Keçid linkləri

Təcili xəbərlər

Cəmiyyətin kütləyə çevrilməkliyi...


Azadlıq meydanında mitinq - 1989
Azadlıq meydanında mitinq - 1989

MÜXALİFƏT NƏDƏN İNCİMİŞDİ?

Təxminən üç-dörd il öncənin söhbətidir. Mətbuatda bir o qədər də tez-tez çıxış etməyən bir nəfər ziyalı ölkədəki siyasi müxalifət haqqında çox maraqlı yazı hazırlamışdı.

Yazıda bir məqam daha çox diqqət çəkirdi: Müəllif ölkə müxalifətinə üz tutaraq bildirmişdi ki, siz insanları meydanlara çağırmazdan əvvəl hara gedəcəyinizi və nə edəcəyinizi müəyyənləşdirin...

Yadıma gəlir, yazı müxalifət adamlarının xoşuna gəlməmişdi. Hətta bəzilərinin qəzəbinə də səbəb olmuşdu ki, müxalifəti qınayan onsuz da çoxdur və daha bir dəyərli ziyalının bu prosesə qoşulması heç də yaxşı hal deyil...

Doğrusu, o vaxt bu məsələyə bir az təəccübləndim və bəzi müxalifət funksionerlərinin niyə qəzəbləndiyiniqətiyyən anlamadım.

Əslinə qalanda, anlamalı bir şey də yox idi. Özüm də daha çox yazı - pozu adamı olduğumdan, gözəl bilirdim ki, bizim müxalifət funksionerləri biz yazarlardan həmişə bircə şey umub: tərif və təbliğat...

Kim bunu edirdisə, dərhal müxalifətin əzizinə, sevimlisinə çevrilirdi. Amma belələri daha çox gənc və təcrübəsiz yazarların arasından tapılırdı. Azacıq təcrübəli və səviyyəli yazarlar müxalifətə «mirzəlik» edənləri o qədər də sevməz, hakimiyyəti tənqid etdikləri kimi, müxalifət düşərgəsindəki neqativ detallara da göz yummaz, bu barədə fikirlərini açıq bildirərdilər...

SONRA NƏ OLACAQ?

Bunları niyə yada saldım? Müxalifətin keçirdiyi və keçirməyi planlaşdırdığı aksiyalar məni buna vadar etdi. Bəri başdan deyim ki, bu ay keçiriləcək referenduma cəmiyyət daha fəal münasibət nümayiş etdirə bilərdi. Bu münasibətin necəliyi mənim işim deyil. Nə etmək lazım gəldiyiniinsanlar özləri daha yaxşı bilir və hansı münasibəti sərgiləmək də onların özəl hüququdur.

Amma insanlar qəbul etsə də-etməsə də, referenduma çıxarılacaq düzəlişlərə öz münasibətimi gizlətmək fikrində deyiləm: Bəli, bu düzəlişlər, yumşaq desək, ölkə həyatını, onun siyasətini bir az da avtoritarlaşdıracaq...

O üzdən, düşünürdüm ki, insanlar bu məsələlərlə bağlı bir az fəal mövqe sərgiləyəcəklər. Di gəl, belə olmadı. Düzdür, insanları da anlayıram və onları qınamaqdan tam uzağam...

Bilirsiniz, insanlarda dinc mübarizə üsul və metodlarına inam ölüb. Ən müxtəlif insanlar söhbətlərdə deyirlər ki, lap tutaq, mitinqlərə gedib danışdıq, qışqırdıq, bununla nəsə dəyişəcəkmi?.. İnsanların dilində sanki bir sual donub qalıb: «Sonra nə olacaq?».

Bu «Sonra nə olacaq?» sözləri mənim özümü didib-parçalayır, çünki ona cavab tapa bilmirəm ki bilmirəm...

Qələbə meydanında mitinq - 2005
Qələbə meydanında mitinq - 2005

13 İL ÖNCƏNİN BİR YALANI VƏ QORXMUŞ CƏMİYYƏT...

2003-cü ildən sonra, demək olar, yaddaqalan və möhtəşəm aksiyalar keçirilməyib.

O vaxt - 2003-cü ilin prezident seçkiləri zamanı insanlar müxalifətə, sözün əsl mənasında, böyük siyasi dəstək verirdi. Amma insanlara «Siz «Qələbə» meydanına gəlin, siyasi qələbələrə isə sizi biz aparacağıq!»- deyən müxalifətçilər nəinki heç nə edə bilmədilər, hətta partiya qərargahlarını belə şəhərin mərkəzindən onun qıraqlarına «köçürməli» oldular...

Bir daha deyirəm ki, o vaxtdan böyük siyasi aksiyalar gözə dəyməyib. Təbii ki, burada müxalifətin bacarıqsızlığı son səbəb deyil. Hakimiyyət də boş dayanmayıb, vaxtı fövtə verməyib, ölkəni mümkün olan və bacardığı qədər avtoritarlaşdırıb...

O səbəbdən, bir şeyi açıq demək lazımdır: İnsanlar qorxurlar... Ən cəsurları da (şəxsən özləri hər cür məhrumiyyətlərə hazır olsalar da) yaxın və əzizlərinə problem yaradacaqlarından çəkinirlər...

İnsanların psixologiyasında da ciddi aşınma gedib. Bu da avtoritarizmin xislətidir: insanlarda elementar demokratik və özünüidarə vərdişlərinin yaranmasına imkan verilmir, cəmiyyət tədricən kütləyə, kütlə isə «sürü»yə çevrilir...

KÜTLƏ FENOMENİNİ ARAŞDIRANDA...

Amma ən qorxulusu da elə budur... Cəmiyyət seçicilərə və ya elektorata transformasiya etməyəndə, dinc və konstitusion siyasi fəaliyyət üsulları vərdişə və normaya çevrilməyəndə, gələcək üçün çox böyük təhlükələrin əsası qoyulur.

Hakimiyyətin davranışında ən təəccüblü məqam, bilirsinizmi, nədir? Bunlar özlərini elə aparırlar ki, sanki Azərbaycandakı avtoritarizm əbədi olacaq və eyni bir partiya, eyni adamlar cəmiyyəti qiyamətəcən idarə edəcəklər!..

Amma heç belə olubmu? Siz elə bir avtoritar və ya despotik rejim göstərə bilərsinizmi ki, əbədi olsun? Özünüzə heç əziyyət verməyin, yoxdur beləsi və hər şeyin başlanğıcı və sonu olduğu kimi, despotizmin də bir «final»ı olur...

Ən başlıcası isə budur ki, lap Marx-ın dediyi kimi, avtoritarizm də öz «qəbir qazanlar»ını özü yetişdirir. Bu, elə həmin avtoritarizmin əvvəlcə kütləyə, daha sonra sürüyə çevirmək istədiyi cəmiyyətdir.

Bu yaxınlarda bir maraqlı kitab oxudum. Müəllifi E.Canetti olan həmin bu kitabda kütlə fenomeni köklü şəkildə araşdırılır. Xüsusən «dönmə kütlə»lər haqqında yazılanlar məni çox təsirləndirdi.

CANAVARLARLA QOYUNLAR YERİNİ DƏYİŞƏNDƏ...

Müəllif Böyük Fransa İnqilabı zamanı bir zadəganın oğluna yazdığı məktubdan sitat gətirir. Həmin sitatda belə yazılıb: «Həmişə canavarlar qoyunları yeyib. Doğrudanmı, elə bir gün yetişəcək ki, qoyunlar canavarları yeməyə başlayacaqlar?..». Elə Fransa İnqilabı özü göstərdi ki, gerçəkdən belə anlar olur...

Bəli, cəmiyyətin kütləyə çevrilməsi çox təhlükəlidir. Kütlə yetişəndə və hazır olanda, həmişə istiqamət axtarır. Ölkə içində belə nişan verən və ya yolgöstərənin olmaması adamı arxayın salmamalıdır. Bəzən, işarə kənardan da gəlir...

Ona görə də cəmiyyəti kütləyə çevirmək lazım deyil. Qoy insanlar öz hisslərini, hətta acıq və qəzəblərini seçkilərdə izhar etsinlər. İnanın, bu, ən təhlükəsiz siyasi ssenaridir. Belə olsa - insanlar bir-birinə, siyasətə və siyasətçilərə münasibətini yalnız demokratik seçkilərdə izhar etsə, hamıya daha yaxşı olar...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG