Keçid linkləri

Təcili xəbərlər

Biz bizə nədən maraqlı deyilik


Rəhman Bədəlov
Rəhman Bədəlov
-
RƏHMAN BƏDƏLOVUN KİTAB PREZENTASİYASINDA BİR SİTAT

Bu günlərdə Azad Fikir Universitetində (AFU-da) parlaq düşüncə adamı - professor Rəhman Bədəlovun rusca çıxmış «Zərdablı kişi» kitabının təqdimat mərasimi idi. Kitabı «Qanun» nəşriyyatı çıxarıb, indi oxumaqdayam və oxuduqca şərəflənməkdəyəm. Bəlkə bitirəndən sonra onu yazıya aldım.

Prezentasiyada Rəhman Bədəlovun çox düşündürücü çıxışında «virtual barmaqları» dostların fikirlərində gəzişəndə, mənim də bir düşüncəmə toxunaraq ordan öz notunu çıxardı. Həmin düşüncə bu idi ki, «bizim mədəniyyət bizə maraqlı deyil». Rəhman söylədi ki, Niyazi mədəniyyətimizin uğursuzluqlarına görə bu sözləri demişdi. Mən isə həmin deyimə başqa anlamları qoyardım. Ancaq bu, başqa söhbətin mövzusudur.

EPATAJ CÜMLƏNİN AÇIMI

Söz mənə çatanda, həmin düşüncəmin kontekstini canlandırdım. Prof. Əli Abbasov Akademiyada Fəlsəfə institutunun direktoru olanda, başına yığışmışdıq ki, azəri mədəniyyəti ilə bağlı hansı yöndə araşdırmalar aparaq ki, çeynənmiş fikirlərdən, bataqlıq məkanından qurtulaq. O zaman mənimlə Moskvada oxumuş bir nəfər səliqə ilə Azərbaycan mədəniyyətinin cədvəlini cızdı. «Cədvəl» onun üçün deyirəm ki, mədəniyyətin dürlü tərəflərini xanalara düzdü. Məsələn, mədəniyyətdə şou proqramlar, institutlar, milli dəyərlər və s. Düzdü ki, kulturoloji araşdırmaların stratejisini görüntülü «xəritədə» cızsın. Bax, o zaman mən qayıtdım ki, bəlkə bu sxolastik stratejini saxlayıb adi bir suala cavab tapaq: nədən bizim mədəniyyət bizə maraqlı deyil?

Sorunu qəsdən belə provokativ qoymuşdum ki, bizi tərpətsin, silkələsin. Bu sualda Azərbaycana heyranlığın «əbədi kayfında bulunub» vətən ritorikasını öz axmaqlıqlarını görünməz edən pərdəyə çevirmiş adamların «bicliyinə» acıq vardı. Sualı belə qoyanda onu da demək istəyirdim ki, Azərbaycan mədəniyyətinə «xəzinə» durğunluğunda baxmaq düz deyil. Yəni nə desən, nə soruşsan, qapını açıb ordan çıxaracam və sübut edəcəm ki, bizdə kültür yoxsulluğu yoxdur. Bəs yoxdursa, bu qədər yoxsul mənəviyyatlar haradandır?! Mənəvi varlanmaq üçün rusca danışan bu qədər gənc haradandır?

Niyazi Mehdi
Niyazi Mehdi
MİLLİ MƏDƏNİYYƏTƏ NƏFƏSLİ YANAŞMA

AFU-da qəsdən qıcıqlandırıcı diskursumu açmaq üçün «nəfəs» sözünü köməyə çağırdım. Söz sami dillərdən gəlib, məsələn, əski yəhudi dilində (ibranicədə) «nefeş» ruhu, türkdəki qutu bildirir. Ərəbcənin «nəfs» sözü eynən o cürdür. Rusların «dux»dan fərqlənən bir «duşa» sözü var. «Dux» Tanrıya, bütün evrənə (dünyaya) aiddir, «duşa» isə fərdin ruhudur. Sibir türklərində «duşa»ya «iççi» (yəni içlə bağlı olan) deyirdilər. Ancaq ilgincdir ki, Nəsrəddin Tusi kimi filosoflarımızda «nəfs» geniş araşdırılsa da, danışığımızda «nəfəs» sözündə qaldı, bir də «nəfsi pisdir» kimi deyimlərdə. Dillimizdə «nəfs» ruscanın «duşa»sı kimi verimli, produktiv olmadı.

Çıxışda Azərbaycan mədəniyyətini ilginc etmək üçün onu ruhun ruhuna tutmaq məsələsini söylədim və dedim: uzun illər Zeynəb Xanlarova Azərbaycandan danışanda «A» saitini nəfəslə deyirdi ki, bununla Azərbaycanı ruhunun dərinlərindən gələn göstərsin. Mən belənçi formal yollarla azəri mədəniyyətini ruha, quta tutub maraqlı, ilginc etməkdən danışmıram. Ancaq insan hətta Allahdan qopmağa, Ondan azıb Ondan uzaq düşməyə, Onu unutmağa məhkumdursa, niyə də eyni hal milli mədəniyyətlə ilgili olmasın?! Ünlü alman ilahiyyatşünası Bultman deyərdi ki, insanın Allahı bilməsi vurma cədvəlini bilib özündə daşıması kimi deyil. İnsanın Allahı bilməsi ekzistensial anlarda baş verir. Məsələn, birdən özündə Allahdan dəhşətli qorxu duyanda, sevgi duyanda, Ona dəhşətli minnətdarlıq duyanda. Belənçi anlarda Allahı bilir və yaşayır. Başqa məqamlarda isə sanki Tanrını tanıyır, ancaq Tanrı ilə yaşamır, Ona soyuq qalır. Mədəniyyətimiz də o cürdür. Biz çox vaxt onun içində bulunsaq da onu yaşamırıq, ona soyuq qalırıq. Bax, ona görə də insanı milli mədəniyyətə indiffirentlikdən (fərqinə varmamaqdan) çıxarmağın dürlü yolları və aracları var. Milli yığma matçı udanda, fanatlar uduşun sevincində və mutluluğunda milli mədəniyyəti şiddətdə duyurlar və ona maraqsızlıq durumundan çıxırlar. Rəhman Bədəlovun «Zərdablı kişi» kitabı də elənçinədir.
Alim Qasımov
Alim Qasımov
Burada nə qədər qüssəli epizodlar olsa da, oxu zamanı azəri mədəniyyəti sənə çox ilginc görünür.

MARAQLI ETMƏKDƏ İXTİSASLAŞMIŞ MEXANİZMLƏR

Deməli, mədəniyyətimizdə bizi bizə maraqlı edən və etməyən hallar, olaylar, tekstlər, diskurslar var. Mirzə Cəlili, Sabiri biz çox sevirik, güman ki, gələcək insanlarımız da sevəcək. Ancaq onların yaradıcılığı əlindən gələni edirdi ki, bizi bizə, dünyamızı bizə, bizi dünyaya maraqlı etməsin. Hərçənd bir paradoks var. Əllərindən gələni etdilər ki, Azərbaycan mədəniyyətini bizə maraqlı etməsinlər, ancaq bu mədəniyyətin böyük simaları qismində mədəniyyəti bizə maraqlı etdilər: mənim Azərbaycan sevgimdə, Azərbaycana marağımda Mirzə Cəlil, Sabir əsas maqnetik kəslərdir.

Maraqlanma halı uzun sürən hal deyil. Hətta Məkkə əhli də Kəbəyə alışmış durumdadır. Bu, bütün qutsal şəhərlərin dərdidir ki, camaatı sakral (İlahi) məkanda qala bilmir. Ona görə də mədəniyyətdə tarix boyu elə mexanizmlər formalaşıb ki, amacları onu ilginc etməkdir. Gəlin Azərbaycanı söyək, Azərbaycan insanından ikrah edək, Azərbaycan müğənnisinin bayağılığından ət tökək. Ancaq, axı, Azərbaycanı ilginc edən Rəhman Bədəlov da var. Alim Qasımov da var.

Eşq olsun Azərbaycanı azərbaycankılara maraqlı edən saysız olaylara, adamlara. Qəhr olsun Azərbaycanı azərbaycankılara darıxdırıcı edən adamlar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG