Keçid linkləri

Təcili xəbərlər

«Rusiya, yoxsa Qərb» sualının cavabı Azərbaycanın hərbi doktrinasındadır


Səfər Əbiyev və İlham Əliyev
Səfər Əbiyev və İlham Əliyev
Azərbaycanın xarici və təhlükəsizlik siyasətində seçim etməsi vacibliyinin aktuallığı hər keçən gün artır. Rusiya Qəbələdə yeni modul stansiya yerləşdirməklə hərbi bazasının statusunu artırmaq istəyir. O biri tərəfdən də NATO Azərbaycanla əməkdaşlığı yeni mərhələyə qaldırmağa həvəslidir. Ancaq rəsmi Bakı hələ ki, nə Moskva, nə də Brüsselə konkret cavab verə bilir. Halbuki, Azərbaycanın hərbi doktrinasında necə hərəkət etməyin yolu göstərilib. Rəsmi Bakı özünün qəbul etdiyi sənədə riayət etsə, bütün mürəkkəb suallara cavab tapılacaq.

TƏHLÜKƏLƏRİN ÜNVANINI GÖSTƏRƏN SƏNƏD

Azərbaycanın təhlükəsizliklə bağlı 3 sənədi var – «Milli təhlükəsizlik haqqında» qanun, milli təhlükəsizlik konsepsiyasıhərbi doktrina. «Milli təhlükəsizlik haqqında» qanun 2004-cü ildə, milli təhlükəsizlik konsepsiyası 2007-ci ildə, hərbi doktrina isə 2010-cu ildə qəbul olunub.

Azərbaycanın hərbi doktrinasını bir daha diqqətlə nəzərdən keçirdim. Sənəddən çıxan nəticə budur ki, Azərbaycan NATO-ya üzv olmağı qarşısına məqsəd qoymasa da, Şimali Atlantika Bloku ilə sıx əməkdaşlığı hədəf götürüb və ən əsası bölgədə mövcud təhdidlərin ünvanını göstərib. Hərbi doktrinada Rusiya və İranın adına rast gəlinməsə də, bu iki ölkənin bölgədəki destruktiv fəaliyyətinə dair müxtəlif eyhamlar var. Məsələn, sənədin II bölməsinin 11-ci bəndində deyilir: «Ayrı-ayrı dövlətlər və qeyri-dövlət subyektlərinin kütləvi qırğın silahlarını və onların çatdırılma vasitələrini əldə etməyə yönəlmiş səyləri bu tipli silahların yayılmaması rejimini təhlükə qarşısında qoyur». «İkitərəfli və çoxtərəfli hərbi-siyasi əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təhlükəsizliyə töhfə verilməsi» bəndində də oxşar fikrə yer verilib: «Kütləvi qırğın silahlarının yayılmasının, işlənib hazırlanmasının, istehsalının, toplanmasının, əldə edilməsinin, saxlanılmasının və ötürülməsinin qarşısının alınmasında iştirak edilməlidir».

Bu bəndlərin İrana aid olduğu aydındır. Bu gün beynəlxalq aləm məhz İranın nüvə silahı əldə etməsindən ehtiyatlanır və buna qarşı tədbirlər həyata keçirməyə çalışır.

Doktrinanın «Azərbaycan Respublikasının yerləşdiyi regionun təhlükəsizlik mühitinə aşağıdakı amillər təsir edir» adlı 13-cü bəndində isə belə bir cümlə var: «Hərbi-siyasi xarakterli,
Rus tankları Gürcüstanda, 19 avqust 2008
Rus tankları Gürcüstanda, 19 avqust 2008
o cümlədən təcavüzkar separatizmlə şərtlənən həll olunmamış münaqişələrin mövcudluğu təhdid yaradır». Başqa sözlə, Rusiya Gürcüstanın ərazi bütövlüyünə zidd olaraq Abxaziya və Cənubi Osetiyanı işğal etməklə separatçıları tanıyıbsa, bunun həm bölgə, həm də Azərbaycan üçün mənfi təsirləri var.

Sənəddə Rusiyanın bölgədəki destruktiv fəaliyyətinə işarə edən daha bir bənd var: «Avropada adi silahlı qüvvələr haqqında» 1990-cı il Müqaviləsinin və «Etibarın möhkəmləndirilməsi və təhlükəsizlik tədbirləri üzrə danışıqlar haqqında» 1999-cu il Vyana Sənədinin inspeksiya fəaliyyəti ilə əhatə olunmayan, uçota alınmayan və nəzarət edilməyən silah-sursat və hərbi texnika toplanmışdır».

Qeydə alınmayan silahları Dağlıq Qarabağa Ermənistan ötürür. Qonşu dövləti eyni adlı silahlarla isə Rusiya təchiz edir. Azərbaycan hakimiyyəti son illərdə Rusiyanın Ermənistana qeyri-qanuni silah ötürməsi ilə bağlı bir neçə dəfə Moskvaya nota göndərib. İndiyədək Rusiya Ermənistana qeyri-qanuni olaraq 2 milyard dollar həcmində silah-sursat ötürüb.

Sənədin «Əsas xarici hərbi və siyasi təhdidlər aşağıdakılardır» bəndinin ümumiləşmiş hissəsində deyilir: «Regional hərbi tarazlığın pozulması və müdafiə yetərliyi həddindən kənara çıxması, o cümlədən regionda və ya Azərbaycan Respublikasının dövlət sərhədlərinin və ərazi sularının bilavasitə yaxınlığında hərbi bazaların yaradılması, qoşun qruplaşmalarının cəmləşdirilməsi və silahlar artırılmalıdır».

Bu bənd də Rusiyanın Ermənistana hərbi dəstəyinə işarədir. Belə olan halda, rəsmi Bakı hərbi doktrinaya istinad edərək, Qəbələ RLS-lə bağlı köhnə anlaşmanı uzatmamalı, yeni modulların yerləşdirilməsinə imkan verməməlidir.
Serj Sarkisyan Dağlıq Qarabağda təlimləri izləyir
Serj Sarkisyan Dağlıq Qarabağda təlimləri izləyir
Digər tərəfdən, hərbi doktrina NATO ilə əməkdaşlığı və inteqrasiyanı indikindən daha üst səviyyəyə qaldırmağı diktə edir.

QONŞULARIMIZIN HƏRBİ DOKTRİNALARINDA NƏLƏR VAR?

Ermənistanın milli təhlükəsizlik konsepsiyası ilə hərbi doktrinasının əsas istiqamətlərini belə ümumiləşdirmək olar: Ermənistan Dağlıq Qarabağdakı separatizmin təminatçısı və dəstəkçisidir, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi ilə strateji tərəfdaşlığa üstünlük verilir. Sənəddə vurğulanıb ki, Ermənistanın NATO ilə əməkdaşlığı Rusiya ilə strateji müttəfiqliyə və Kollektiv Təhlükəsizlik Müqaviləsindəki üzvlüyünə zərər vurmamalıdır. Göründüyü kimi, Ermənistan sənəddə qeyd edilənlərə sadiqdir.

Gürcüstanın milli təhlükəsizlik konsepsiyası ilə hərbi doktrinasının yeni mətnlərində isə Rusiyadan gələn təhlükə ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin varlığı və Şimali Qafqazdakı duruma da diqqət yetirilib. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin varlığı bölgə sabitliyi üçün əsas təhlükələrdən biri kimi qiymətləndirilib. Azərbaycan Gürcüstanın strateji tərəfdaşı, Ermənistan isə Gürcüstanla əməkdaşlıq edən ölkə kimi dəyərləndirilir.

Beləliklə, Azərbaycan, Gürcüstan və Ermənistanın milli təhlükəsizlik və hərbi doktrinalarının müqayisəli təhlilini aparsaq, Tbilisi və Yerevanın xarici və təhlükəsizlik siyasətlərini qəbul etdikləri sənədlər əsasında qurduqlarını, Bakının isə konsepsiyalarla reallıq arasında vurnuxduğunu, qərar verməkdə çətinlik çəkdiyini görərik.

Bunlar müəllifin şəxsi təhlillərinin nəticələridir.
XS
SM
MD
LG