Keçid linkləri

-
Ukrayna ilə bağlı dördtərəfli siyasi məsləhətləşmələri özündə ehtiva edən Cenevrə danışıqları hələ bir müddət də diqqətdə olacaq, baxmayaraq ki, əldə olunmuş ilkin razılaşmalara rəğmən Ukraynanın şərqində gərginlik hələ də davam edir.

Üstəlik, danışıqlar prosesində Krım məsələsinə, ümumiyətlə, toxunulmadı. Tərəflərin bəzisi bunu belə yozdu ki, Krım məsələsinə indi toxunulmaması o demək deyil ki, məsələ gələcəkdə də danışıqların predmeti olmayacaq.

Amma belə vədlərə rəğmən demək olar ki, Rusiya özünün məqsədinə qismən nail oldu-Ukraynanın şərqində baş verən proseslər müvəqqəti də olsa Krım məsələsini arxa plana keçirdi.

Düzdür, Rusiya şərqi Ukraynada baş verən proseslərdə özünün hər hansı iştirakı olmasını qətiyyətlə inkar edir, amma bu ölkənin söz azadlığının azacıq da olsa gözlənildiyi media strukturlarında belə iştirakın olmasını inkar etmirlər-şərqdə etirazların önündə gedənlər adi, mülki insanlara qətiyyən bənzəmirlər...

Qərəz, problem olduğu kimi qalır. O nə vaxt və necə çözüləcək, bu, artıq zaman məsələsidir. Ukrayna ölkənin bir hissəsində fövqəladə vəziyyət elan edə bilmir, çünki bu, may ayında keçiriləcək prezident seçkilərinin legitimliyini şübhə altına alardı. Ukraynada vəziyyətin normallaşması üçün bu seçkilərin müstəsna əhəmiyyəti var. Ölkənin siyasi və iqtisadi inkişafı əhəmiyyətli dərəcədə həmin seçkilərdən asılıdır.

İndi müvəqqəti Ukrayna hakimiyyətinin nümayiş etdirdiyi siyasi təmkin digər ölkələr, xüsusən də Qərb tərəfindən təqdir olunur. Amma vəziyyəti normallaşdırmaq üçün yönələn tədbirləri də həyata keçirmək üçün cəmiyyətdən legitim mandat almaq lazımdır. Ona görə də seçkiləri gözləmək lazım gəlir. Politologiyada deyilir ki, dövlət yeganə zor aparatıdır. Di gəl, bu zor hüququ da legitim olmalıdır, bunu isə seçkilər verir.

ETNİK İRREDENTİZM

İndi Rusiyanın apardığı siyasəti bütün aspektlərdən başa düşməyə çalışırıq. Bu ölkə nə edir? O, bir etnosun məskunlaşdığı bütün əraziləri bir dövlətdə birləşdirməyə çalışır. Bəli, buna elmi politologiyada etnik irredentizm deyilir.
Təcrübə göstərir ki, çox nadir hallarda bir etnos tamamilə bir ərazidə məskunlaşır, bir çox hallarda etnik coğrafiya siyasi coğrafiya ilə eynilik təşkil etmir. Ona görə də irredentizm mahiyyət etibarilə mürtəce fenomendir və prinsipcə adi təcavüzkarlıq və yaxud da təcavüzkarlığa don geydirmək üçün istifadə olunan siyasi metodologiyadır.

Rusiya bu gün Ukraynaya tətbiq etdiyi bu siyasəti eyni uğurla Baltik və yaxud da Qafqaz, ya da ki, Mərkəzi Asiya ölkələrinə də tətbiq edə bilər, ona görə ki, bu ölkələrin də ərazisində rus və ya rus dilli əhali yaşayır. Təsadüfi deyil, indi bu sadalanan dövlətlərin hamısı çox narahat günlər yaşayır.

Qazaxıstan hətta öz etnik xəritəsinin bu nüansını aradan qaldırmaq üçün bir neçə il bundan əvvəl paytaxtını ölkənin şimal bölgəsinə köçürdü, ona görə ki, o ərazilərdə əsasən digər etnik qruplar, xüsusən də etnik ruslar məskunlaşmışdı.

Eyni bir etnosun təmsilçilərinin bir dövlətdə yaşamaq istəyini başa düşmək mümkündür. Amma dünyanın siyasi reallıqları, siyasi xəritəsi də var və dünyada zəncirvari münaqişələrin baş verməməsi üçün onları nəzərə almaq lazımdır.

Həm də multikuturalizm və polietnizm indi müasir dünyanın əsas prinsiplərindən biri hesab olunur, normal dövlət üçün onlarla da hesablaşmaq zərurəti var... Bəs Ukraynadakı rus və rus dilli əhalini Rusiyada nə gözləyir?

SEÇKİDƏN YORULMAQ OLARMI?

Rusiyada media üzərində qeyri-rəsmi qaydada total nəzarət yaradılıb. İnsanları narahat edən məsələləri anlamaq üçün bəzən sətiraltı mənalara da diqqət yetirmək lazım gəlir.

Rusiya böyük və qeyri-demokratik, avtoritar ölkədir. Əgər son vaxtların olaylarından danışsaq, gərək, ilk növbədə mer seçkilərinin ləğv edilməsilə bağlı təşəbbüsü xatırlayaq. Ona görə ki, bunun üçün qeyri-adi səbəb göstərilir: hakimiyyət iddia edir ki, Rusiyada insanlar seçkidən yorulublar!
Təssəvvür edirsinizmi? Soruşmaq lazımdır ki, siz nə vaxt demokratik seçkilər keçirdiniz ki, insanlar da bundan yorulsun?

Dövlətlər var ki, yüz illərdir seçki keçirir və yorulmurlar. Rusiyada isə cəmi 23 ildir ki, seçki keçirilir və artıq məlum olur ki, hətta bu da insanları yorub...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG