Biz günahkarıq

Bəzən şəhərdə gəzərkən bir çox insanın üzündə qəzəb və nifrət görürəm. Hər zaman bunun səbəbi mənə maraqlı olub. Başa düşürəm ki, insanlar, həyatlarında necə baş verəcəyini bilmədikləri hadisələrə görə qayğılara batır və bunu necə düzəldəcəklərini də bilmirlər. "Özüm üçün yaşayıram" deyib, bu gününü yaşamadan sabahlarını düşünürlər. Gördüyüm qədəri ilə deyə bilərəm ki, sadəcə bir qrup yox, əksəriyyət belə edir.

"Bəyaz zanbaqlar ölkəsində" kitabında yazıldığı kimi "xalq necədirsə, onu idarə edənlər də elədir". Burda sadəcə dövlət məmurlarının nəzərdə tutulmadığına əmin ola bilərsiniz. Xalqı idarə edənlər həm valideyinlər, həm musiqiçilər, həm də yazıçılarıdır.

Valideyinlər SSRİ-də böyüyüblər. Həmin dövrdə isə istədiklərini etmək, ya da etməmək kimi bir seçimləri yox idi. Əslində istədiklərini düşünmək imkanına belə sahib deyildilər. İndiki dövrdə musiqiçilərimizi və işlərini görə bilirsiniz. Ancaq sevgidən, ayrılıqdan, avaraçılıqdan yazıb-oxuyanda gördüyümüz nəticə yaranır.

Yazıçılarımız isə nə Dostoyevski kimi cəmiyyətin reallıqlarını göstərirlər, nə Tolstoy kimi xalqın haqqını əsərlərində qoruyurlar, nə də Qriqoriy Petrov kimi ideal cəmiyyəti necə yaratmaq lazım olduğunu yazırlar.

Bəs həyatdan narazı, hədəfsiz insanlara necə kömək edə bilərik? İnsanların vəziyyəti ilə bağlı cavabsız suallar vermək, ya da tənqid etmək, onları lağa qoymaq əvəzinə, təhlil edib çıxış yolu tapmağa çalışdım. Bunun üçün bəzi pisixoloqları oxudum və başqalarına nifrətlə baxanları anlamağa başladım.

Abraham Maslau deyir ki, “Özünü gerçəkləşdirmiş insanları nəzərdən keçirmək bizə öz səhvlərimizi, əksikliklərimizi və hansı tərəfə doğru inkişaf etdiyimizi görmək şansı verəcək. Bizim dövrümüzdən başqa hər bir dövrün öz idealları var idi. Bütün bu ideallar, şəxsiyyətlər, qəhrəmanlar, bəylər zamanla (ya da bizim tariximizdə olduğu kimi sistemli şəkildə) bitərəf edildi. Arxada isə sadəcə yaxşı tənzimləndirilmiş, problemsiz və mümkün qədər adi, qeyri-müəyyən bir insanlıq qaldı.”

Bəli, o qəzəbli baxışlarla baxan insanlar idealları əlindən alınmış, öz idealları olmayan insanlardır. Bir vaxt bizim də ideallarımız var idi. Onlara "Şah", "Xan", "Bəy", deyirdik. Öz zamanına görə onlar bu xalqın birliyini, təhlükəsizliyini təmin edirdi. Həmin bu bəylər ruslar tərəfindən yox edilənə qədər bu xalqı qoruyurdular.

Abraham Maslau xəstə insanların xəstə mədəniyyətin məhsulu olduğunu deyir. İstisnalar təbii ki, var. Hətta bu istisnaların harda olduğunu əminliklə qeyd də edə bilərəm. Google-da "MFM" yazaraq görə bilərsiniz.

Ümumi olaraq götürdükdə onun dediyində həqiqət var, amma bizim problemimiz xəstə mədəniyyət yox, bu mədəniyyəti öyrənib yazanların olmaması, buna görə də insanların idealsız yaşamasıdır. Mədəniyyətimizdə dəyişiklik var, ancaq Maslou kimi, belə desək, "xəstə insanların mədəniyyəti pozduqları, sağlam insanların isə yaxşılaşdırdıqları danılmaz bir gerçəkdir.
Bəs cəmiyyətimizdəki bu insanlara kömək etmək üçün nə edə bilərik? Yuxarda da qeyd etdiyim kimi, özünü gerçəkləşdirmiş insanları, yəni, idealları öyrənərək bunu etmək mümkündür. İdeallarımızı isə həyatımızın erkən dövrlərindəki fiqurlar müəyyən edir, sonradan oxuduğumuz "həftə sonu özünüzü inkişaf etdirin" kitabları yox.

Bəs indiki dövr üçün bu ideallar kimlərdir, ya da kimlər ola bilər? Qısaca deyə bilərəm ki, vicdanı olan hər bir insan ola bilər. Çünki bəzilərində zəif, bəzilərində isə güclü olan fərqli bir vicdan var. Bu təməl vicdandır. Bu vicdan daxili təbiətimizə qarşı səmimi olmağımızı; onu öz zəifliklərimiz, mənfəətimiz, ya da digər səbəblərlə laqeyd olmamağımızı bizdən istəyir. Cəmiyyətimizdə olan problemlərə əsəbləşməyimizə, nəsə etmək istəməyimizə, nə edəcəyimizi bilməyəndə isə kədərlənməyimizə səbəb budur. Daxili təbiətimiz laqeyd qalmır, yəni, vicdanımız narahat olur.

Bir məsələ də var ki, vicdanlı insan səhv olanı görür və buna laqeyd qalmır, ona görə də çoxları tərəfindən sevilmir, qəbul edilmir.

Kimin tərəfindən sevilmirlər? Bəlkə bir gənc üçün avara tanışlar, ya da azadlıqdan danışan, amma öz dəyərini yaşadığı üçün onu "Tükəzban" adlandıran təşkilatlar tərəfindən qəbul edilməmək daha yaxşıdır? Nəyə uyğunlaşmaq? SSRİ-nin yaratdığı və maddiyyat üzərində qurulmuş zehniyyətəmi?

Vicdanlı insanlar istismara, təzyiqə, laqeydliyə, alçaldılmağa, əzilməyə qarşı çıxırlar. Əslində isə nəyin səhv, nəyin düz olaraq qəbul edilməsi, bunu kimin adlandırması ilə bağlıdır. Ona görə də bizləri kimin niyə qınadığına diqqət etmək lazımdır. Məsələn, tariximizdə 14 yaşında 7 nəfərlə yola çıxan, indi 5 dövlətdə olan torpaqlarımızı və insanlarımızı birləşdirib imperiya qurmuş bir idealımızı asanlıqla təhqir edə bilirlər. Onu pisləyə də bilirlər ki, dini ayrıseçkilik salıb. Bunu deyən insanlar isə İspaniyanın iki futbol komandasına görə bir-birini söyən, ayrıseçkilik edən 25-30 yaşlı insanlara heç nə deyə bilmirlər. Yəqin onların da ölmələrini gözləyirlər.

Aydın görsənir ki, qəzəbli insanların etirazı çox vaxt aldıqları psixolojik zədələrə, əsl daxili təbiətinə edilən hücumlara qarşı bir üsyandır. Bu vəziyyətdə səhv, belə hücumlara baş qaldırmamaqdır. Bəzi insanlar özlərinə ediləni qəbul edər, reaksiya verməyə illər sonra başlayarlar. Bu reaksiya da düşünülmüş cavab olaraq yox, nevroz və ya psixoz olaraq özünü göstərər. Bu da küçədə gördüyümüz həmin insanların niyə elə olduqlarını izah edir. Bəzi vəziyyətlərdə bu insanlar xəstə olduqlarını, həqiqi xoşbəxtliyi, doyumu, zəngin, həssas, sakit və yaradıcı həyatı əldən verdiklərinin fərqində olmazlar.

Yaşanmamış həyatlara görə günahkarıq. Bir başqası yox, məhz biz günahkarıq.

Fridrix Nietzschenin də dediyi kimi, "qınamaq, günahı başqasının üstünə atmaq və özünü kənarda tutmaq acizlərə, kölələrə məxsus xüsusiyyətdir." Dostoyevski "Karamazov qardaşları" əsərində "hər kəs hər şeyə görə hamının qarşısında günahkardır" deyirdi. Vicdanlı və iradəli insan hər kəsdən öncə günahı özündə görür və dəyişmək üçün, dəyişdirmək üçün fəaliyyətə keçir. Dəyişək və dəyişdirək.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.