə deyərlər, «top»u bir-birinə ötürməyi bacarırlar. Bu gümanımı həm də belə detal gücləndirir ki, rəsmi Bakı nikbin olsa da, Ermənistan prezidenti bir ucdan kəskin bəyanatlar verir və tez-tez Dağlıq Qarabağın işğal olunmuş rayonlarına gedərək, savaş təbilləri çalır...

Amma burada bir məsələ də var. Azərbaycanda Ermənistanı Rusiya geosiyasi planlarının qeyd-şərtsiz icraçısı kimi səciyyələndirmək meyli həmişə güclü olub. Düzdür, belə təsəvvürün yaranmasında Ermənistanın indiyədək apardığı siyasət, eləcə də rusiyalı siyasətçi və diplomatların müxtəlif vaxtlardakı bəyanatları da az rol oynamayıb. Amma yenə deyirəm ki, bu, bir qədər tələsik nəticədir və problemin qəlizliyi də ondadır ki, Ermənistanın, az qala, yüz il əvvəl formalaşan və «Böyük Ermənistan» adlanan «milli konsepsiyası» var. Türkiyə, Azərbaycan və hətta Gürcüstan torpaqlarına iddialar heç də Rusiya siyasi dairələrinin mücərrəd fantaziyasının məhsulu deyil...

Bakıda politoloqlar S.Sarkisian hakimiyyətinin problemlərinə daha çox diqqət yetirir və nə yazıq ki, bir sualdan həmişə yayınırlar. Söhbət «Bəs Sarkisian-ı tənqid edən müxalifətin özünün Qarabağ probleminə baxışı necədir» sualından gedir.

Çox təəssüflər ki, əksər hallarda bu baxış indiki rəsmi kursdan da kəskin ola bilir. Hətta bəzən görürsən ki, Ermənistan müxalifəti hakimiyyəti lənglikdə suçlayır və Qarabağın müstəqilliyinin dərhal tanınmasını istəyir.

Belə bir hal uzun illərdir ki, dövriyyədə olan fərziyyəni – «savaş partiyasının əlində girov qalan aciz Ermənistan cəmiyyəti» kimi siyasi dedi-qoduları xeyli mübahisəli edir...

Ermənistanda polislə aksiyaçılar arasında toqquşma olub

Ermənistanda polislə aksiyaçılar arasında toqquşma olub- yaralılar var
Gözlə

No media source currently available

0:00 0:08:16 0:00

Bəli, hakimiyyəti əlində saxlayan «Qarabağ klanı», sözün əsl mənasında, savaş partiyasıdır. Bu klanı elə Qarabağ müharibəsi hakimiyyətə gətirib və günü bu gün də həmin münaqişə həmin adamların siyasi varlıq forması olaraq qalır...

Düzü, yerdə qalan digər siyasi qüvvələr, özəlliklə əsas müxalifət də «az aşın duzu» deyil. Onlar, ara-sıra, elə bəyanat və çağırışlar səsləndirir ki, adam indiki hakimiyyətə şükür edir.

BU DƏFƏ DƏ ALINMASA...

Bəs bütün bu proseslərin sonu necə olacaq? Ermənistanda günlərdir sürən kiçik daxili siyasi qarşıdurma prezidentlərin görüşünü də bilinməzliyə yuvarladıb. Əvvəllər diplomatlar daha inamlı görünürdülər. Amma indi yenə qeyr-müəyyənlik yaranıb və çoxları prezidentlərin avqustda görüşə biləcəyini desələr də,əvvəlki qətiyyət duyulmur, üstəlik, inamsızlıq və tərəddüd notları apaydın sezilir...

Rusiyaya gəlincə, nə motiv, nə gərək güdsə də, bu ölkə hər iki tərəfə təzyiq göstərməyə və onların mövqeyini yaxınlaşdırmağa çalışır. Ermənistan paytaxtında baş verən olay Moskvada açıq rahatsızlıq və hətta anlaşılmazlıq yaradıb. Təbii ki, «hər şeyi qarışdıran Rusiyadır» iddiası hələ ömrünü başa vurmayıb, amma... Amma indiki durumda heç belə düşünmürəm. Deyəsən, bu dəfə «atan kazaklar» deyil...

Bir məsələdən də rahatsızam. Ya zəlzələdən, ya da vəlvələdən, indiki çözüm variantı – aralıq variant qəbul olunmasa, proses yenə uzunmüddətli dalana dirənəcək. Bu isə hər iki tərəfdən ötrü gərilən əsəblər, canlı itkilər və böyük hərbi xərclər deməkdir və... Və böyük savaş da istisna deyil.

Belə bir durumun yaranma ehtimalı çox böyükdür. Prezidentlərin kəskin ritorikası, özəlliklə Ermənistan prezidentinin elə bugünlərdə bir daha «Azərbaycanla müharibəyə hazır olun!» sözlərini dilə gətirməsi nikbinliyə əsas vermir.

Azərbaycana gəlincə, indi rəsmi Bakıya bu da vacibdir ki, Türkiyə tez bir zamanda böhranı adlasın. Axı çevriliş cəhdindən öncə Minsk qrupu həmsədrləri Qarabağ probleminin müzakirəsindən ötrü Ankaraya yollanacaqdı. Üstəlik, Rusiya-Türkiyə münasibətlərinin də normallaşması bəlli ümidlər oyadırdı. Di gəl, Türkiyədəki son olaylar bir az «kartları qarışdırdı». Ona görə də, durum nə qədər tez durulsa, xeyrini Azərbaycan da görər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG