Keçid linkləri

Təcili xəbərlər

Kağız medianın aqibəti...


Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev
-

...Azərbaycanda qəzet jurnalistləri öz peşələrinə həmişə ikinci dərəcəli bir şey kimi baxıblar, çünki qəzetdə bircə məqaləsi çıxan adam dərhal özünü jurnalist yox, siyasətçi hesab edib...


Hüseynbala Səlimov


KAĞIZ MEDİANIN AQİBƏTİ...


Bir vaxtlar insanlar daş, gil lövhələr üzərində yazırdılar. Sonra kağız meydana çıxdı. İndi budur, kağızın da ömrü bitməkdədir. İnsanlar yenə də lövhələrə qayıtmaq əzmindədirlər. Amma bunlar adi lövhələr olmayacaq və bu gün əslində heç kim bilmir ki, bu lövhələr necə adlanacaq - nano-lövhələr, yoxsa bir başqa cür?

Məsələ adda deyil. Ad da tapılacaq. Əsas odur ki, bu mövzu bizə o qədər maraqlı göründü ki, siyasətin mürəkkəb, ziddiyyətli suallarını bir tərəfə qoyaraq onun haqqında yazmaq qərarına gəldik.

Həm də siyasət öz iddiaları ilə yorub. Hansı məsələyə müraciət edirsən, bəlli olur ki, bəli, o məsələnin meydana çıxması böyük sosial sifariş imiş. Amma azacıq təhlil aparmaq kifayətdir ki, əmin olasan ki, «sosium»un bütün o məsələlərdən heç xəbəri yoxdur, zərrə qədər olsun belə onun fərqində deyil…

«WASHINGTON POST»U NİYƏ UCUZ SATDILAR?

Bu mövzu isə ABŞ-ın iki əsas qəzetindən birinin - «Washington Post»un satılması haqdakı xəbərdən doğdu. Qəzeti ABŞ meyarlarına görə çox ucuz qiymətə - 250 milyon dollara satıblar.

Bizim anlamımızda bu, fantastik qiymətdir. Amma amerikalılar bununla razı deyil. Onların fikrincə, qəzet dəyər-dəyməzinə satılıb.

Nə isə. Əsas bu, deyil. Başqalarının pulunu saymaqdan mənasız iş yoxdur. Əsas odur ki, qəzeti alan iş adamı daha çox onun İnternet versiyasına vurğu edəcəyini bildirib.

Arxiv foto
Arxiv foto
Elə qəzetlərin ölümü məsələsi də buradan yarandı. Ekspertlər cəmi 20 il deyir, 20 il vaxt verirlər. Bu müddət ərzində kağız media-qəzetlər, jurnallar tam sıradan çıxacaq. Amma burada fikirlər haçalanır.

Bəziləri iddia edir ki, qəzetləri tamamilə İnternet əvəz edəcək. İnsanlar bütün məlumatları, onları maraqlandıran yozumların hamısını İnternetdən oxuya biləcəklər.

Digərləri isə buyururlar ki, yox, qəzetlərin yerini, daha doğrusu, kağızın yerini yeni texnologiyalar - nano-lövhələr tutacaq. Bu lövhələr kağızdan da nazik olacaq, amma onların üzərində hətta video materiallar yerləşdirmək mümkün olacaq.

Bunlardan hansının daha real olduğunu zaman göstərəcək. Amma biz özümüz də artıq bəzi «proqnozlar» verə bilərik.

DAHA ƏLLƏRDƏ QƏZET GÖRÜNMÜR…

Metroda, avtobusda çox nadir halda əlində qəzet olan adam görərsən. Çox üzücü və darıxdırıcı mənzərədir. Amma nə etmək olar? Əvəzində əlindəki telefonları qurdalayanların, hətta özü ilə «noutbuklar»ını daşıyanların sayı günbəgün artır. Bu gün hətta Azərbaycanda İnternet istifadəçilərinin sayı bütün qəzetlərin tirajlarının cəmindən qat-qat çoxdur.

Dünya sürətlə elektronlaşır. Adam heç özü də bilmir ki, bu prosesə necə baxsın, ona sevinsin, ya kədərlənsin? Bu məsələdə də gərək başlıca cəhətləri müəyyən edəsən. Təbii ki, jurnalistika qalacaq. Amma o, bütünlüklə elektron mediaya çevriləcək. Elə indinin özündə görürsən ki, saytlarda video olanda oxucular belə materiallara daha çox baxırlar.

Arxiv foto: qəzet nəşri
Arxiv foto: qəzet nəşri
Amma qəzet həm də əmtəə idi - o satılırdı və pul gətirirdi, reklam yayırdı və bunun əvəzində kapital yığırdı. İndi necə olacaq?

İnternet maliyyə gətirə biləcəkmi? Bu sualı hansısa qərbli eşitsə ona gülər və fikirləşər ki, görən, biz hansı əsrdən gəlmişik?

Qərbdə İnternet çoxdan pul gətirir. Elə saytlar var ki, gəlirləri milyonlarla ölçülür. Burada təkcə sosial şəbəkələrin sahiblərini xatırlamaq yetər - onlar bu yolla hətta milyardlar qazandılar.

Amma bu biznes bəzi ölkələr üçün hələ bir qədər anlaşılmazdır. Azərbaycan da bu mənada istisna deyil. Bəli, qəzetlərin, demək olar, hamısının elektron versiyası var. Amma çox az qəzet öz elektron versiyası ilə öyünə bilər. Əsas da bu yolla pul qazanmaq məsələsi onlar üçün bir növ fantastikadır.

QƏZETÇİSƏN, YOXSA SİYASƏTÇİ?

Açığını etiraf edək ki, Azərbaycan qəzetlərinin bəxti hətta kağız medianın gücdə olduğu vaxtlarda da çox gətirmədi. Bunun obyektiv səbəbləri var. Zira bizə elə gəlir ki, bunun bir əsas səbəbi də var ki, daim onun haqqında susurlar.

Azərbaycanda qəzet biznesə çevrilmədi. Bəlkə də bunu onunla izah etmək olardı ki, Azərbaycanda qəzet jurnalistləri öz peşələrinə həmişə ikinci dərəcəli bir şey kimi baxıblar, çünki qəzetdə bircə məqaləsi çıxan adam dərhal özünü jurnalist yox, siyasətçi hesab edib. Hətta qəzetlər üçün ən yaxşı dövrdə belə redaktorlar, qəzetçilər bir peşə kimi qəzetçiliklə çox az maraqlanırdılar, onların hamısı özünü ya hansısa partiyanın, birliyin funksioneri, ya da ən pis halda ideoloqu hesab edirdilər.

İndi də belədir. Müstəqil qəzetlərin az-çox oxucusu var. Amma hakimiyyətə yaxın qəzetlərin adları belə unudulub. Amma bu qəzetlərdə çalışanlar bunun fərqində deyillər, çünki qəzet satıldı-satılmadı, bu, onların maddi halında elə bir dəyişiklik yaratmır – nəinki maaş, hətta mənzil də alırlar.

Onlara da elə gəlir ki, cəmiyyəti nə düşündürdüyünün onlar üçün elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, onlar «radikal müxalifət»in qarşısında dağ kimi dayanıblar.

Burada bir fikri necə xatırlamayasan? 70 il bu ölkədə deyilib ki, qəzet kollektiv təbliğatçı və təşviqatçıdır. 22 ildir ki, belə demirlər, amma hələ də belə düşünürlər…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG