Keçid linkləri

Artıq dəqiq tarix də məlumdur. Oktyabrın 10-da Türkiyə ilə Ermənistan arasında ilk sənəd imzalama mərasimi olacaq. Azərbaycan rəsmilərinin çıxışları isə artıq uzaqlaşmış qatarın arxasınca qaçmağa bənzəyir. İndi də Türkiyənin Böyük Millət Məclisinə ümid bəslənir, güman edilir ki, bu sənədlər Türkiyənin parlamentində ratifikasiya edilməyəcək.

Amma bu ümidlər də əsaslı deyil. Məsələ bundadır parlamentdə də üstünlük hakim partiyaya məxsusdur. Ola bilsin, parlamentdəki müxalifət partiyaları bununla bağlı müəyyən müqavimət göstərsin. Ancaq buna çox ümid bəsləmək olmaz, baxmayaraq ki, bütün müxalifət partiyaları hələ öz ölkələrinin xarici işlər naziri ilə görüşdə Azərbaycanın maraqlarının gözlənilməsini vacib hesab etdiklərini bildirmişdilər.

İndi hər şey Türkiyə parlamentinin prosedurlarından və hakim partiyanın səmimiyyətindən asılıdır. Bir daha qeyd etmək lazımdır ki, ola bilsin hökumətlə parlament arasında müəyyən anlaşma olsun. Praktikada belə hallar olur. Hökumət müəyyən sənədi imzalayır, amma parlamentdə həmin sənədin ratifikasiya olunmadığını əsas gətirərək bu istiqamətdə iş görmür.

Heç Ermənistanda da vəziyyət birmənalı deyil. Eyni qayda ilə bu ölkənin də parlamenti imzalanmış sənədləri ratifikasiya etməyə bilər. Məsələnin qəliz tərəfi bundadır ki, həm Ermənistanın, həm də Türkiyənin ictimaiyyəti arasında sərhədlərin açılmasını arzulayanlar və bunun əleyhinə olanlar var. Burada kiçik dövlət olan İsveçrənin təcrübəsindən istifadə etmək olardı. Bu ölkədə çətin problemlərin həllini referendumların öhdəsinə buraxırlar.

Məsələ bundadır ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlər təkcə Azərbaycana görə pisləşməyib. Ermənistanın Türkiyəyə qarşı torpaq iddiası və dırnaqarası soyqırımı tanımaq tələbləri var. Bu addım Türkiyə üçün çox mühümdür. Elə bu səbəbdən referendum keçirmək olardı. Bu daha çox düşünülmüş siyasət təsiri bağışlayardı. İndiki vəziyyətdə isə məlum deyil ki, təşəbbüs kimindir - bir qrup siyasətçinin və iş adamının, yoxsa cəmiyyətin böyük əksəriyyətinin?

Bəlkə indiki vəziyyətdə iki respublikanın – Ermənistanın və Azərbaycanın əhalisinin mentalitetinin də prosesə təsiri az rol oynamır. Azərbaycanda təəssüf ki, kiçik və ardıcıl addımlar vasitəsilə nəyəsə nail olmağın mümkün olduğuna inanmırlar. Amma Ermənistan həmişə kiçik və ardıcıl addımlar vasitəsilə nəyəsə nail olur. Bunu sübut etmək üçün onlarca fakta müraciət etmək olar.

Yaranmış vəziyyətdə Azərbaycan rəsmiləri məşhur formullarını – «bir millət iki dövlət» formulunu yada salmaqdan başqa bir yol tapmadı. Çox maraqlıdır ki, bu günlərdə Bakıda türkdilli ölkələrin parlament assambleyası keçirilir. Diqqət yetirin: məhz türkdilli xalqlar! Bəlkə türk xalqları demək daha düzgün olardı!? Azərbaycanın və Orta Asiyanın despotik liderləri bunu etmir və etməyə cəsarət tapmır. Bu regionda hələ keçmiş SSRİ-nin formulları ilə yaşamağa üstünlük verirlər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG