Keçid linkləri

Təcili xəbərlər

Qəzetlərin nə vaxtsa 500 min manatı olubmu?


Sağlam düşüncədən çıxış edəndə görürsən ki, qanundan savayı həm də bir məntiq olmalıdır, ya da qanunlar məntiqə zidd olmamalıdır. Vaxtilə rusiyalı siyasətçilərdən biri - artıq unudulmuş A. Lebed qəzetlərin birini məhkəməyə vermişdi. Amma nə qədər təzminat qoymuşdu? Cəmi bircə rubl! O saat hiss olunurdu ki, bu insanın mətbuata qarşı hər hansı bir qərəzi yoxdur, sadəcə məqsədi özünün doğru olduğunu sübut etməkdir. Başqa bir misal. Avropa İnsan Haqları Məhkəməsi dövlətlərə qarşı təzminat müəyyənləşdirir. Görün orada fantastik məbləğlər olurmu? Xeyr, olmur. Niyə? Çünki adi məntiq var. Məhkəmələr adi mühasibat idarəsi olmasa da, hətta hakimlər də başa düşür ki, hər şeyin, o cümlədən də təzminatların bir ölçüsü olmalıdır. Ona görə də hakimlər hansısa iddianı təmin etməmişdən əvvəl onu normal bir halla və sağlam məntiqlə uzlaşdırmalıdır. Məsələn, hakim də başa düşməlidir ki, 500 min manatı hətta ölkənin bütün qəzetləri bir yerə toplaşsalar belə, ödəmək iqtidarında deyillər. Bu baxımdan heç də təəccüblü deyil ki, ölkənin bütün jurnalistləri yenidən bir həyəcan yaşayırlar. İki qəzetə qarşı 500 min manat təzminat irəli sürmək cəhdi var. Sonra da deyirlər ki, bizdə siyasi sifarişli məhkəmə prosesləri olmur... Məgər belə cəhdin özü sifarişli prosesin bariz bir nümunəsi deyilmi?
Hər jurnalistin ürəyində bir senzor oturub, bir çox peşəkar jurnalistlər yazmır, yazanlar isə sanki «üfürə – üfürə» yazırlar. Bunun adını «məsuliyyətli» və hətta «peşəkar» jurnalistika qoyublar, əslində isə bütün bunların bir adı var: qorxu


DİFFAMASİYA HAQQINDA QANUN NİYƏ QƏBUL EDİLMİR?


Hakimiyyət adamları bu qanunun qəbul edilməməsini əsaslandırmaq üçün minlərlə bəhanə gətirirlər. Gah başqa ölkələrin «təcrübə»sini, gah bu qanun qəbul ediləcəyi təqdirdə vətəndaşların mətbuat qarşısında tamam əliyalın, müdafiəsiz qalacağını, gah da ölkədə artıq heç bir jurnalistin yazısına görə məsuliyyət daşımadığını, bu xüsusda bir cinayət təqibinin olmamasını əsas gətirirlər. Guya ki, ölkədə yazıya görə jurnalistin və ya hansısa KİV-in təqib edilməsinə moratorium qoyulub. Bəs onda niyə belə hallar yenidən təzahür edir? Buradan belə çıxmırmı ki, bu «moratorium»un heç bir hüquqi qüvvəsi yoxdur?

HƏTTA RUSİYA YENİDƏN DƏYİŞMƏK İSTƏYİR...


V. Putinin hakimiyyətə gəlişi ilə Rusiya çox avtoritarlaşmışdı. İndi prezident D. Medvedev vəziyyəti düzəltməyə cəhd edir. Bu günlərdə belə bir məlumat yayıldı ki, Rusiya dövlət KİV-nin hamısını dövlətsizləşdirmək, yəni satışa çıxarmaq istəyi var. Azərbaycanda da dövlət qəzetləri, elektron informasiya vasitələri var, üstəlik hətta bəzi müstəqil qəzetlərin və elektron informasiya vasitələrinin demək olar ki, hamısı dövlətin ciddi nəzarəti, təzyiqi altındadır. Hazırda Azərbaycanda əks tendensiya hiss olunur – müstəqil KİV-ləri tamam sıradan çıxarmaq istəyirlər. Əslində parlament seçkilərindən sonra bunun baş verəcəyi gözlənilirdi. Bu ölkədə faktiki olaraq iki müxalifət qəzeti var. İki qəzeti sıradan çıxarmaq, qapatmaq hakimiyyət üçün nə problemdir ki?

HAKİMİYYƏT MÜBARİZƏ «PRİORİTETLƏRİ»Nİ DƏYİŞİB?


Bəli, bu, çoxdan baş verib. Artıq bir neçə ildir ki, hakimiyyət ancaq qəzetlər və jurnalistlərlə mübarizə aparır. Eynulla Fətullayevin min cür bəhanələr ilə azadlığa buraxılmaması bu mübarizənin göstəricisi deyilmi? Hərəni bir motiv ilə təqib edirlər, amma motivlər çox müxtəlif olsa da məqsəd və dəsti – xətt eynidir, hədəfdə jurnalistlər və bir də jurnalistikadır. Bu ölkədə zaman keçdikcə jurnalistlər özlərini daha narahat hiss edirlər, bəlkə, heç kriminal aləmin nümayəndələrində də belə narahatlıq yoxdur, onlar belə özlərini bu ölkədə daha rahat hiss edirlər, nəinki jurnalistlər. Hər şey qarma – qarışıq və əcaib bir yuxuya bənzəyir. Amma yuxuların bir cəhəti var ki, onlar əbədi davam etmir, qurtarır. Bu yuxu isə qurtarmaq bilmir... Bu yuxular S. Dalinin təsvir etdiyi sürrealist rəsmlər kimidir. Amma bir ciddi fərq var ki, S. Dalinin rəsmləri bu cür qorxutmurdu, onlar insanları heyrətləndirir, vəcdə gətirirdi, bu yuxular isə qorxudur və qorxudur. Artıq hər jurnalistin ürəyində bir senzor oturub, bir çox peşəkar jurnalistlər yazmır, yazanlar isə sanki «üfürə – üfürə» yazırlar. Bunun adını «məsuliyyətli» və hətta «peşəkar» jurnalistika qoyublar, əslində isə bütün bunların bir adı var: qorxu, bəli, qorxu...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG