Keçid linkləri

Təcili xəbərlər

Atəşkəs müharibəsi


«Münaqişə bölgəsində atəşkəs son aylar niyə tez-tez pozulur», – bu Azərbaycan və Ermənistan ictimaiyyətinin, o cümlədən Cənubi Qafqazdakı prosesləri diqqətlə izləyən beynəlxalq təşkilatların cavabını axtardığı ən aktual suala çevrilib. Təsadüfi halları çıxmaq şərtilə atəşkəsin pozulması müəyyən qanunauyğunluğa tabedir.

PSİXOLOJİ SİLAH ALƏTİ

İyun ayının əvvəllərində Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli görüşü oldu. Müzakirələr nəticəsiz qaldı. Prezidentlər bu görüşdən elə yenicə ayrılmışdılar ki, təmas xəttində toqquşma baş verdi və hər iki tərəf itkilərə məruz qaldı.

Və ya Rusiya prezidentinin Bakıya səfərindən öncə, avqustun 31-də cəbhə bölgəsində atəşkəs pozuldu, yenə itkilər qeydə alındı. Və növbəti itkilərlə müşahidə olunan sonuncu atəşkəs pozuntusu da Medvedevin adı ilə bağlı oldu. Rusiya prezidenti Bakını tərk etməyə hazırlaşırdı ki, toqquşma xəbəri gəldi. Hər iki tərəfdən yenə itkilər var idi.

Bütün bunlar ondan xəbər verir ki, təmas xəttində bir çox hallarda atəşkəsin pozulması geosiyasi iradə nümayişi ilə bağlıdır. Atəşkəsin pozulması faktiki psixoloji silah alətinə çevrilib. Tərəflərdən biri, gah da o birisi qarşı tərəfə bəzən gücünü, bəzən də siyasi iradəsini nümayiş etdirməyə çalışır. Əslində, bu normal bir prosesdir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş yoxdursa, demək tərəflər daima alternativ yollara baş vuracaqlar. Atəşkəsin mütəmadi və ya fasilələrlə pozulması bu alternativ yollardan biridir.

Atəşkəsin pozulması hallarının birində Dağlıq Qarabağ separatçıları 4 əsgərini itirdi. Bu separatçılara işarə idi ki, əgər «müstəqillik» tələblərindən geri çəkilməsələr, problemləri daha da artacaq.

Separatçıların üzləşdiyi son itki yerli əhalinin gələcəkləri üçün təşviş hissini artırdı ki, Serj Sarkisyan dərhal Xankəndinə yollandı
Görünür, separatçıların üzləşdiyi son itki yerli əhalinin gələcəkləri üçün təşviş hissini artırdı ki, Ermənistan prezidenti Serj Sarkisyan dərhal Xankəndinə yollandı, hərbi hospitaldakı yaralıları ziyarət etdi. Səfərdə məqsəd əhalinin təşvişinin qarşısını almaq idi. Bunun əvəzinə separatçılar qətlə yetirdikləri Azərbaycan zabitini artıq neçə aydır geri qaytarmaqdan imtina edirlər.

Son toqquşmada həlak olan daha bir Azərbaycan zabitinin meyiti də separatçıların əlinə keçib. Onların şəkillərini internet şəbəkəsində yayan separatçıların zabitlərimizin meyitlərini geri qaytarmaması da psixoloji savaşın tərkib hissəsidir. Böyük ehtimalla separatçılar bununla Azərbaycanın güc nümayişindən və diplomatik təzyiqlərindən çəkinmədiklərini sübut etməyə çalışırlar.

SƏRHƏDDƏ 6 ATƏT NÜMAYƏNDƏSİ AZDIR, BƏS NECƏ OLMALIDIR?

Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulması ilə müşahidə olunan psixoloji savaş davam edərkən, vasitəçilər, bölgədə marağı olan dövlətlər və beynəlxalq təşkilatlar narahat olmağa başlayıblar. Cəbhədə atəşkəsin son pozulması faktının qeydə alınması ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanaunun və Avropa Birliyinin Cənubi Qafqaz üzrə təmsilçisi Piter Semnebinin səfəri bir oldu.

Piter Semnebi narahatlığını konkret izahla ortaya qoydu. Avropa Birliyinin təmsilçisi «Reuters» agentliyinə müsahibəsində cəbhə bölgəsində atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması üçün orada daha çox beynəlxalq müşahidəçilərin yerləşdirilməsi zərurətini vurğuladı. O, sərhəd bölgəsində monitorinqlə məşğul olan 6 ATƏT nümayəndəsinin az olduğunu bildirdi.

Bölgədə vəziyyətin nəzarətdən çıxa biləcəyini deyən Semnebi hər iki tərəfdən olan əsgərlərin əsəblərinin tarıma çəkildiyini misal çəkdi.

ATƏŞKƏSİN POZULMASI ENERJİ RESURSLARININ MƏRKƏZİ OLAN BÖLGƏNİ NƏZARƏTDƏN ÇIXARA BİLƏR

Piter Semnebi
Piter Semnebi sonrakı cümləsində narahatlığının əsas səbəbini də izah etdi: «Dağlıq Qarabağda atəşkəsin pozulması enerji resurslarının mərkəzi olan bölgəni nəzarətdən çıxara bilər. Azərbaycanda «British Petrolium», «Exxon Mobil» və «Chevron» kimi nəhəng şirkətlərinin fəaliyyətini nəzərə alaraq Azərbaycandan Qərbə enerji ixracatına təsir edə bilər».

Buna qədər heç vaxt konkret danışmayan Piter Semnebi bu qısa müsahibəsində hər şeyin adını olduğu kimi tələffüz edib. Ən maraqlısı odur ki, Avropa Birliyi təmsilçisi keçmiş vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı jurnalistlərin suallarına cavab verdikdə topu ATƏT-in üzərinə atırdı. Yəni problemin həlli ilə ATƏT məşğuldur, onlardan da soruşun. İndi isə Semnebi ATƏT-dən şikayətçi olduğunu belə gizlətmir.

Semnebinin dediyi kimi, sərhəddə monitorinq aparan 6 ATƏT nümayəndəsi əlbəttə azdır. Cəbhə bölgəsində üz-üzə qalan əsgər və zabitlərin əsəblərinin dəmirdən olmadığı da doğru qeyddir. Və ən başlıcası bölgədə genişmiqyaslı hərbi əməliyyatlar başlayarsa, enerji resurslarının ixracında bəlli problemlərin yaranacağı fikrində də Semnebi haqlıdır. Başqa cür ola da bilməz. Qərbi neft və qazın fasiləsiz dünya bazarlarına daşınması daha çox narahat edir.

Ancaq atəşkəsin pozulması hallarının artmasından xeyli narahat görünən Semnebi müsahibəsinin heç bir yerində «münaqişəni qısa müddətdə sülh yoluyla həll etmək üçün bütün imkanlar səfərbər olunmalıdır» kimi bir cümlə də işlətməyib. Məsələ burasındadır ki, münaqişənin həllinə yaxınlaşmadan tərəflər nə atəşkəsə riayət edəcəklər, nə də bölgədə gərginliyin azalması ilə enerji resurslarının ixracatının təhlükəsizliyindən danışmaq mümkün olacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG