«Nokia» telefonları geri qayıdır

Nokia

-

Finlandiyanın «Nokia» şirkəti mobil telefon istehsalını bərpa edəcək.

Şirkət bu addımı «Microsoft»la sazişi bitdikdən sonra atacaq.

Reuters-in yazdığına görə, bu barədə şirkət rəhbəri Rajeev Suri Almaniyanın «Manager Magazin» dərgisinə müsahibəsində bildirib.

«Biz münasib tərəfdaşlar axtaracağıq. «Microsoft» mobil telefonlar istehsal edir. Biz sadəcə onları dizayn edəcək və sonradan brend üçün lisenziyanı satacağıq», - o, qeyd edib.

Diqqət çəkən məqam budur ki, bir gün əvvəl «Nokia»nın keçmiş rəhbəri Stephen Elop «Microsoft»dan istefa verib. Şirkət bunu yeni idarəetmə sisteminin qurulması ilə bağlayıb.

«Nokia»nın telefon istehsalını bərpa edəcəyi barədə KİV-də bu ilin aprelində məlumat yayılsa da, şirkət bunu təkzib etmişdi.

«Nokia» 2013-cü ilin sentyabrında öz mobil biznesini 5.4 milyard avroya «Microsoft»a satdığını açıqlayıb. Saziş 2014-cü ilin aprelində tamamlanıb.

Bundan sonra «Nokia Technologies» bölməsindən başqa, şirkətin strukturunda daha iki bölmə qalıb. Onlardan biri şəbəkə avadanlıqlarının yaradılması və onlara xidmət üzrə bölmə, digəri kiçik «HERE» naviqasiya proqram təminatı bölməsidir.

«Microsoft» ilə imzalanan sazişə görə, şirkətə 2016-cı ilin dördüncü rübünədək telefonlarda «Nokia» brendindən istifadə qadağandır.