Keçid linkləri

Təcili xəbərlər

Hormonlar üzərində gülcü təsirə malik sənət


Platon hesab edirdi ki, musiqi insan orqanizmində bütün prosesləri ahəngə salmaq qüdrətinə malikdir. XX əsrdə Azərbaycanın görkəmli cərrahı və gözəl bəstəkarı olan İbrahim Topçubaşov cərrahiyyə əməliyyatlarını musiqinin fonunda edirmiş.

Hamımız çox gözəl bilirik ki, musiqi həm əhvalımızı yaxşılaşdıra, yaxud da pisləşdirə bilər. Alimlər sübut etmişlər ki, musiqinin insana göstərdiyi təsir bizim təsəvvür etdiyimizdən daha artıqdır. Çox güman ki, hər birimizin fərqli əhval ruhiyyələr zamanı sevərək qulaq asdığımız mahnılar var. Hər kəsin musiqi zövqü və seçimi fərqlidir: kimsə klassik musiqi dinləyərək mürgüləməyi, kimisi isə yuxusunu dağıtmaq üçün hard rocka qulaq asmağı sevir. Buna baxmayaraq, müxtəlif mahnıların insanın fiziki və əqli vəziyyətinə necə təsir etdiyi elmi qanunlarla müəyyənləşdirilib.

Musiqinin hormonlar üzərində güclü təsirə malik olduğu elm aləmində sübut olunmuşdur. Musiqinin tərzindən asılı olaraq stresə bağlı olan hormonları artırmaq və ya azalmaq mümkündür. Türk xalqları içərisində musiqi ilə ilk ciddi şəkildə müalicə Baksı adlı şaman musiqiçiləri tərəfindən yaradılmışdır. Müalicə üsulları müxtəlif dərdlərdən əziyyət çəkən xəstələrin şəfa tapmasına səbəb olmuşdur. Bir türk xeyriyyəçisinin Şam şəhərində tikdirdiyi Nurəddin xəstəxanasında İbn Sina ruhi xəstəlikləri musiqi ilə müalicə edib. ABŞ-da Şulman soyadlı həkim pasiyentləri musiqinin köməyi ilə müalicə etmək metodunu inkişaf etdirdi. Şulman yazır ki, orqanizmdə hər bir orqanın öz iş ritmi var. Orqanın xəstələnməsi bu ritmlətin pozulması ilə müşayiət olunur. Sağlam orqanların ritminə uyğun musiqiləri xəstələrə dinlədən zaman, onların xəstə orqanları bu ritmləri “eşidir” və bu da həmin orqanın ritminin bərpa olunmasına (tez sağalmasına) kömək edir.

Bir çox ölkələrdə musiqi terapeyasından geniş istifadə edilir. İngiltərə, ABŞ, Almaniya, İtaliya və Yaponiyada musiqi terapeyasına dair xüsusi jurnallar dərc olunur. Komaya düşmüş adamların musiqi dinlətməklə ayıldılmasına dair faktlar məlumdur. Müxtəlif üslublu mahnılar insanların emosional və hətta fiziki sağlamlığına müxtəlif cür təsir edə bilər. Musiqinin insana göstərdiyi təsir ilk növbədə onun psixo-emosional xarakterli olması ilə izah olunur. Əgər musiqi bu vəziyyətlə harmoniya təşkil edirsə bu insana müsbət təsir göstərə bilər. Yox əgər harmoniya yoxdursa, bu zaman musiqinin insana mənfi təsirləri müşahidə olunacaq.

Həmçinin mütəxəssislər bildirirlər ki, tək musiqinin üslubu deyil, onun ritm və tonallığı, hansı musiqi alətində ifa olunması da mühüm haldır. Hər bir musiqi alətinin səsi insanın orqanizminə müəyyən bir təsir göstərir. Yeri gəlmişkən, xarici mətbuatda tanış olduğum biir araşdırmanı da xatırlamaq gərəkir.

Wilkes Universitetindən Carl Cahrnetski və Francis Bremnnanın çalışmalarına görə, musiqinin, hər notun belə özünəməxsus xüsusiyyətləri vardır və ona görə insan vücuduna təsir etməkdədir. Mikroblarla savaşan ağız suyu, tər və göz yaşı kimi mayelerdə mövcud olan IgA (immunglobuin A) musiqinin növünə görə fərqli miqdarlarda və tiplərdə ifraz olunmaqdadır. Araşdırmada dörd qrup şagird ayrılmış və hər qrupa fərqli musiqi dinlədilib, 30 dəqiqə sonra ağız suyundakı IgA səviyyəsi ölçülmüşdür.

Nəticələr: 1. Klassik- 14% artım 2. Jazz- 7.2% artım 3. Səssizlik- 1% azalma 4. Yüksək səsli, küylü musiqi- 19.7% azalma. - orqanizmdə azı 200 ritmik proses var. Ritmik mahnılar bir çox hallarda həmin ritmlərin bir çoxu ilə konsonans (ahəng) yaradır. Belə hallarda orqanizmin fəaliyyəti yaxşılaşır, adam bundan həzz alır, pozitiv emosional proseslər baş qaldırır və s. Odur ki, adam durduğu yerdə rəqs etmək həvəsinə gəlir. Bu səbəblərdən, beyin belə ritmik melodiyalara yaddaşda xüsusi yer verir, lazımlı bir şey kimi möhkəm yadda saxlayır. Bəzən olur ki, adamın durduq yerdə hansısa mahnıya quaq asmaq istəyi yaranır. O deməkdir ki, orqanizmdə nəsə düz getmir və beyin olmuş təcrübəyə (o təcrübə ki, adam nə vaxtsa bu mahnıya qulaq asan zaman kefi yaxşılaşmışdı, orqanik proseslər normallaşmışdı və beyin bunu yadda saxlamışdı), bu mahnının səslənməsini orqanik ritmləri yaxşılaşdırma üsulu kimi istəyir.

Simli alətlər: gitara, arfa, skripka, violençel – ürək və qan-damar sisteminin işini normallaşdırır. Həmçinin bu musiqi alətlərindən ibarət bir musiqi səsləndikdə insanda mərhəmət, fədakarlıq hissi yaranır. Nəfəsli alətlər tənəffüs sisteminin fəaliyyətinə kömək etməklə, ağciyərləri və bronxları təmizləyir. Bununla yanaşı qan dövranına da müsbət təsir göstərir.

Zərb alətləri isə öz növbəsində, ürək ritminin bərpa edilməsinə, qan dövranı sisteminə və qaraciyərə müsbət təsir göstərir. Yaşdan asılı olmayaraq hər hansı musiqi alətində ifa etməyi öyrənməklə insan özünün idrak imkanlarını genişləndirir. Vacib deyil peşəkar ifaçı səviyyəsinə qalxmaq. Həvəskar ifaçılıq da zəkaya öz faydasını verir. Musiqi ifası "yoluxdurucudur" bir növ. Xoşa gələn ifanı dinləyən adamlar ifaçıya qoşulub sinxron ifa etməyə avtomatik motivə olunurlar. Buna görə, konsert zamanı ifaçının bir işarəsi kifayət edir ki, oxumağa hazır vəziyyətdə olan tamaçaşıların kütləvi xoru işə düşür. Xordan söz düşmüşkən, Qədim Misirdə yuxusuzluq problemini aradan qaldırmaq və ya ağrıları azaltmaq üçün xəstələrə xor ifası dinlədilirdi.

Musiqi məqamlarının ruha olan təsiri Fərabiyə görə belə qruplaşdırılmışdır: “Rast” muğamı insana şəfa verir; “Rəhab” insana sonsuzluq fikri verir; “İsfahan” hərəkət qabiliyyəti və özünəgüvən verir; “Hüseyni” insana sakitlik gətirir; “Hicaz” təvazökarlıq hissi verir.

İstənilən musiqi əzələlərdəki yorğunluğu aparır və hərəkət qabiliyyətini artırır. Məlumatın aydın və konkret olaraq qəbul edilməsini təmin edir. Musiqinin insana təsirini araşdıran alimlər klassik musiqinin insana möcüzəvi təsirini müəyyən etmişlər. Burada daha çox Motsart, Vivaldi, Qriq, Bethoven, Şubert, Şuman, Çaykovski və Debyussi kimi bəstəkarların əsərləri vurğulanmışdır.

Alimlər Motsartın musiqilərinin beynin fəaliyyətini artırdığını və informasiyanın tez bir şəkildə qavranılmasına kömək etdiyini hesab edirlər. Hətta əvvəllər “Motsart effekti” deyilən fenomen populyar idi. Frensis Rauşer adlı alim və onun həmkarları belə bir qənaətə gəlmişdilər ki, körpələrə Motsartın musiqilərinin dinlədilməsi onların intellektinin yüksəlməsinə səbəb olur.

Baş ağrısını aradan qaldırmaq üçün isə Bethovenin “Fidelio”su sizə köməklik edəcək. Yuxusuzluğun ən yaxşı dərmanı kimi Çaykovskinin, Qriqin və Sibeliusun pyeslərini istifadə edə bilərsiniz. Vivaldinin “İlin fəsilləri” əsərinə qulaq asmaq isə yaddaşı yaxşılaşdırır. 2004-vcü ildə Toronto univrsitetindən psixoloq Qlen Şelenberq (Glenn Schellenberg) geniş tədqiqat nəticəsi olaraq təyin etdi ki, musiqi dərsləri intellekti (IQ) yüksəldir. Yəni, əvvəllər sanıldığı kimi, təkcə Motsartın musiqilərinə qulaq asmaq deyil, məhz musiqi təhsili və musiqi alətlərində ifa etməyi öyrənmək. Şelenberq bu nəticəyə azyaşlı uşaqlara 36 həftəlik musiqi dərsi keçdikdən sonra, onların intellekt göstəricisini başqa həmyaşıd uşaqlarla müqayisə edərək gəlmişdi. Bundan başqa, klassik musiqi həm də revmatizm xəstəliyinin dərmanı hesab olunur. Alimlər müəyyən etmişlər ki, klassik musiqi dinləyən xəstələr digər xəstələrə nisbətən daha tez sağalmışlar.

Tədqiqatlar aparan elm xadimləri musiqinin fiziki və psixi xəstəliklərin müalicəsində çox təsirli bir vasitə olması fikrində həmfikirdir. Bu mövzuda aparılan bir çox araşdırmalarda həkim və musiqiçilərin depressiyadan xərçəngə, yüksək təzyiqdən xronik ağrılara, miqrendən narkomaniyaya və psixi xəstəliklərə qədər bir çox xəstəliklərin müalicəsində istifadə edilir və bu metodlardan şəfa tapan insanların sayı çoxdur. Musiqi terapiyası digər terapik vasitələrdən olduqca fərqlidir. Çünki musiqinin dərman kimi istifadə edildiyi bu terapiya vasitəsi qədim dövrlərdə istifadə olunan müalicə üsullarını nəzərdən keçirdiyimiz zaman psixoloji narahatlıqlar başda olmaq üzrə göz xəstəlikləri, spazmlar, əzələ və sinir sisteminə bağlı olan problemlər fiziki və zehni yorğunluqlar və bu qəbildən olan yüzlərlə xəstəliklərin ən kəskin müalicə vasitəsi hesab edilib.

Musiqinin bitkilərə təsiri sahəsində də müəyyən biliklər mövcuddur. Qədim Hindistanda ilk dəfə müəyyən olunmuşdu ki, dibçək güllərinin yanında mütəmadi olaraq musiqi alətlərində ifa olunanda, onların böyüməsi sürətlənir. Hazırda məlumdu ki, bitkilərdə orqanik proseslərinin öz ritmləri var, uyğun musiqi bu ritmləri sürətləndirə bilir. Ötən əsrin 70-ci illərindən bu sahədə bir çox tədqiqatlar aparılıb: 70-ci illərdə İsveç alimləri müəyyən etdilər ki, bitkilərin plazma hüceyrələrində proseslər müsiqinin təsiri ilə daha sürətlənir.

1973-cü ildə amerikalı alim Dorotti Retallak bitkilərin inkaşfına hansı ritmli musiqilərin və hansı zaman limitləri ilə müsbət təsir göstərdiyini aydınlaşdırdı. Hansı musiqilərin faydalı, hansıların zərərli olduğunu müəyyən edən seriya eksperimentlər apardı. Məsələn, aşkar olundu ki, klassik musiqi bitkinin inkişafını stimullaşdırdığı halda, ağır rok onlara zərər verir, hətta məhvinə səbəb olur. holland mütəxəssisləri Retellekin nəticələrini təsdiq edən güllərlə bağlı çox sayda eksperimentlər aparıblar. başqa bir tədqiqatda hansı alətlərdən səslənən musiqinin daha təsirli olması müəyyən edildi.

Hazırda Fransada bitkilərin məhsuldarlığını yüksəldən klassik musiqi kolleksiyaları məhşurdur (ayrıca disklərdə satılır). ABŞ-da bitkilərin inkişafına məqsədli təsir göstərmək (ölçülərin böyüdülməsi, məhsuldarlığın artırılması və s.) üçün tematik melodiyalar hazırlanmışdır. Çində istilikxanalarda “səs generatorlarından” istifadə olunur. Bunlar ayrı-ayrı bitkilərə müvafiq olan səs dalğaları yaymaqla, onlarda fotosintez, boy atma kimi prosesləri sürətləndirmək məqsədilə edilir. İnsana müsbət təsir edən musiqilərdən biri də milli musiqilərdir. Etnik musiqilər rahatlaşmağa və dincəlməyə kömək edirlər. İnsanı öz tarixi köklərinə qaytaran milli musiqi insanda enerji mənbələrinin aktivləşməsinə səbəb olur.

Amerikalı doktor Loqan hamilə qadınlar üçün xüsusi bandaj ixtira etmişdi. Xüsusi mikro kalonkalarla təchiz olunmuş bandaj pleyerə qoşulur, ana bətnində olan körpə üçün tövsiyə olunan musiqilər səsləndirilir. Bu cür bandajlardan istifadə etmiş qadınların uşaqları (1200-dən çox) müəyyən yaşa çatdıqdan sonra test edib, onların həmyaşdıları ilə müqayisədə daha çox zəkalı olduğunu müəyyən etmişlər.

Müasir elmə məlumdur ki, insanın eşitmə qabiliyyəti hələ ana bətnində ikən 26-cı həftədən formalaşır. Ananın səsini və ananın eşitdiyi şeyləri o da eşidir. Anada sevinc, kədər, qorxu və s. emosiyalar yaradan şeylər ona da təsir edir, onu da müvafiq surətdə duyğulandırır. Odur ki, insanın musiqi zövqü hələ ana bətnində ikən forma-laşmağa başlayır. İnsan qismən anasının musiqi zövqünün daşıyıcısı kimi gəlir dünyaya. Ananın (nənənin və ya başqa şəxsin) himayəsində ikən bu proseslər hansısa qədərlərdə davam edir.

Başqa bir tədqiqiatın nəticələrinə görə, hamiləliyinin iyirmi səkkizinci və otuz altıncı həftələri arası musiqi dinləyən anaların uşaqları səslərə başqalarına nisbətən daha tez reaksiya verir, onlarda melodiyaları tanımaq qabiliyyəti özünü göstərir. Belə uşaqların yaddaşı güclü olur. Duyğuları incəldən və qəlbləri yumşaldan musiqi tərzləri əsrlərdən bəri müalicə məqsədilə istifadə edilməkdədir. Dövrlər bir-birini əvəz etdikcə musiqinin insan həyatındakı mövqeyi artan bir xətt üzrə inkişaf etmiş və hər bir dövr üçün ən geniş yayılan müalicə vasitəsi olmuşdur. Qədim Yunan riyaziyyatçısı Pifaqor qəzəb, aqressiya, tənbəllik və s. mənfi hallara qarşı musiqinin faydalı olmasından, habelə zəkanı inkişaf etdirmək üçün musiqinin müsbət təsirindən yazmışdı…

İnsan bəyəndiyi, ruhuna ən çox təsir edən bir musiqini dinləyərkən əhvalı yüksəlir və özünü daha yaxşı hiss edir. O, ifa edilən musiqini dinlədiyi müddətcə əhvalında nəzərəçarpacaq dərəcədə dəyişikliklər hiss edilir və bu dəyişikliklər əhatəsindəki insanlarda da müsbət aura yaradır. Hansı musiqinin sizə necə təsir etdiyini bilmək istəyirsinizsə, müxtəlif üslublu mahnıları dinləyərkən nə hisslər keçirtdiyinizi müəyyən edin…

XS
SM
MD
LG