Keçid linkləri

-
Britaniya mətbuatı yazır ki, Tehranın son günlər «düşmənlərin gözünü dağlamaq üçün» hay-küylə reklam etdiyi «görünməz» tipli yeni qırıcı təyyarəsi «Photoshop» proqramında hazırlanıb.

Bu barədə şübhələri bloqqerlər dilə gətiriblər.

Aviasiya ekspertləri «Qaher 313» təyyarəsinin varlığına şübhə etdiklərini bundan əvvəl də bildirmişdilər.

Tehran iddia edir ki, «Qaher 313» İranın müstəqil şəkildə istehsal etdiyi ikinci təyyarədir.

Təyyarənin bu ay keçirilmiş prezentasiyasında prezident Mahmoud Ahmadinejad da iştirak etmişdi.

İran xəbər verir ki, mövcudluğu iddia olunan təyyarə ABŞ-ın «F-35» və «F-22» qırıcılarının uçuş və döyüş keyfiyyətlərini özündə birləşdirir.

Yeri gəlmişkən, demək lazımdır ki, «F-35»in inşasını heç Pentaqonun özü də hələlik mükəmməl şəkildə başa vurmayıb.

DƏMAVƏND DAĞLARINDA VİRAJ EDƏN MONTAJ

Aviasiya ekspertləri bildirirlər ki, təsvirdə düymələri və boltları görünməyən təyyarə ölçücə çox kiçikdir və ən yaxşı halda daha çox plastik kütlədən hazırlanmış işçi modeli xatırladır.

İranın «Khouz» xəbər saytı belə bir modeli qarlı dağlar üzərində qıy vuran təyyarə kimi təsvir edib.

Lakin İran bloqqerləri müşahidə ediblər ki, bu təyyarənin şəkli Tehranın fevralın 2-də nümayiş etdirdiyi maketlə eynidir.

Onlar diqqəti belə bir məqama çəkirlər ki, təyyarənin üzərindəki işıq və kölgə, habelə qırıcının bucağı təqdim olunmuş maketin şəkillərindəki kimidir.

Kölgələr və bucaqlar bir yana qalsın, məlum olub ki, təyyarənin fonu üçün istifadə edilmiş Daməvənd dağının təsviri PickyWallpapers.com adlanan foto bankından götürülüb. Sadəcə, bir az parlaqlığı artırılıb.

GÖRÜNMƏZİN GÖRÜNƏN FOTOSUNDA NƏ GÖRÜNÜR?

Təyyarənin şəkli Tehranın fevralın 2-də nümayiş etdirdiyi maketlə eynidir

Təyyarənin şəkli Tehranın fevralın 2-də nümayiş etdirdiyi maketlə eynidir

İranın Müdafiə naziri Ahmad Vahidi bundan əvvəl bəyan etmişdi ki, yeni təyyarə radarlara düşməyəcək qədər alçaqdan uça bilir və buna görə də «stealth» – «gözəgörünməz» kateqoriyasına aid edilib.

Öz şübhəsini dərhal bildirənlərdən biri də «Aviationist» saytı üçün bloq yazan David Cenciotti-dir. O, fotonun detallarını araşdırdıqdan sonra belə bir nəticəyə gəlib ki, kabin pilotun yerləşməsi üçün çox kiçikdir, cihazlar isə sadəliyinə görə kiçik şəxsi təyyarələrin cihazlarını xatırladır.

Cenciotti yazır ki, burada söhbət yalnız plastmasdan düzəldilmiş maketdən gedə bilər.

Hərbi ekspert John Reed də yazır ki, «təsvir olunan təyyarə kiçikdir, orada avionika (aviakosmik) cihazlarını, radarları..., ən başlıcası, döyüş silahlarını yerləşdirmək qeyri-mümkündür».

TEHRAN TƏKZİB EDİR

Öz növbəsində İran, şübhələri «düşmən təbliğatı» adlandıraraq rədd edib.

Qəzetlər yazır ki, bu cür «foto yaradıcılığı» ilə Qərbi təəccübləndirmək çətindir. Lakin, görünür, Xuzestan əyalətindəki «Khouz» saytı daha çox iranlıları valeh etmək istəyib.
Dördüncü raket birincinin təkrarıdır

Dördüncü raket birincinin təkrarıdır


«The Independent» yazır ki, İslam Respublikası mükəmməl «görünməz» qırıcıların istehsalından hələlik çox uzaq olsa da, fotomontaj işində xeyli inkişaf edib.

Məsələn, bundan əvvəl, 2008-ci ildə İran hakimiyyəti havaya buraxdığı üç raketin videogörüntüsünə dördüncü raketi rəqəmsal texnologiya ilə əlavə etmiş, lakin saxtakarlığı keçməmişdi.

YALAN AYAQ TUTAR VƏ UÇAR…

Deyirlər, «yalan ayaq tutar, amma yeriməz». Bu, müasir zəmanəmizdə xeyli köhnəlmiş kəlamdır. İndi internet yalanı nəinki yeridir, hətta qanadlandıra da bilir.

Elə 2008-ci ildə İran İnqilab Keşikçiləri tərəfindən yaradılmış raket videogörüntüsünü o vaxt AFP yaymış, lakin sonradan öz tədqiqatını apararaq bu nəticəyə gəlmişdi ki, süjetdəki dördüncü raket birincinin təkrarıdır.

Amma AFP öz düzəlişini yayana qədər «Los Angeles Times», «Financial Times» və «Chicago Tribune» qəzetləri saxtalaşdırılmış informasiyanı yaymış, videomontaj təsvirlər BBC və «New York Times»ın internet saytlarında yer almışdı.

Ötən il İran dünyanın ilk şaquli uçan pilotsuz təyyarəsini – «Koker-1» dronunu təqdim edəndə, bloqqer Gary Mortimer videoya daha diqqətlə baxmış və İran təyyarəsinin 2008-ci ildə Yaponiyanın Şiba Universitetində sınaqdan keçirilmiş drona çox bənzədiyini aşkarlamışdı.

Lakin Tehran bütün şübhələri qətiyyətlə rədd edir.
Uçuşdan əvvəl çəkilmiş şəkildə meymunun alnında böyük qırmızı xal görünür, ikinci şəkildə isə xal artıq yoxa çıxıb

Uçuşdan əvvəl çəkilmiş şəkildə meymunun alnında böyük qırmızı xal görünür, ikinci şəkildə isə xal artıq yoxa çıxıb


MEYMUN MEYMUNA BƏNZƏR

Elə bu həftəsonu Londonda mənzillənmiş və İran hakimiyyətinə bağlı «PressTV» agentliyi İranın Kosmos Agentliyinin rəhbəri Hamid Fazeli-yə istinadən bildirib ki, guya, ABŞ-ın NASA agentliyi Tehranın ötən ay kosmosa meymun göndərdiyini təsdiqləyib.

Əvvəla, bu xəbərin yeganə qaynağı elə həmin «PressTV»dir və heç NASA-nın öz saytında da buna bənzər məlumat yoxdur. İkincisi isə, heç kim İranın kosmosa (daha doğrusu kosmosaltı fəzaya) meymun göndərdiyini şübhə altına almırdı.

Sadəcə olaraq, bütün media bir ağızdan deyirdi ki, İranın kosmosa göndərdiyi meymun ordan sağ-salamat qayıtdığı iddia olunan meymuna bənzəmir.

Vallah bənzəmir…

Şərhləri göstər

XS
SM
MD
LG